Elizbar CAVELİDZE
(əvvəli burada)
“Koroğlu” eposunun birinci boyu bizə Alı kişinin və onun oğlu Rövşənin yarı real-məişət və yarı mistik nağıl sərgüzəştini nəql edir. Ali kişi Həsən xanın təcrübəli və çoxbilmiş ilxıçısı idi. Həyatını gecə-gündüz xanın xidmətində keçirmişdi. Günlərin bir günündə ilxını sürüb dərya kənarına aparanda qəflətən dəryadan iki ayğır at çıxdı. İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Bütün bunları gözləri ilə görən Alı kişini bu hadisə təəccübləndirdi, lakin bu barədə heç kəsə bir söz demədi. Madyanlar daylaq doğdular... Həsən xana Toqat paşası Hasan paşa qonaq gəlir və iki cins ayğır istəyir. Həsən xan ayğırları seçməyi Alı kişiyə tapşırır. Alı kişi isə bu dayları göstərir. Hasan paşa bəyənmədi və istehza etdi. Alı kişi nə qədər istədi onu heç cür əmin edə bilmədi. Nəhayət, ona qalan o oldu ki, Həsən xan daylardan hər birini onun gözünə qiymət elədi və gözlərini çıxartdırdı, dayların hərəsini onun bir qoluna bağlayaraq qapısından qovdu.
Bu xəbər kəndə yayıldı və Alı kişinin oğlu Rövşənə də xəbər çatdı. “Rövşən Rüstəm kimi igid, yeniyetmə cavan bir oğlan idi. On beş, on altı yaşı ya ola, ya olmayaydı. Amma elə güclü, elə qüvvətli idi ki, ağacın budağından yapışsa kökündən çıxardar, öküzün buynuzundan yapışsa yerindən dik qaldırardı” (Bax: “Koroğlu”, səh. 9).
Atasından əhvalatı dinləyən Rövşən qızmış pələngə döndü və onu intiqam hissi bürüdü. Lakin Alı kişi oğlunu əmin edir ki, hələ qisas vaxtı deyil, çünki onun gözlərini bu dayların üstündə çıxarıblar və bu dayların üstündə də gərək mənim qisasım alına. Dərya atının cinsindən olan bu daylara baxmağı onun özünə tapşırır ki, bu da qeyri-adi şəraitdə keçirilir və iki tayı-bərabəri olmayan çox sürətli at alınır. Birinciyə, tayı-bərabəri olmadığından, Alı kişi Qırat adını qoyur, ikincisinə isə Dürat. Qırat sonralar dəfələrlə ölümün cəngəsindən çıxartdığı Rövşənə mehrini salır.
Atların təlimindən sonra Alı kişi oğlunun silahlanması qayğısına qalır və Rövşənin uşaqlıq vaxtı tapdığı qara daşdan qılınc hazırlatdırır. Qılınc, amma nə qılınc, “gün kimi yanır, ay kimi işıq saçır” (Elə orada, səh. 12). Ata bu qılıncı oğluna uzatdı və dedi: “Rövşən, al bu qılıncı belinə bağla. Bu qılınc sən gördüyün qılınclara bənzəməz. Bu elə bir qılıncdır ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan kəsər, tökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan. Bu qılınc ilə müxənnətlər, namərdlər sənin əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan, sədlər dağıdacaqsan. Ancaq bunun ildırım qılınc olduğunu heç kəsə bildirmə. Nə qədər ki, sən Qıratın belindəsən, bu qılınc da sənin belindədir, heç bir düşmən sənə bata bilməyəcək” (Elə orada, səh. 13).
İndiyədək bütün nəql edilənlər aydın şəkildə bizə məlumat verir ki, Rövşənin – Koroğlunun ən güclü olmasını iti qaçan Qırat və “misri qılıncı” şərtləndirir, bunlar da ecazkar qüvvə ilə yaradılıb. Birincisi dərya ayğırının törəməsidir, ikincisi isə ecazkar işıq saçan, ecazkar qüvvəyə malik qırıntıdan hazırlanmışdır. Lakin Koroğlunun dolğunluğunun yaradılması üçün bu kifayət deyildir ki, sonra təhlil olunan boyun süjetində bəlli olur.
İndi qayıdaq süjetin inkişafına. Ata-oğul Həsən xandan qisas almağa gedirlər. Alı kişi ona belə müraciət edir: “Həsən xan, mən sənə yaxşılıq eləmək istədim, anlamadın. Mənim yaxşılığımın əvəzinə məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm. Əlindən gələni əsirgəsən, kişi deyilsən” (Elə orada, səh. 13).
Qısası, Həsən xan geri çəkilmir, lakin Rövşən dərhal Qıratı onun üstünə sürdü və başını kəsdi. Xanın qoşunu yeridi, lakin bir yandan Qırat, bir yandan Dürat, bir yandan da Rövşən misri qılıncla qoşunun ön dəstəsini qırıb dağıtdılar. Halbuki qoşunun dalı kəsilmirdi. Dəstə dəstənin dalınca gəlirdi. Alı kişi başa düşdü ki, tək adam bu qədər qoşunun öhdəsindən gələ bilməz və oğluna məsləhət gördü ki, oranı tərk etsinlər. Rövşən əvvəlcə atasının sözünə baxmaq istəmədi, lakin kor atasının ələ keçəcəyindən qorxub əlacsız qaldı. Atın başını geri çəkdi və atları sürüb çölə tərəf üz qoydular. Lakin onları əvvəlcə kəhər atlılar, sonra qara atlılar və sonda ağ atlılar dəstəsi təqib etdi. Rövşən atın ağzını əvvəlcə əkin yerinə, qaratikanlığa, sonra daşlığa saldı ki, təqib edənlər aşa bilməsin və elə oradaca qaldılar.
Bundan sonra onlar yurd salmaq üçün yer axtarırlar. Alı kişi oğluna izah edir ki, uzun çəkən axtarışdan sonra Çənlibel adlandırdığı, onun üçün məlum olan yeri bəyənir və ata-oğul başlayırlar yaşamağa.
Oxucu daha bir möcüzənin şahidi olur. Alı kişi oğluna izah edir: “Oğul, buradakı dağların birində bir cüt bulaq var, adına Qoşabulaq deyərlər. Yeddi ildən yeddi ilə cümə axşam məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında toqquşarlar. Onlar toqquşanda Qoşabulağa nur tökülər, köpüklənib daşar. Hər kim Qoşabulağın o köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada misli-bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə, aşıq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar ürkər, quşlar qanad salar, qatırlar dırnaq tökər. Çox igidlər, şahzadələr bu su üçün gəliblər, ancaq heç birinin baxtı yar olmayıb. İndi yeddi il tamam olhaoldur. Vədə çatıb. Get, axtar, Qoşabulağı tap, ancaq köpüyündən bir qab da doldur, mənə gətir!
Rövşən getdi, dağları, daşları əndər-döndər elədi. Axırda bir dağa çatdı. Gördü dağın bir tərəfində uca, sıldırım, əlçatmaz, ünyetməz bir qaya var. Amma qaya elə qayadır ki, igid istəyir üstünə çıxsın. Rövşən qayanın dörd tərəfini dolandı, göz gəzdirdi, əl tutan bir yer tapa bilmədi. Axırda belindən kəməndini açıb qayaya atdı. Min ənvai-müsibətlə qayaya dırmaşdı. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir, gəl görəsən. Gül gülü çağırır, bülbül bülbülü. Elə bil ki, bu sıldırım qayanın üstündə bir bağça şəkli çəkilib, yetmiş iki qələmlə yetmiş iki rəng vurulub. Ortalıqda qoca bir ağac var, altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb, ətrafı süd gölünə döndərir. Rövşən o qədər gözlədi ki, axşam oldu. Gecədən bir xeyli keçmiş, bir də gördü ki, məşriqdən bir ulduz, məğribdən də bir ulduz doğdu. Ulduzlar gəlib düz Qoşabulağın üstündə toqquşdular. Ulduzların toqquşmasından Qoşabulaq daşdı. Ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurub başına tökdü, bir qab da doldurub içdi. Təzədən bir də qabı doldurmaq istəyəndə baxdı ki, ey dadi-bidad... köpük söndü. Bulaqlar yenə də elə durulub, elə durulub ki, elə bil göz yaşıdır, axır. Rövşən bir başına, bir dizinə vurdu. Ancaq hara çatacaq... Qabı boş götürüb kor-peşman geri döndü, əhvalatı atasına danışdı.
Alı kişi ah çəkib dedi: – Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi.
Rövşənin dərdi bir idi, beş oldu. Başına, gözünə döyməyə başladı ki, mən niyə qabaqca özüm içdim. Alı kişi dedi: – Oğul cəzə-fəzə eləməkdən bir şey çıxmaz. Görünür, bir də səni görmək mənə qismət deyilmiş. Daha mənim əcəlim tamamdır” (Bax: “Koroğlu”, səh. 15).
Elə burada, atanın son tövsiyəsini xatırlamağım yerinə düşər: “Bala, ay keçər, il dolanar, sənin adın məğribdən məşriqəcən bütün dünyada məşhur olar. O köpükdən sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə bir qüvvət gələcək ki, heç bir pəhləvanın qulağı ona dözə bilməyəcək. Bəylər, xanlar, paşalar sənin adın gələndə qorxudan diz çökəcəklər. Nə qədər ki, misri qılınc sənin belində, sən də Qıratın belindəsən, özün də bu Çənlibeldəsən, sənə heç kəs bata bilməyəcək. Ancaq bu həndəvərdə məşhur bir qaçaq var, adına Dəli Həsən deyərlər, özünü bircə ondan gözlə. Get, sənin adını Koroğlu qoydum!” (Elə orada, səh. 16). Alı kişi vəsiyyətini eylədi, canını tapşırdı.
Birinci boyun məğzini nisbətən geniş şəkildə ona görə təqdim etdim ki, onda, mənim fikrincə, açar verilmişdir, bununla da bu təhlil olunan əsərin əsas qəhrəmanını və ümumiyyətlə, bu qəhrəmanlıq eposunu qidalandıran mənəvi aləmi, əxlaqi-estetik əqidəni aça bilərəm. Əhəmiyyətlisi odur ki, Azərbaycan xalqı azadlıq və haqq-ədalət üçün sarsılmaz mübariz qaçağın obrazını düzüb-qoşmuşdur ki, onu da ideal ucalığa yüksəltməyə, yenilməz süvarinin və misilsiz səsə malik aşığın, təbii ki, insani xüsusiyyətlərini təsvir etməklə nail ola bilmir və mistik, möcüzəli hadisələrə, əlamətlərə üz tutur. Müvafiq olaraq Koroğlunun bədəvi Qıratının doğulmasında dərya ayğırı iştirak edir. Buna görə də bu at qəhrəmanın döyüşünün və qələbəsinin həmiştirakçısıdır. Onun hər şeyi kəsən qılıncının poladı səmavi şimşəyin törəməsidir. Müəyyən olunduğu kimi, Azərbaycan xalqının fikrincə, mükəmməl igid gözəl söz söyləyicisi, nəğməkar və şair də olmalıdır. Eyni zamanda, onun elə güclü səsi olmalı idi ki, onun nərəsi pəhləvanların və vəhşi heyvanların başına od ələsin. Bu qüvvəni də Koroğluya iki ulduzun toqquşması zamanı ani şəkildə əmələ gələn əfsanəvi Qoşabulağın köpüyü vermişdir. Onu içmək qəhrəmanın ölməzliyini şərtləndirirdi. Bir sözlə, Azərbaycan xalqının yaratdığı Koroğlunun ideal obrazı belədir. Bu dastanın sonunda atanın irəlicədən xəbər verməsi isə növbəti boylarda genişlənən fəaliyyətlə təsdiq olunur; nə az, nə çox, Alı kişinin öncəgörənliyini də bizə təsdiqləyir. Atanın son tövsiysində xatırlanan adlı-sanlı qaçağın – Dəli Həsənin adı, oğulun xəbərdarlıq edilməsini əhatə etməsindən başqa, növbəti dastanda fəaliyyətin başqa yerə ötürülməsi üsuludur da.
(davamı burada)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU