(əvvəli burada)

 

Türk xalqının iki təbiətli bir insan kimi düşündüyü Xoca (Molla Nəsrəddin) təxminən bu şəkildə qəbul edilir. O, təbii insan deyil, sxem olardı, onun xalq yaddaşında radikal olaraq fərqli gülüşün gözü açıq qəhrəmanı kimi bərqərar olduğuna görə. Eləcə də biz əmin olmalıyıq ki, Xocanın saçdığı hikmət xalqa məxsusdur, çünki onun müdrikliyinin mənbəyi xalqdadır. Onun nadir hallarda nümayiş etdirdiyi axmaqlıq, səfehlik isə insanların şüur güzgüsündə əks olunur, hansı ki, ümumiyyətlə, insanlığın nöqsanını əks etdirir!

 

Bir sözlə, XIII əsrdə, daha etibarlı şəkildə XIV-XV əsrlərin qovşağında yaşamış Xoca Nəsrəddin həqiqətən də yumoru ilə və hazırcavablığı ilə seçilən əsl şəxsiyyət idi. Ancaq bizə məlum olan gülüşü əmələ gətirən subyektlərə nəzər salsaq bir şey danılmaz olacaq: bu uydurmanın bir şəxsə məxsus olması mümkün deyil. Üstəlik, quruluşuna və məzmununa görə xalqın azad və sərbəst gülüşünün məhsuludur və Nəsrəddinin özü də gah müdrikliyi ilə, hazırcavablığı ilə, gah da gülüş doğuran axmaqlıqla seçilən tipi və siması xalq tərəfindən yaradılmışdır, onun təxəyyülünün məhsuludur.

 

Hətta Xocanın gah Səlcuqlular dövründə yaşaması, gah Teymurləngin təlxəyi olması, gah məşhur sufi Mənsur Həllac ilə, gah da əzabkeş Nəsimi ilə bir süfrə başında oturması da bundan xəbər verir. Burada, ən azı bir rəvayətə görə, Hacı Bəktaşi Vəli başçılarını təyin etdiyi on təkkə qurmuşdur: Nəsimi, Şəmsi Təbrizi, Mənsur Həllac, Nəsrəddin Xoca, Sarı Saltık, Hacı Bayram Vəli (Академик Гордлевский В.А., Избранные сочинения, т.I, М., 1960, стр. 267). Rəsmi din nümayəndələri – fəqihlər tərəfindən azğın, azad düşüncələrinə görə pislənərək ağır cəzalandırılan məşhur əzabkeş sufilər Mənsur Həllacda və Nəsimidə Xoca Nəsrəddinin gülüşünün qeyri-qanuni, qəbuledilməz mahiyyətindən də xəbər verilir. Yuxarıda qeyd etdiyimiz rəvayətə görə, onlar müəllimlərindən bir toyuq başı oğurlayıblar. Biri toyuğu yoldu, biri sümükləri atdı, üçüncüsü isə onların şeytanlığına və həyasızlığına gülürdü. Bu günaha görə ruhani mürəbbi onlara gələcəyi qabaqcadan xəbər verdi: ilk ikisi ölümlə cəzalandırıldı, Xoca Nəsrəddin isə təlxəyə çevrildi (Elə orada, səh. 268).

 

Başqa bir rəvayət isə  Xoca Nəsrəddinin “təlxəyə” çevrilməsi faktını bizə belə nəql edir: Bir Xoca var idi ki, onun da yeddi şagirdi var idi: Nəsrəddin, Seyid Nəsimi, Seyid Muxarem, Kəsikbaşı və başqaları. Bir dəfə Xoca bir qoyun kəsdi və onlar ləzzətlə yedilər. Xoca sümükləri qoyun dərisinə bükdü, dua etdi və qoyun canlandı. Gülərin bir günü də Xoca gedəndə Seyid Nəsimi dostlarına dedi: “Gəlin qoyunu kəsək, biz də dua etməyi bilirik, Xoca heç nəyi başa düşə bilməyəcək”. Onlar beləcə hərəkət etdi. Nəsimi qoyunu kəsdi və dərisini soydu. Kəsikbaş onun başını kəsdi, Nəsrəddin gülürdü və onu ələ saldı. Seyid Muxarem bağırırdı və bir növ əylənirdi. Qoyunu yedilər, amma bir daha onu canlandıra bilmədilər. Qayıdan Xoca onları lənətlədi və bu qoyunu kəsmək işində iştirakına görə gələcək haqqında peyğəmbərlik etdi: 1) Xoca Nəsrəddin təlxəyə çevrildi; 2) Kəsikbaş şəhid oldu; 3) Seyid Muxarem Sidri dağından yıxıldı. Bu yer toplaşma və gəzinti yerinə çevrildi; 4) Nəsimi əsas günahkar kimi ən ağır cəzanı aldı. O, müfti oldu, amma onun düşmənləri o qədər bacardılar ki, onun əmr etdiyi keşişi apardılar və müsəlman inancını etiraf edən kağızı xalçanın altından itələdilər, buna görə sufi ölümə məhkum edildi, diri-diri dərisi soyuldu və hökm icra olundu (Elə orada, səh. 429). Fikrimcə, adı çəkilən əfsanənin variantları ümumilikdə aşağıdakıları göstərir: a) Bu rəvayət dini, ortodoks əhval-ruhiyyəli olan insanlar arasında yaradılmışdır; b) Belə çıxır ki, bu cür əhval-ruhiyyəli insanlar Xocanın gülüşünün təsir gücünü tanısalar da, buna xeyirxahlıqla yanaşmırlar və onu təlxək kimi xatırlayırlar. Üstəlik, onun bu istedadı Allahdan bir cəza olaraq hesab edilir; c) Onlar həm sufi dairələrində, həm də xalq arasında böyük nüfuz sahibi olan şəxsləri əzabkeş olaraq qələmə verilən şəxslərlə əlaqələndirirlər; ç) Bu da ki, artıq o dövrdə Xoca Nəsrəddinin məşhurluğundan və ləyaqətindən xəbər verir; d) Ümumiyyətlə, əfsanə xronoloji, məkan-coğrafi və etnik çərçivələri və tarixi şəxsiyyətin real varlığını və fəaliyyətini tanımır. Qısası, bu cür əfsanələr də bizi bir daha inandırır ki, Xoca Nəsrəddin tarixi, istərsə də dini xadim deyil, xalq tərəfindən yaradılan xalq gülüşünün hazırcavab qəhrəmanıdır.

 

Yaxın Şərqin yerli xalqlarının, öz etnik mənsubiyyətindən asılı olmayaraq, Xoca Nəsrəddini öz xalqının qoynunda doğulmuş, öz cinsinin, öz tayfasının oğlu hesab etmələrinin, hətta onunla fəxr etmələrinin məhz elə əsas səbəbi budur: uyğurlar, azərbaycanlılar, özbəklər, taciklər, türkmənlər, tatarlar, qaqauzlar, yunanlar, farslar və s. (Küprülü Mehmet Fuat, Nasreddin Hoca üstune, s. XXXVIII, Nasreddin Hoca Fıkraları, Türkiye İş Bankası Kültur Yayınları, 2016.) Bu cür populyarlıq Xoca Nəsrəddinin portretini heç vaxt azaltmır, əksinə, ucaldır və onu zərif yumor sahibi, ümumiyyətlə, çətin və faciəli bir zamanda xalqın ümidinə, təsəllisinə çevrilmiş sevimli və sayılıb-seçilən qəhrəman kimi hamılıqla tanıdır. Bu da bizi daha da möhkəm əmin edir ki, gülüş təkcə düşməni məhv etmək və özünümüdafiə silahı deyil, eləcə də mənliyin, bizliyin və eyniyyətin xilas edilməsi yoludur və vasitəsidir; ən çətin vəziyyətdə və durumda özününkünü yeritməyin və xilas olmağın əvəzsiz dərmanı və vasitəsidir. İndi çox qısaca desək, Xoca Nəsrəddinin lətifələrinin populyarlaşmasının səbəbi nədir və onun yumorunun özəlliyi nədədir? Bu barədə də fikir ayrılıqları mövcuddur. Məsələn, Eflatun Cem Güney belə düşünür ki, Xoca Nəsrəddin də Yunus Əmrə kimi geniş daxili aləmini bir damla göz yaşına çevirə bilmişdir. Bu nəhəng dünyadan gözəl bir təbəssüm yonulmuşdu. Bunun bir adı var: yalın və xalis söz!

 

 (davamı burada)

Müəllif: Elizbar CAVELİDZE

Gürcü dilindən tərcümə etdi:

Mirzə MƏMMƏDOĞLU