Gürcüstanın ilk çarı, Uplissixe və Msxetanın əsasını qoyan Parnavazın ata tərəfi gürcü, ana tərəfi isə İsfahandan olan fars idi.
1089-cu ildə Gürcüstanda görünməyən hadisə baş verdi. Çar II Georgi istefa verərək gənc oğlu Davidi taxta çıxartdı. Tarixdə Qurucu adı ilə tanınmış IV David öz fəaliyyətini Gürcüstanın birləşdirilməsinə həsr etmişdir. Onun arvadı Buranduxt qıpçaq xaqanı Ətərəkin qızı idi. Qıpçaqlar o vaxtlar Şimali Qafqazda yaşayırdılar. “Gürcüstan həyatı”nın verdiyi məlumata görə, Qurucu David Daryal yolu ilə qıpçaq ölkəsinə getdi və xaqana qonaq oldu. Səmimi danışıqlardan sonra çar David qırx min döyüşçünü öz ailələri ilə birlikdə Gürcüstana köçürmüşdü. Və nəticədə qırx min qıpçaq döyüşçüsünü öz sıralarına qatan gürcü ordusu olduqca güclənmişdi.
David Tiflisi ələ keçirəndən sonra burada yaşayan müsəlmanlara, o cümlədən tacirlərə xüsusi hörmət bəsləyirdi.
İbn əl-Əsrək əl Fariki özünün “Mayyafarikanın tarixi” əsərində yazır: “Müsəlmanlar darmadağın ediləndə, Nəcməddin iyirmi atlı ilə bərabər öz ölkəsinə qayıtdı. Onunla olanların hamısı çıxıb getdi, оnun özü isə Mayyafarikaya qayıtdı.
Qoşun darmadağın ediləndən sonra abxazlar çarı (IV David) Tiflisdə dayanaraq ona hücum etdi, sonra onu qılıncla ələ keçirərək 1118-ci ildə şəhərə daxil oldu. O, şəhəri taladı və çox hissəsini yandırıb-yaxdı. Bundan sonra əhaliyə aman verdi. Onlara yaxşı münasibət göstərdi. Onların seçimi çara şərait yaratdı. O, müsəlmanların yaşadığı ərazilərdə donuzun saxlanılmasını qadağan etdi. Onlar üçün üzərində xəlifə və sultanın adı olan sikkə kəsdirdi. O, belə bir şərt də qoydu ki, gürcü, yəhudi və ermənilər İsmayıl hamamına getməməli, cümə günü isə minbərdən özünə deyil, xəlifə və sultanın adına dualar oxunmalıdır. O, ildə gürcülər üçün 5 dinar, yəhudilər üçün 4 dinar, müsəlmanlar üçün isə 3 dinar vergi təyin etdi. O, həmçinin belə bir şərt də qoydu ki, müsəlmana cəza verən onun gözündə qiymətdən düşəcəkdir. O, müsəlmanlara münasibətdə tamamilə alicənab olmuş və islam dininə, elmə, sufizmə müsəlmanlardan da çox hörmət və məhəbbət göstərmişdi”.
Ərəb yazıçısı İbn əl-Lain yazır: “Mən müsəlmanlar üçün bütün bu üstünlüklərin hələ də tamamilə keçərli olduğunu 1153-1154-cü illərdə ora gedərkən öz gözlərimlə gördüm. Həmin vaxt mən Tiflisə gələn və bir neçə gün burada qalan Demetreni gördüm. Cümə günü o, məscidə gəldi, minbərin və xətibin qarşısındakı kətildə oturdu və xütbələri sonadək dinlədi. O, camaat namazını qılıb qurtaranadək orada qaldı, sonra isə çıxıb getdi. Həmin gün məscid üçün 200 qızıl dinar və ianə etdi...” İbn əl-Lain başqa bir yerdə isə belə yazır: “David oğlu Demetre ilə birgə hər gün məscidə gedir, çarın ünvanına oxunan duaya və Qurana qulaq asırdı. David imam və xətiblərə səxavətlə pul paylayardı. O, yad icmalar üçün karvansaraylar tikdirmiş, şairlər üçün təqaüd təyin etmişdi. Əgər birisi Tiflisi tərk etmək istəyirdisə can-başla ona yardım edir, yol xərclərini ödəyirdi...”
Ş.Mesxi “Didqori savaşı” kitabında yazır: “IV Davidin ordusu ilə İraq səlcuq sultanı Mahmudun ordusu arasında 1221-ci ildə Tiflis yaxınlığındakı Didqori ərazisində baş verən döyüşdə IV Davidin 60 minlik ordusu (bunun 15 mini qıpçaq, 5 mini osetin və Qərbi Avropa səlibçilərinin dəstəsi idi) sayca üstün olan səlcuqlara qalib gəldi. Gürcüstanın səlcuq əsarətində olan hissəsi, o cümlədən Tiflis azad edildi”.
İbn əl-Əsir bu döyüşün bir səhnəsi haqqında belə bir məlumat verir: “Hər iki tərəf savaşa başladı. Qıpçaqlardan ibarət 200 nəfərə yaxın döyüşçü meydana atıldı. Müsəlmanlar elə zənn etdilər ki, onlar aman diləmək istəyirlər. Lakin qıpçaqlar ox atmağa başladılar və müsəlmanlarn cərgəsi pozuldu... Bu minvalla müsəlmanların çoxusu öldürüldü və dörd min nəfər əsir alındı”.
Professor K.Qriqoliya “Gürcüstan həyatı” nəyi nəql edir” kitabında yazır: “... Şirvanşaha qonşu sultan Əbubəkr hücum edəndə Şirvanşah bu barədə çariça Tamaraya məlumat verdi. Gürcü çariçası təcili David Soslanın başçılığı altında öz qoşununu Şirvana göndərdi. O, Əbubəkri möhkəm əzişdirmək və Şirvandan çıxarmaq barədə əmr verdi.
Öz tərəfindən Əbubəkr də döyüşə hazırlaşmağa başladı. Bəzi qonşu ölkələr də ona yardım etdi. Böyük qoşun yaratdı. Şəmkir yaxınlığında həlledici döyüş oldu.
David özünü məharətli sərdar kimi apardı. O, qoşunu iki hissəyə böldü. Özü əsas ordu ilə Şəmkir qala-qəsrini sol tərəfdən hərlənib pusquda durdu. Kiçik orduya isə savaşı başlamağı tapşırdı. Şəmkir qalasının qapısı və körpüsü yaxınlığında şiddətli döyüşlər oldu. Əbubəkr güclü hücuma keçdi. Gürcü qoşunları çətinlik qarşısında qaldı. Ordu iki yerə bölünsə də düşmən əl çəkmirdi. David öz qoşunu ilə Gürcüstan bayrağı altında qəflətən özünü yetirdi. Çarın görünməsi düşməni vəlvələyə saldı. Gürcü qoşunları düşməni möhkəmcə əzişdirdi və qovmağa başladı. Ondan xəlifə tərəfindən verilən bayrağı aldı, çoxlu əsir və hərbi ləvamizat ələ keçirdi... Şəmkir döyüşü 1195-ci ildə baş vermişdi”.
Gürcü salnaməçisinin yazdığına görə, XIII əsrdə çariça Tamaranın nəvəsi Anadolu səlcuq sultanına ərə gedir. Bu, gözəl və ağıllı bir xristian qızı üçün asan deyildi. Sultan Qiyasəddin bu iradəli, ortodoks təbəəsi olan şahzadəyə Gürcü xatın adını verir. Gürcü xatın sultan sarayında böyük hörmət və izzətə malik idi. O, bir çox xeyirxah işlərin təşəbbüskarı olmuşdu.
İrandakı azərbaycanlılar sülaləsindən ibarət Səfəvilər dövlətinin Gürcüstanla normal və işgüzar əlaqələri mövcud idi. “Azərbaycan tarixi”nin I cildində bu haqda belə yazılıb: “Gürcü çarlarının kömək üçün İsmayıla müraciət etməsi qızılbaşların Gürcüstana yürüşlər etməsinə səbəb oldu. 1516-cı ildə “Başı Açıq hakimi” (İmereti) Mənuçöhr tərəfindən məğlub edilən Mesxi (Samsxe) çarı IV Kvarkvare (1516-1535) Naxçıvandakı qışlağa gəlib müdafiə olunmasını İsmayıldan xahiş etdi. Şah İsmayıl 1517-ci ildə Div Sultanın başçılığı altında Şoragel yolu ilə Gürcüstana xüsusi qoşun göndərdi. Nəticə etibarilə Mənuçöhr məğlub edildi və o, Rum elinə, Türkiyəyə qaçdı. Kvarkvare isə taxtına çıxdı”.
“Azərbaycan tarixi”nin başqa bir yerində oxuyuruq: “1615-1616-cı illərdə Şirvanda güclü üsyan baş verdi. Az sonra Gəncə yaxınlığındakı Dəngi vilayətinin əhalisi də bu mübarizəyə qoşuldu. Onlar mülazimləri (hərbi xidmətçiləri), Gəncə hakimi Məhəmməd xan Ziyad oğlu Qacarı öldürüb, şirvanlılarla birlikdə Kaxet çarının başçılığı altında İran zülmünə qarşı mübarizə aparan gürcü üsyançıları ilə əlaqə yaratdılar”.
Adı çəkilən kitabın daha bir yerində isə belə qeydlər var: “1785-ci ildə Quba xanlığı İrana və Osmanlı Türkiyəsinə qarşı birgə mübarizə aparmaq üçün Gürcüstan çarlığı ilə ittifaqa girdi”.
Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı qazaxlıların və borçalıların gürcülərlə birlikdə fədakarcasına vuruşmasını S.Kişmişov qeyd edir: “Öz hərbi qüdrətini artıran çar İrakli özünün çarlığına aid olduqlarına görə borçalılardan, qazaxlılardan, şəmşəddillilərdən könüllülər tələb etmişdi. Bu məqsədlə hələ avqustun əvvəllərində İrakli öz oğlu şahzadə Aleksandreni buraya göndərmişdi. O isə yalnız yerli tayfalardan könüllüləri deyil, eləcə də Arpaçay sahillərində və Pəmbəkdə tərəkəmələri (azərbaycanlıları – M.M.) xidmətə dəvət etmişdi”.
Mirzə Yusif Qarabaği “Tarixi-Safi” əsərində II İrakli barəsində yazır: “Ağa Məhəmməd xanın Gürcüstana hücumunun qabağını almaq üçün öz adamlarından və Qazax elinin müsəlmanlarından xeyli atlı toplayıb onun qarşısına göndərdi”.
Soydaşlarımızın II İrakliyə yaxından kömək etmələri haqqında “Kavqaz” qəzetinin 1906-cı il 27 yanvar tarixli sayındakı “Gürcülər ilə müsəlmanlar arasındakı qarşılıqlı əlaqələr” adlı məqalədə də ürəkdolusu söhbət açılır: “Ağa Məhəmməd şah Qacar Tiflisi mühasirəyə alarkən gürcü çarı amansız düşmənə qarşı səkkiz min qoşunla vuruşmağa məcbur olmuşdu. Gürcüstan uğrunda döyüşən cəsurlar sırasında qazaxlılar və borçalılar da var idi. Bu tatarlar (azərbaycanlılar – M.M.). Gürcüstan uğrunda sanki öz vətənləri uğrunda canlarını qurban verirdilər”.
Mirzə Məmmədoğlu