ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

 

Ümidi olan İrakli avqustun iyirmisində bütövlükdə bizim qoşunların Tiflisdə bir yerdə cəm olacağını deyirdi, avqustun 23-də gəldi. Şəhərdə heç kim yox idi. Çar incidi və dörd tərəfə çapar göndərdi. Amma hər yerdə şeytanlar qərar tutmuşdular və onları şeytani hiyləgərliklə uzaqlaşdırdılar. Çara bunun cavabları gəldi, bəziləri avqustun sonunda, bəziləri sentyabrın sonunda, şübhəsiz ki, qoşun bu iki-üç günə gələcək. Bunun ümidi ilə dörd min adamı ilə və çar Soloman da üç min imeretili ilə önə keçdi.

 

Çar İrakli bu kiçik qoşunla, belə ki, yeddi min döyüşçü ilə Qazağa gedəndə Ağa Məhəmməd şah Qacardan üçüncü səfir gəldi: “Odur ki, mən Arazı keçdim və sənə səfir göndərdim, mən də səfirin ardınca gəlirəm. Sən yaxşı çarsan və sənə xələl yetirmək istəmirəm, amma bu istəyimi yerinə yetir və buna əmin olmaq üçün oğlundan birini, ikincisi, nəvələrindən birini mənə girov göndər. Dərhal geri dönüb gedərəm”. Hər halda buna əməl etmədi, onunla barışığa gəlmədi, ona görə ki, bir etiqata görə, İrakli Rusiyaya sədaqətli olduğuna  layiqli söz verdi. Və bir də, onun qüdrətinə də böyük ümid bəsləyirdi. Buna görə Ağa Məhəmməd şah Qacarın səfirini həbs etdirdi və Tiflis şəhərinə, onun məliki tavad Darçiya Bebutaşvilinin yanına göndərdi. Onu həbs etməyin səbəbi bu idi: bizdən bir xəbər aparmasın. Bu əhvalat aşağıda daha artıq olacaq, necə ki, olub. 

 

Belə ki, onu şəhərə göndərdi, özü heç yerdə müharibəyə başlamayan Ağa Məhəmməd şah Qacarın önünə keçdi. Uzaqdan-yaxından təqib etməyə başladı, bəriyə gətirdi və doğrudan Kürün yaxınlığında, Soğanlıq çölündə qərar tutdular. Qırx mindən artıq qızılbaş, çar İrakli hər halda yenə düşündü: Tiflis şəhərində məni böyük qoşunlar qarşılayacaq. Ancaq heç bir yerdə qoşun yox idi, hətta bir atıcı belə. Və burada şübhə etməyə başladı: Bu, şübhəsiz ki, xəyanətdir, amma kimə xəyanət edirlər: mənə, yoxsa vətənə? – “Əgər onların mənimlə bir səbəbi varsa, vətənlə nə işləri vardır?” – o, kədərlə dedi.

 

Çar İrakli öz ordusu ilə Qazağa doğru gedəndə burada Tiflis şəhərində başqa bir hadisə baş verdi. Cümə günü səhər tezdən şəhərdə bir səs yayıldı: “Çar İrakli və çar Solomon öz qoşunları ilə birlikdə Ağa Məhəmməd şah Qacarın üstünü aldırıb. Belə ki, Qızılbaş ordusu kartlilərlə imerlilərin əhatəsindədir və onlar hamısını qıracaqlar”. Halbuki buna heç kim inanmadı, ancaq and içərək bunu əmin edirdilər.

 

Buna görə şəhərdə çaxnaşma əmələ gəldi və ilkin olaraq vətəndaşlar çariça Darecanın yanına getdilər. Həmin vaxt katolikos Anton da öz anası çariça ilə orada dayanmışdı, ondan şəhəri tərk etməyi xahiş edirdi. Çariça ağlamağa başladı və katolikos Anton buna inana bilmədi: Əgər doğru olsaydı, xəbər bizə çatardı.

 

Vətəndaşlar xəbər verdilər: – “Necə də yox, adamlar  gəldi, onlar dedilər”.

 

– O adamlar haradadır? – Katolikos soruşdu.

 

– “Tələsik atları mahmızladılar, bunu bizə dedilər və dərhal Kaxetiyə yola düşdülər”.

 

– Onlar kim idilər?

 

– “Onlar bizim qoşundan qaçan adamlar idilər”.

 

– Onları tanıya bilmirsiniz?

 

– “Sizə necə deyim, kəndlilərə bənzəyirdilər. Onların kim olduğunu bilmirik”.

 

– Nə edim, nəsə bu, bir növ yalan olmalıdır.

 

– “Sənin qadan alım, mənim ağam, hər halda tərpənmək üstündür. Əgər yalan olsa yenə tezcə qayıdarsınız,  nə çətindir”.

 

Sən demə həmin adamlar Revaz Andronikaşvilinin qoşundan göndərdiyi adamlar imiş. O yenə nələr etdi sonra oxuyarsınız.

 

Nəhayət, çariça ağlamağı kəsəndə qətiyyətlə dedi: – “Sizin hamınızın ixtiyarınız var, hara istəyirsiniz ora da gedin, amma mən heç yerə gedə bilmərəm. Kim ərimi, nəvəm Solomonu və bizim qoşunu məhv etdisə, mən də onun əli ilə həlak olmaq istəyirəm”.

 

Bu sözdən sonra vətəndaşlar çox narahat oldular, lakin həyat hamı üçün qiymətli idi. Buna görə evlərini necə var idisə eləcə töküb getdilər və həmin cümə günü səhər tezdən, demək olar ki, şəhərin yarısı oranı tərk etdi, şəhərin yarısı da o biri günün səhərisi tərpənmək niyyətində idi, çünki, hər halda nəsə xəbər gözləyirdilər: məhz elə xəbər aldıq ki, bəlkə yalan olsun.

 

Lakin şəhərdə qalan və hələ də onu tərk etməmiş vətəndaşlar həmin gecə yenə çariçanın və katolikos Antonun yanında idilər və çox yalvararaq onlardan xahiş etdilər: Bütün şəhər buranı tərk edir, siz burada tək nə edəcəksiniz? (Həmin vaxt birinci dəfə vətəndaşlar ora gedəndə də, ikinci dəfə də Bejana Bastamaşvili orada olub. Ondan başqa çox şeylər də eşitdim).

 

Bu zaman katolikos Anton çariçaya bildirdi: “Mənim hökmdarım, anam, bunlar sizə həqiqəti söyləyirlər. Təkcə sizin burada olmağınız bu şəhərə nəsə əlac edərsə, bizim qanımızın son damlası, kim ki, burada varıq, sizin dərdinizi-bəlanızı aparsın, amma nə edək, burada gücümüz, ordumuz yoxdur? Bu səbəbdən yaxşı olar ki, buranı tərk edək, Mtiuletiyə gedək, orada qoşun toplayıb qızılbaşların üzərinə gələk, biz işimizi sahmana salmayınca Ağa Məhəmməd şah Qacar buranı tərk etməyəcək”.

 

Bu məsləhət hamı tərəfindən bəyənildi və dərhal tərk etmə ehtiyatına başladılar və şəhər də tərpənməyə hazırlaşdı (Onu da qeyd edim ki, şahzadə mənim anam bunu da deyirdi: “Belə bir dəhşətli sədalar atıblar aramıza. Elə indi tezcə tərpənin ki, Ağa Məhəmməd şah Qacar Soğanlıq düzünə gəlib”. Xəyanət xəyanətdir, o çarın sərvətləri ilə dolu saray da düşmənlərin əlində qalmalıdır). Amma o qədər də vaxt keçmədi, çar İraklinin yanına qoşundan adam gəlib sülh xəbərini gətirdi ki, burada da şəhər əhalisinə böyük sevinc, böyük ümid verildi və satqınları qınamağa başladılar. Katolikos Anton bu xəbəri gətirən adamları çox axtartdırdı: Çar İrakli qoşunu ilə həlak olub, lakin onlar başa düşə bilmədilər. Katolikos Anton məəttəl qaldı: Nə baş verir, nə xəbərdir? – Başqaları da hamısı təəccüblə soruşdular. Amma kim nə bilirdi kimə nə desin. Bu səbəbdən şəhər əhalisinin yarısı arvad-uşaqları ilə və çariça da şəhərdə qaldılar. Çünki çar İrakiyə böyük ümid bəsləyirdilər. İllah da ki, o şaiyədən sonra.

 

(davamı)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU