Gürcü kino aktyoru, estrada müğənnisi, ssenarist, kinorejissor, nəğmələr müəllifi, Gürcüstan SSR xalq artisti və Ukraynanın əməkdar artisti, SSRİ-nin, Şota Rustaveli adına Gürcüstan dövlət mükafatlarının laureatı, eləcə də beynəlxalq mahnılar və kinofestivallar laureatı Vaxtanq (Buba) Kikabidze yanvarın 15-i 84 yaşında dünyasını dəyişdi. Bu cür titulları, bəlkə də artığını, əksəriyyətini alanlar olub. Öz yerində. Görünməz hal idi. Bunun dəfnində millət ayağa qalxdı. Göz yaşı tökənlər də oldu. Bu sevgi haradandır? Mən Bakıya təhsil almağa gedən dövrlər onun fotoları əksər fotoatelyelər üçün loqo idi, reklam idi. Bura gələnlər, sən demə, onun duruşu fasonunda şəkil çəkdirərmişlər. Belə ki, onun mahnılarını, filmlərdə yaratdığı obrazları Azərbaycanda da sevirdilər...
Bir neçə il bundan əvvəl, daha doğrusu, 2018-ci ilin iyun ayında Bakıda keçirilən musiqi festivalında Vaxtanq Kikabidze gənc müğənni Sofo Nijaradze ilə iştirak etmişdilər və rəğbətlə qarşılanmışdılar. Qırmızı xalça üzərində tamaşaçıları salamlamışdılar...
Ölümü ilə əlaqədar hər yerdən başsağlığı məktubları axışmaqda idi. Məhz elə ilkin başsağlığı verənlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev olub.
“Gürcü xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatından dərin kədərləndik.
Vaxtanq Kikabidzenin adı sovet və gürcü mədəniyyəti tarixinə əbədi həkk olunub. Vaxtanq Kikabidze çoxşaxəli istedadı, yüksək peşəkarlığı və sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində bütün dövrün simvoluna çevrilib. Onun kinoda canlandırdığı unudulmaz obrazlar, orijinal mahnılar bir neçə nəslin qəlbində xüsusi yer tutur.
Vaxtanq Kikabidze Azərbaycanın böyük dostu idi. Onun yaradıcılığı Azərbaycan xalqı tərəfindən həmişə sevilib, şəxsiyyətinə böyük hörmət və ehtiram göstərilib. O, həmçinin Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və qonşuluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verib.
Görkəmli sənətkar və səmimi insan Vaxtanq Kikabidzenin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.
Bu ağır itki ilə bağlı dərdinizi bölüşür, öz adımdan və Mehriban xanım Əliyeva adından dərin hüznlə başsağlığı verirəm”, – İlham Əliyevin başsağlığı məktubunda deyilir.
Vaxtanq Kikabidze 1964-cü ildən kinoya çəkilmişdir. 1975-ci ildən “Gürcü filmi” studiyasının aktyoru olub. Məşhur rejissor Giorgi Daneliyanın “Qəm yemə” (1969) komediyasındakı Benjamen Qlonti rolu ona xüsusi şöhrət gətirib; eləcə də “Vera məhəlləsinin melodiyaları” filmi, 1977-ci ildə baş rolda oynadığı “Mimino” filmi. Kartaxen beynəlxalq kino festifalında “Qəm yemə” filmində ən yaxşı kişi roluna görə mükafat, “Mimino” filmində ən yaxşı kişi roluna görə dövlət mükafatı almışdır. Şərəf, III dərəcəli Vaxtanq Qorqasali ordenlərinə layiq görülüb. Moskvada “Ulduzlar meydanı”nda onun adına ulduz həkk olunub. 2020-ci ildən 10-cu çağırış Gürcüstan parlamentinə “Vahid Milli Hərəkat” – “Güc birlikdədir” birləşmiş müxalifət seçki blokundan siyahı ilə üzv idi. 2008-ci ildə Gürcüstana qarşı Rusiyanın təcavüzündən sonra Rusiyada estrada fəaliyyətindən və “Dostluq” ordenini almaqdan imtina edib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya soxulmasını pisləyib.
Yaxşı yadımdadır. Ötən əsrin 80-ci illərində “Mimino” filmindəki ifa etdiyi mahnı restoranlarda, parklarda, istirahət yerlərində çox oxunurdu, dillər əzbəri olmuşdu. Beləcə hamının sevgisini qazanmışdı. Özünü sevdirmişdi. Özü də sevirdi onu sevənləri. Məhz elə son mənzilə yola salınan zaman bu sevgi bir aləm olmuşdu, xeyli davam edən axına çevrilmişdi...
...Dəfnində, düzü, iştirak edə bilmədim, ayağım ağrıyırdı. Amma sonra onun qəbrini ziyarət etmək istədim. Vera qəbiristanlığının yuxarı tərəfindən daxil oldum, axtardım, aradım. Səhər tezdən idi. Xidmətçi bir qadından soruşdum. Aşağıdadır, qara qapıdan o yana, dördüncü. Getdim tapdım. Qəbir gül-çiçəklərə, əklillərə bürünmüşdü. Sıx-sıx olduğundan bəzilərini oxuya bildim: Volodimir Zelenski tərəfindən, Puqaçova və Qalkin tərəfindən, Qvertsiteli tərəfindən, Breqvadze tərəfindən, Azərbaycan səfirliyi tərəfindən... Nə isə, siyahını uzatmaq olar. Fakt odur ki, ona qarşı sevginin hüdudunun olmadığını hiss etdim. Bəs bu sevgi haradandır? Bizdə bir məsəl var: “nə əkərsən, onu da biçərsən”. Mahnıları ilə, rolları ilə, həyatda davranışı ilə çox şey əkdi. Çox işlər gördü. Milət bunu yadında, yaddaşında saxladı. Odur ki, onu son mənzilə yola salanda ayağa qalxdı. Öz övladını son mənzilə filarmoniyadan, böyük konsert salonundan izdihamla Vera qəbiristanlığına yola saldı; özünün vəsiyyətinə görə... Anasının, iki il bundan öncə dünyasını dəyişmiş həyat yoldaşı İrina Kebadzenin yanında dəfn olundu. Qəbrin başında bir sütun var. Konstantine (Kotiko) Kikabidze (1910-1942-ci il), Manana Baqrationi (1915-2000-ci il). Atası müharibəyə gedib, 1942-ci ildə Kerç uğrunda döyüşlərdə həlak olub. Aldıqları qara kağıza görə. Dostu, məşhur ukraynalı jurnalist Qordon arayıb, axtarıb, onun müharibədə ölmədiyini, almanlar tərəfinə bir kəşfiyyatçı olaraq keçdiyini üzərə çıxartdı. Bu uzun söhbətdir. Qordon Bubanın Batumidə keçirilən 70 illik yubileyinə gələrək gözəl bir çıxış etdi. İndi də onun ölüm xəbərini eşidəndə kövrələrək, göz yaşlarını zorla saxlayaraq onun haqqında öz ürək sözlərini söylədi. Bubanın anası Baqrationilərdəndir, gürcü çarları sülaləsinə bağlıdır. “Mən Vaqifin şirin dilində oxuyuram” deyən görkəmli gürcü şairi Petre Qruzinskinin qohumudur. Nə isə...
Vera qəbiristanlığı qədim qəbiristanlıqlardan biridir. Vaxtilə həmin qəbiristanlığın yerində kərpiç zavodu olub. O dövrlər bu sahəni yaxşı bilənlər İrandan gəlirdi. Məsələn, vaxtilə mən yazmışdım ki, Mirzə Fətəli 1861-ci ildə Tiflisdə kərpic zavodunun sahibi Ələkbər Mustafa oğlundan 150 min ədəd kərpic, torpaq sahəsi alaraq dövlətdən kredit götürmüş və onu hissə-hissə ödəmişdir. Abxaziyaya Fazil İsgəndərin atası İrandan gələn azərbaycanlı olub. O, Abxaziyada kərpiç zavodu açıbmış. Abxaz qızı ilə evənib, sonra İran təbəəliyinə görə sovetlər birliyi onu ölkədən çıxarır. Nə isə, bu qəbiristanlığın yerində kərpiç kəsilib, alvız hazırlanıb, yəni çiy kərpic. Sonra onu arabalarla Vakeyə aparırlarmış, orada bişirirlərmiş...
Bu günlərdə yenə həmin qəbiristanlığa getdim. Onun qəbrini yenə ziyarət etdim. Qışın ayazı, soyuğu olmasına baxmayaraq güllər yenə də solmamışdı. Nə bilmək olar, qəbrindən çıxan hərarət, ruhundan gələn nəvaziş gülləri solmağa qoymayır. Qəbrinin hədd daşlarında şamlar, kibrit, stəkanlar və bir şüşə şərab qoymuşdular. Bunların dinində belə bir adət var. Şərabdan bir səkan süzdüm, ona rəhmət oxudum, öz dini üstündə Tanrıdan rəhmət dilədim.
Tanınmış şair Kote Qubaneişvili ona şeir həsr etdi:
“Onsuz şəhərdən əksildi,
Onsuz məhlədən əksildi,
Onsuz səhnədən əksildi,
Onsuz kinodan əksildi,
Əzizimiz Buba ilə vidalaşırıq,
Və onun qəbri üzərinə şərab calayırıq...”
Şair, aktyor Givi Sixarulidze dəfn günündə verdiyi müsahibəsində dedi: “Bu gün Tbilisi Tbilisidən ayrılır. Buba Tbilisi idi, Tbilisi Buba idi...”
Bəli, bu, doğrudan belədir. Bubanın bir mahnısı var. Qədim Tiflis, faytonçu barəsində. Sözləri rəhmətlik nəğməkar şair Moris Potsxişvilinin, musiqisi Giorgi Sabadzenindir. Bu mahnını Buba Kikabidze “Tbilisoba” bayramında bu iki mahnı yaradıcısı ilə birlikdə faytonda əyləşdiyi zaman oxuyardı. Bu mahnı ilə bu bayrama xüsusi kolorit, rövnəq verərdi. Onu da deyim ki, Bu bayram ilk dəfə Tbilisidə 1979-cu il oktyabrın 28-də keçirilib. Ondan öncə Teletoba, Martğopoba... bayramları keçirilərdi. Hətta Tiflisdən də ora təşrif buyururadılar. 1990-cı illərin başlanğıcında fasilədən sonra bu bayram 1995-ci ildə yenidən bərpa olundu və ondan bəri hər il bir ənənə şəklini aldı. Bir ənənə şəklini alsa da əvvəlki istiliyə, əvvəlki ab-havaya, əvvəlki faytonda Bubanın bayramla həmahəng olmuş mahnısına bir növ ara verilmişdi. Hətta günləri də geri-irəli çəkilirdi. Əvvəllər rayonlardan kənd təsərrüfatı məhsulları gətirilir, ucuz satılırdı. Kef məclisləri qurulurdu...
...Vaxtanq Kikabidze çox lətifə bilirdi, onları da gözəl danışmaq, nəql etmək məharətinə malik idi. Onun lətifə danışmaq tərzi adama ləzzət verirdi. Onlardan biri budur:
“– Cumber, daha dözə bilmirəm, məni dəfn edin. Qara gün üçün bir az pul yığmışam.
– Nə deməkdir, dəfn edin?
– Daha dözə bilmirəm. İşıq yoxdur, qaz yoxdur, su yoxdur. Bu yoxdur, o yoxdur... Lakin bir xahişim var. Tabutu aparanda qabağında orkestr olsun, marş çalsın, matəm marşı...
Artıq saat ikidir. Rustaveli prospekti ilə maşın gedir, mərasimdir, tabutu aparırlar. Tabutda uzanmaq əvəzinə oturub. Siqaret çəkən imiş, siqaret çəkir. Camaat məətəl qalıb. Biri soruşur:
– Diri-dirimi basırırsınız?
– Özü deyib. Qaz yox, su yox, işıq yox...
– Adı nədir?
– Tutaq ki, Vaxtanqdır. Nə fərqi var.
– Çalmayın ay uşaqlar.
Onlar dayanırlar.
– Dinləyirəm sizi, xanım.
– Batono Vaxtanq, tənha qadınam, şəhərin mərkəzində beş otaqlı evim var. Bəlkə fikrinizi dəyişəsiniz. Başdan başlayaq, – deyir. Görür ki, gözəl qadındır:
– Neçənci mərtəbədədir.
– Yeddinci mərtəbədə.
– Çalın, davam edin, uşaqlar, – deyir”.
Tbilisidə Avlabar məhəlləsində baxçada Giya Daneliyanın “Mimino” filminin personajlarının heykəlləri qoyulub. Onlardan biri Vaxtanq Kikabidzenin yaratdığı Valiko obrazıdır. Bu abidələr kompleksinin müəllifi ünlü heykəltaraş Zurab Seretelidir. Xeyli vaxtdır belə abidələr qoyulub. Bu isə Vaxtanq Kikabidzenin sağlığında qoyulmuşdu. Bu da sonsuz sevginin bir təzahürüdür. Bitib-tükənməyən sevginin. Bu sevgi onu son mənzilə yola salınan zaman da özünü büruzə verdi.
Allah rəhmət eləsin! Yeri behişt olsun!
Dərin, böyük hörmətlə və sayqılarla
Mirzə MƏMMƏDOĞLU