NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

“Dədə Qorqud”un on birinci boyunda “Salur Qazan tutsaq olub oğlı Uruz çıxardığı” verilib. Bu rəvayətin süjeti qısaca olaraq belədir: Trabzonun təkuru Qazan xana hədiyyə olaraq şahin göndərir. Ov zamanı şahin Tumanın qalasına endi. Qazan şahini təqib etdi. Yolda bir qalaya rast gəldi. Lakin yorğun Qazanı “kiçicik  ölüm” tutdu. Dərin yuxuya getdi. “Məgər xanım, Oğuz bəyləri yedi gün uyurdi. Anunçun “küçicik ölüm” derlərdi” (D.D.K., səh. 160; D.D.K., səh. 134; O.D.D.K.K., səh. 188).

 

Gətirilən çıxarışla qədim oğuzların yuxuya qarşı münasibəti özünü büruzə verir. Ümumiyyətlə, ta qədim dövrlərdən bəri, hələ köçəri tayfalar arasında fikir hökm sürürdü ki, insanın həyatını və fəaliyyətini onun içində olan ruh idarə edir. Onların fikrincə, yuxu və trans zamanı ruh müvəqqəti insanı tərk edir, əgər ruh insan bədənini daimi olaraq tərk edirsə, bu, artıq ölümdür (Фрезер Д.Д., “Золотая Ветвъ”, М., 1980, стр. 205). Belə ki, oğuzlar tərəfindən yuxu kiçicik ölüm olaraq qələmə verilib, erkən şaman, istərsə də Oğuz xalqının ən qədim ənənəsinin çağırışı (əks-sədası) olmalıdır. Ümumiyyətlə, ən qədim tayfalar insanın ruhunun nə yolla tərk etməsinə böyük diqqət yetirirdilər və onu dəqiqləşdirirdilər. Çünki düşünürdülər ki, ruh ağızdan, nəmdən keçərək çıxır. Ölməkdə olan insanların ağzını bağlayırdılar və nəmləri tuturdular... Daha çox diqqətəlayiqdir ki, onların fikrincə, insan yuxusunda nəsə görür, bu, onun ruhunun baxışıdır, bunu da ki, bədəni tərk edəndən sonra onu dərk edir (Elə orada, səh. 208). Eyni zamanda yuxu zamanı ruhun tərk olunması müəyyən təhlükəni də əhatə edirdi – ola bilsin ki, o, səbəblər və səbəblər üzündən bədənə bir daha qayıtmayaydı ki, bu da insanın ölümünə bərabər idi (Elə orada, səh. 209). Buna görə də təəccüblü deyildir ki, Dədə Qorqudun boylarında qəhrəman igidlərin yatması, illah da ki, o yeddi gün davam edərdisə, məğlubiyyətin və faciənin gətiricisi idi.

 

Məhz elə buna görə, dərin yuxuya dalmış Qazan xanın kafirlər üstünü aldırdılar və əl-ayağını bərk-bərk bağlayıb arabaya uzatdılar və yola düşdülər. Arabanın cığıltısı Qazanı oyatdı, gərnəşdi və kəndirləri qırdı, arabanın üzərində oturdu, qəh-qəhə çəkdi. Niyə güldüyünün səbəbini ondan soruşanda o cavab verdi: “Mərə kafirlər, bu ərəbəyi beşigim sandım. Sizi yamrı-yumrı dadim-dayəm sandım”. Bu kinayə ilə dolu cavabda  artıq Qazanın sarsılmaz ruhu və təbiəti parıldayır. Əsir götürülən igid onu əsir götürənlərə gülür və özünün ağır durumunu heç nəyə saymır...

 

Quyuya salanda böyük hay-küy qoparan Qazanın kimliyi ilə maraqlanan təkurun arvadına cavabında elə bu cür sarkazm duyulur, xatun kinayə ilə Qazandan soruşur: “Qazan bəg, nədir halın? Dirliyin yer altındamı xoşdur, yoxsa yer yüzindəmi xoşdur? Həm şimdi nə yersən, nə içərsən və nə binərsən?” Qazan bu dəfə də alınmazdır: “Ölülərinə aş verdigin vaqt əllərindən aluram. Həm ölülərinizin yorğasın binərəm, kahillərin yedərəm”. Buna görə təkurun arvadı yalvarır: “Dinin içün, Qazan bəg, yedi yaşında bir qızcugazım ölmüşdür, kərəm eylə, ana, binmə!” Qazan bu dəfə də amansızdır: “Ölülərinizə andan yorğa yoqdur, həp ana binərəm!” Nəhayət, qəzəblənmiş xatun hay verir: “Vay, sənin əlündən nə yer yüzində dirimiz və nə yer altında ölümüz qurtulurmuş!” Bu haylama da Qazanın yenilməzliyindən xəbər verir.

 

Fikrə gedən təkur bəyləri topladı və dedi: “Gəlün Qazanı quyudan çıqarun, bizi ögsün, Oğuzi sındırsun. Andan sonra şərt üyləsün, bizim elümizə yağılığa gəlməyə”.

 

Beləcə də hərəkət etdilər. Qazana and içdirdilər. O da and içdi: “Vallah, billah, doğrı yolı görər ikən əgri yoldan gəlməyəyin”, - dedi. İndi ona dedilər, bizi təriflə. Qazan dedi: “Mən yer yüzində adam ögməzin. Bir adam gətürün, binəyim, sizi ögəyim!”. Nə etsinlər, gedib bir kafir gətirdilər. Onun belinə yəhər saldı, ağzına da yüyən keçirdi. Sıçrayıb belinə mindi, yüyəni çəkdi, ağzını yırtdı. Odur ki, kafiri öldürdü və sonra qopuz istədi.

 

Burada bütöv şeirlər silsiləsi başlayır ki, onu da Qazan oxuyur. Faktiki olaraq, bu, Qazanın özünü tərifdir.  Əvvəlcə Qazan bizə tanış edir, düşmənin çoxluğu onun heç vecinə də deyildir. Yüz min ərin də öhdəsindən gəlirdi. Başlarını vururdu. Sonra o bizə məlumat verir ki, nəhəng yuvarlanan daşları dizləri ilə saxlayırdı və Fironun qılıncı onu qorxutmurdu. Böyük bəylər oğlunu qavğa etsə qamçı ilə yerini göstərərdi. Bələdçisiz  yoluna davam edərdi, yeddi başlı əjdahanın öhdəsindən gəlirdi. Sonra Qazan onu bizə tanış edir ki, Əmman  dənizi sahilində salınmış, altı dəfə oğuzların hücum etdiyi, amma ala bilmədiyi qala-şəhri altı nəfər ərlə altı gündə axırına çıxır... İndi Qazan onu əsir götürənlərə qarşı hücuma keçir və xatırladır ki, dağda-daşda qabağımdan çox qaçıbdır, ey kafir, atan sənin. Oynatmışam qabağımda, çox fırlanıb qız-gəlinin. Ağ hasarın qalasının bürcünü yıxdım. Ağ gümüş gətirdilər, “heçdir, puçdur” söylədim. Qızıl-altun gətirdilər, adicə “misdir” dedim. Ala gözlü qız-gəlini gətirdilər, aldanmadım. Və nəhayət, vurğulayır:

 

“Aq qayanın qaplanının erkəgində

                                     bir köküm var,

Ortac qırda sizin keyiklərinüz durğurmaya.

Aq sazın aslanında bir köküm var,

Qaz alaca yundunı durğurmaya,

Əzvay qurd ənügi erkəgində bir köküm var,

Agca bəkil tümən qoyunun gəzdirməyə,

Ağ sunqur quşı erkəgində bir köküm var,

Ala ördək, qara qazun uçurmaya.

Qalın Oğuz elində bir oğlun var, - Uruz adlu;

Bir qardaşım var - Qaragünə adlu

Yenidən toğanını dirgürməyələr.” (D.D.K., səh. 164; D.D.K., səh. 138; O.D.D.K.K., səh. 193).

 

Bu son şeirlə bu şeirlər silsiləsi sona yetir. Bunu ona görə gətirmək qərarına gəldim ki, burada oğuzların öz cinsinə və nəslinə qarşı münasibəti aydınca görünür. Oğuz igidi inanırdı ki, o, pələngin, şirin və istərsə də qurd nəslindən və ağ sunqur quşu cinsindəndir. Onun nəsli məğlubedilməzdir və ona xain çıxan deyildir. Elə burada fövqəladə şəkildə qeyd etməliyəm ki, Qazanın özünü tərifləməsi əsas fikrin üzərə çıxmasına bir növ mənzərə yaradır ki, bu da bir silsilənin bütün şeirlərində əhatə olunub və belə səslənir:

 

“Ansa dəxi “ərəm, bəgəm” deyü ögünmədim.

Ögünən ərənləri xoş görmədim.

Əlünə girmişkən, mərə kafir, öldür məni,

                                                  yetür məni.

Qılıcından saparım yoq!

Kəndü əslim sımağım yoq!” (D.D.K., səh. 162-163; D.D.K., səh. 138-139; O.D.D.K.K., səh. 192-193).

 

Yuxarıda qeyd etdiyim kimi, gətirilən bənd Qazanın bu geniş mahnılar silsiləsinin bütün şeirlərində nəqarat kimi təkrar olunur və xüsusi fikirlə yüklənir. O, sanki kədərin zəngi kimi səslənir, lakin onun avazı bizə bir həqiqəti tanış edir, nəslinə və cinsinə xain çıxmır, həyatı bahasına olsa da. Bu, Oğuz igidlərinin qəti qərarıdır ki, bu da onların etik inamının əsasıdır və müvafiq olaraq, estetik emosiyanın oyanış mənbəyidir də.

 

Boyun ikinci hissəsi artıq oxucu üçün ünlü olayla xatırlanır, Uruz bilmir onun atası kimdir və onun sağ olduğunu, Tuman qalasında əsir olduğunu biləndə, bütün bunları anasının gözlətdiyinə görə bir növ qəzəblənir və onu söyür, ölümlə hədələyir, özü isə bəylərin müşayiəti ilə atasını xilas etməyə gedir.

 

Bu dəfə də kafirlər hiyləyə əl atırlar, Qazanı silahlandırıb onun ətrafına toplandılar. Qazana dedilər ki, düşmən üstümüzü aldırdı və əgər sən bu düşməni başımızdan rədd etsən, səni azad edərik.

 

İgidlər arasında qarşılıqlı döyüş başladı. Qazanı tanımadığından ona hücuma keçirlər. Əvvəlcə Beyrək hücuma keçir, sonra İlək qoca oğlu Dönəbilməz, Dülək Uran. Qazan hər üçünü dəf edir. Sonra Uruz hücuma keçir, onun omuzuna dörd barmaq enində yara yetirir və sonra yenə yekun zərbəni endirmək istəyir. Bu zaman Qazan çağırıb oğluna deyir:

 

“Qara dağım yüksəgi oğul!

Qarannulu gözlərim aydını oğul!

Alpım Uruz, aslanım Uruz,

Ağ saqallu babana qıyma, oğul!”

 

Bu sözləri eşidən Uruz atdan düşür və atasının əlindən öpür. Oğuz bəyləri də atdan endilər, Qazanın əlini öpdülər və ayaqlarına döşəndilər.

 

Yemək-içmək təşkil etdilər. Dədəm Qorqud gəldi, qopuz çaldı. Qazi ərənlərin, dünya mənim deyənlərin  başına gələnləri söylədi.

 

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU