– Özünüzü təqdim edin.
– Mən – sən, yəni Binəli İslamoğlu. Gürcüstanın Qardabani rayonunda anadan olmuşam. Orta məktəbi Qardabanidə bitirdikdən sonra, 2004-cü ildə Tiflis Dövlət Humanitar Universitetinin hüquq fakültəsinə qəbul oldum. 2005-2020-ci illərdə Heydər Əliyev adına Tiflis Azərbaycan Peşəkar Dövlət Dram Teatrında peşəkar aktyor kimi fəaliyyət göstərmişəm. Hazırda Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrının bədii rəhbəriyəm.
– Yaxşı, Binəli İslamoğlu, niyə məhz özünüz-özünüzlə müsahibə aparırsınız?
– Bəzi jurnalistərimizin başları mollalara, Ayın görünüb-görünməməsinə, qarın yağmasına, sevgililər gününə, kişilər bayramına, ilanın qurbağanı udmasına, Mişaya, Qrişaya, İvanın uşaqlarına qarışdığı üçün özümlə müsahibə aparıram.
– Niyə teatr? Niyə məhz uşaq teatrı?
– Bilirsiniz, 2020-ci ildə teatrdan ayrıldıqdan sonra anladım ki, teatr mənim həyatımın ayrılmaz bir hissəsidir. Əslində, təkcə mənim deyil, ümumiyyətlə, həyatımızın bir parçasıdır. Teatr elə bir virusdur ki, bədənimə hopub və onu qanımdan təmizləməyə nə qədər çalışsam da mümkünsüzdür. Məhz bu hiss, bu bağlılıq bizi 2021-ci ildə Gürcüstanda ilk müstəqil azərbaycandilli uşaq teatrını qurmağa gətirib çıxartdı. Bütün çətinliklərə, imkansız görünən maneələrə baxmayaraq, biz teatra yenidən qayıtdıq. Çünki teatrsız yaşamaq mümkün deyildi.
Gürcüstanda fəaliyyət göstərən Tiflis Azərbaycan Dram Teatrının 1947-ci ildə bağlanması, 2004-cü illərə qədər Gürcüstanda yaşayan azərbaycanlılar arasında böyük bir boşluq yaratdı.
Tam 57 il teatrsız qalmaq, teatrdan uzaq düşmək insanları bu sənətdən uzaqlaşdırdı. Zaman keçdikcə yeni nəsil yetişir, lakin onlara teatr mədəniyyətini tanıdan, bu sənəti sevdirən kimsə yox idi. Çünki teatr artıq onların həyatında mövcud deyildi. 2004-cü ildə yenidən fəaliyyətə başlayan Tiflis teatrı tədricən öz missiyasına qayıtdı. Yeni tamaşalar hazırlayır, qastrollara gedir və unudulmuş teatr mədəniyyətini cəmiyyətə yenidən aşılamağa başlayırdı.
– Bəs qastrollarda insanların teatra olan reaksiyası necə idi? Çünki qastrol səfərləri etməyə təzə-təzə başlamışdınız.
– Yadımdadır, qastrolların birində bir nəfərə zəng gəldi. Qarşı tərəf hər halda onun harada olduğunu soruşurdu. Çünki sual olmasa o, belə cavab verməzdi: “Ay qa, sirkdəyəm, sirkə baxmağa gəlmişəm”.
Əslində, onu qınamadım. Çünki o teatrın nə olduğunu bilmirdi. Onun üçün bu sadəcə bir tamaşa deyil, tamamilə yad bir mühit idi. Çünki o 57 illik boşluq ərzində kimsə ona teatrdan danışmamışdı, kimsə ona teatr mədəniyyətini tanıtmamışdı.
– Bəs sizi necə qarşılayırdılar?
– Yadımdadır, Giorgi Eristavinin “Sehirli papaq” tamaşasını Sadaxlı kəndinə qastrola aparmışdıq. Tamaşa başlayandan sona qədər səhnəyə saqqız atdılar. Hələ arada səs gəlirdi ki, “qızın məmələrinə bax”. Sonra isə səhnəyə dırmaşmağa başladılar. Nəhayət, final səs rejissorumuzun aparatının sınması ilə yekunlaşdı.
– Yəni tamaşanı bəyənmədilər?
– Xeyr, tamaşamız çox möhtəşəm hazırlanmışdı. Sadəcə onlar səhnədə çılğınlıq görmək istəyirdilər. Tamaşaya baxdılar və anladılar ki, onların gözlədiyi səhnə başqadır. Bıçaqların, qırıq şüşələrin üstündə gəzən lifçikli qızlar görmədilər. Onların çılğınlığı sonda musiqi aparatımızı sındırmaq oldu. Mən sizə 2006-cı ildən danışıram. Artıq hazırlaşmışdıq, evə qayıdırdıq. Bizə sonra böyük yemək süfrəsi açdılar. Süfrənin başında əyləşən, səhərdən özünü bizə tərifləyən, ziyalı kimi göstərən həmin adam avtobusumuza minəndə aktrisalardan birinə sataşmağa başladı. Orada dava düşdü, aləm qarışdı bir-birinə. Allah rəhmət eləsin aktyor dostumuz Fazil Bayramova. Fazillə mən kişini döyməyə çalışdıq, imkan vermədilər. Sürücümüz isə bizi dərhal oradan götürüb paytaxt Tbilisiyə apardı. Bilmirəm niyə, amma bizim bəzi geri zəkalılar elə bilirlər ki, teatrda işləyənlər hamısı pozğundur. Onlar hələ də teatr mədəniyyətini başa düşə bilməyiblər.
– Dəhşətdir, vallah!
– Dəhşət də sözdürmü, ömrümdə ilk dəfə idi elə şey görürdüm.
– Bayaq sualıma cavab vermədiniz? Niyə məhz uşaq teatrı?
– Hə, keçək sizin suala. Bir binanın sağlam ayaqda durması üçün onun güclü bünövrəyə ehtiyacı olduğu kimi, bir uşağın gələcəkdə sağlam addımlar atması üçün də onun möhkəm təhsilə, zəngin mədəniyyətə və özünü cəmiyyətə düzgün ifadə etmə bacarığına ehtiyacı var. Bu bacarıqları inkişaf etdirməyin ən gözəl yollarından biri də teatrdır. Məhz elə bir teatr ki, uşaqlar burada dahi yazarlarımızın əsərlərini oxuyaraq, onları analiz edərək və müxtəlif rollara girərək düşünmə, nitq və səhnə mədəniyyətini inkişaf etdirə bilsinlər və bu, gələcəkdə onların daha inamlı, azad düşüncəli fərdlər kimi yetişmələrinə yardımçı olur. Çünki uşaqlar burada təkcə tamaşa oynamır, onlar öz gələcəklərini formalaşdırır və gələcəyin uğurlu insanları kimi yetişirlər.
– Birini buraxıb başqa suala keçəcəm. Bayaq dram teatrından danışdınız, siz teatrdan niyə çıxdınız?
– Sualı düzgün vermədiniz. Sizi niyə çıxartdılar deyə soruşacaqdınız?
– Yaxşı, sizi niyə çıxartdılar?
– Bizi ona görə çıxartdılar ki, haqqımızı istəyirdik. Biz çıxdıqdan sonra Tiflis dram teatrı demək olar ki, fəaliyyətini təmiz dayandırdı, ildə bir tamaşa, beləliklə də tamaşaçı kütləsini tamamilə itirdi. Yəni bir sözlə desək, davam edir 47-dir.
Bu gün cəmiyyətdə kimsə bu virusu sorğulamır. Hər kəs öz maraqları arxasıyca qaçır. Mədəniyyətimiz kimsənin vecinə belə deyil, çünki bizdə hamı siyasətçidir. Nə isə, keçək öz teatrımıza.
Biz 2021-ci ildə ilk qastrollara çıxanda, uşaq teatrı olaraq deyirəm, gördük ki, bölgələrimizdə uşaqlar üçün teatr təkcə önəmli deyil, eyni zamanda böyük bir ehtiyacdır. Son tamaşamız da bunu bir daha sübut etdi. Cəmi iki gün ərzində bütün biletlərimizin satılması və bununla yanaşı, bir o qədər də insanın bilet üçün müraciət etməsi teatrımızın nə qədər vacib olduğunu göstərir. Bu, bizi daha da ruhlandırır və gələcəkdə daha çox uşağa teatr sevincini yaşatmaq üçün çalışmağa həvəsləndirir. Uşaqlar tamaşalar vasitəsilə etik və əxlaqi dəyərləri öyrənirlər. Yaxşılıq, dostluq, dürüstlük kimi mövzular səhnədə canlı şəkildə təqdim olunur və onların düşüncələrinə daha dərindən təsir edir. Məsələn, iki il əvvəlki tələbələrimizə baxanda onların nə qədər püxtələşdiyini görürük.
– Tam hazırdırlar?
– Təbii ki, hələ öyrənməli olduqları çox şey var. Amma məktəbdə müəllimlərindən aldığımız xəbərlərə görə, teatr onların həyatına müsbət təsir edib. Müəllimlərinin onların dərslərə daha ciddi yanaşdıqlarını deməsi, məsuliyyət hisslərinin artması bizi sevindirir. Bu da bir daha teatrın uşaqların tərbiyə və təhsilində nə qədər mühüm rol oynadığını sübut edir.
– Bəs uşaq teatrı olaraq qastrol təklifləri alırsınızmı?
– Təbii ki, alırıq. Burada bir nüansı diqqətinizə çatdırım. Birini buraxıb, o birinə keçirəm, üzürlü sayın. Mənə çox adam deyir ki, sənət adamısan, get sənətlə məşğul ol. Ay başına dönüm, biz sənətdən çox, sənədlə məşğul oluruq. İndi deyirsən bölgələrə qastrola çıx, biz bölgələrə çıxmaq üçün hər bələdiyyənin mədəniyyət evinə, meriyasına, xalasına, bibisinə, nənəsinə, babasına məktub yazaq ki, filan teatr tamaşa oynamağa gəlir. Yaxşı, yazaq, amma bu məktubun cavabı gələnə qədər sən tam vaxtı təyin edə bilmirsən və ya bilet sata bilmirsən. İndi gələk suala. Son tamaşamızdan sonra bölgələrdən qastrol dəvətləri almağımız və müəllimlərin bizə dəstək verməsi bizi doğrudan da sevindirir. Təbii ki, burada müəllimlərin də rolu böyükdür. Onların dəstəyi sayəsində teatr daha çox uşağa çatacaq və onların dünya görüşünün formalaşmasına müsbət təsir göstərəcək. Amma bu kağız-kuğuz işi olmasa işlərimiz daha da tez və gözəl həll olunar.
Bu arada, bəzi jurnalistlər “BEEZ”-i “bez” kimi tələffüz edirlər. “Bez” yox, “Biz”. “Bee” ingilis dilində arı deməkdir, “z” isə arının uçarkən çıxardığı səsi ifadə edir. Birlikdə isə “Biz” tələffüz olur. Çünki biz komanda şəklində çalışırıq. Hər işi biz olaraq görürük, bizdə “Mən” kəliməsi yoxdur. Biz arılar kimi çalışqan olmaq istəyirik.
– Çox sağ olun, Binəli bəy. Özünüzə vaxt ayırıb özünüzlə az da olsa danışdığınız üçün sizə təşəkkür edirik.
– Mən təşəkkür edirəm!
Qeyd edək ki, “Özümlə müsahibə” rubrikasında sual verən də, cavab verən də eyni adam olur. Sualları müsahib özü seçir. Müsahibədə heç bir senzuraya yol verilmir və olduğu kimi dərc edilir.