Elizbar CAVELİDZE

(əvvəli burada)

On ikinci boy. Yaz ayları gəlmişdi. Çənlibeldə başqa bir aləm idi. Dürat, xam dəli ayğırlar dəlisov olmuşdular. Düratın nadincliyi tutdu və başladı ayğırlarla giciməyə. Birini vurdu, birini qapdı, birini  təpiklədi. Axırda hamısını qabağına qatdı. Çənlibeldən aşağı töküb qovmağa başladı. Gethaget, gethaget, ilxı dağlar aşdı, düzlər keçdi, yamaclar dırmandı, enişlər endi, gəlib Ballıcada Qara xanın qoruğuna doldu. Qara xan əzazil bir xan idi. Gözlənildiyi kimi, bu tamahkar xan bu ilxıya yiyələndi.

 

Koroğlu bir növ bu ilxının, ələlxüsus da Düratın itirilməsinə üzüldü. Hirsindən dodaqlarını gəmirirdi. Nə dəlilər, nə Nigar xanım onu sakitləşdirə bildi.

 

Bu zaman Ballıcalı Qara xanın mehtəri peyda oldu. Mehtər Koroğluya ilxısına və Düratına kimin sahib çıxdığını xəbər verdi.

 

Koroğlu həmin an Qıratın belinə atıldı və dəstə Ballıcaya doğru istiqamət götürdü. Koroğlu dəliləri kənarda qoydu. Özü isə ilxıçı paltarı ilə Qara xanın yanına getdi. Qara xan ilə onun arasında söhbət olur, bu zaman Qara xan özünü ədəbsiz aparır və onunla lağlağı danışır. Koroğlu bir müddət səbir edir. Sonra isə ilxıçı paltarını soyunub qılıncı sivirir və ona hücum edir, bir andaca başını vurur. Dəlilər də davaya qoşulur, qırılan  qırılır, qırılmayan da qaçır. Dəlilər Düratla bərabər, ilxı və böyük qənimətlə Çənlibelə qayıdırlar. Nigar xanım Koroğludan Ballıca səfərinin necə keçdiyini soruşanda, o, sazı sinəsinə basıb bu hücum barədə söz söyləyir...

 

Bu qısa həcmli dastan bir daha Koroğlunun misilsiz döyüş sənətini bizə nəql edir ki, bu da qırmızı xətt olaraq bütün dastanlardan keçir və bu baxımdan hər hansı bir diqqəti özünə cəlb etmir.

 

On üçüncü boy. Bu dastanın süjeti əvvəlki boylarda nəql olunan hadisələrin davamıdır:

 

Hasan paşanı Koroğlu ilə Ələmqulu xanın qohumluğu narahat etdi, Bolu bəyi və Ərəb Reyhanı yanına çağırtdırdı. Tədbir elədilər ki, Çənlibelə üç tərəfdən hücum eləsinlər. Hər üç paşa çoxbilmiş, hiyləgər idi. Hər üçü bu hücum zamanı az ziyan çəkmək və daha artıq mənfəət əldə etmək barəsində düşünürdü.

 

Rəvayətçi bu bəylərin eqoizmi və bir-birinə olan hiyləgər münasibəti elə irəlidən bizə nəql edir, bu da, ümumiyyətlə, eposun əsas motivinin başlıca məqsədini ifadə edir.

 

İlk olarq Çənlibel yörələrinə Bolu bəy ayaq basdı və öz sərkərdələri ilə birgə o yerləri bələdləməyə başladı. Koroğlu bir qayda olaraq səhər tezdən Çənlibelin ətrafını dolaşırdı. O, çoxlu atları, adamları görəndə geri gəlib dəlilərə xəbər verməyə ərindi. Lakin yolda Bolu bəylə üz-üzə gəldilər. Onlar arasında dialoq baş verir. Koroğlu Bolu bəyi əmin edir ki, o qoruqçudur. Lakin mehtər Murtuz onu görcək tanıdı. Onu tutdular və nə qədər döydülər, əzab verdilər, sındıra bilmədilər və onun Koroğlu olduğunu boynuna qoya bilmədilər. Lakin Bolu bəyi də, hər halda, şübhə hissi gəmirirdi və Koroğlu sazı sinəsinə basdı, onun cavabında dedi:

 

“...Koroğlu dediyin bir bəl-bəlidi,

Çənlibeldə dövran quran dəlidi,

Öz adım Rövşəndi, atam Alıdı,

İndi Bolu, mən Koroğlu deyiləm” (Bax: “Koroğlu”, səh 504; 527).

 

Böyük tərəddüddən və məşvərətdən sonra Bolu bəy Koroğlunu aparmaq qərarına gəlir. Çünki mahnıdan bir şey çıxmadı, Koroğlu indi məntiqi mühakiməyə əl atır: “Yaxşı, sənin ağlın yoxdu, bu adamın sözünə baxıb məni aparırsan. Xotkarın da ağlı yoxdu? Ya mənim dilim yoxdu ki, onu başa salmayam? Niyə xotkar görmür ki, mən yaraqsız-yasaqsız bir adamam? Belə də Koroğlu olar?” Koroğlunun sözləri Bolu bəyi lap inandırdı. Əmr etdi, Koroğlunun əllərini açdılar. Koroğlu durub getmək istəyəndə Bolu bəy söz tulladı: “Deyirlər, qoç Koroğlu çox igiddi. Heç zaddan qorxmaz. Heç zadı da gizlətməz. İndi olan oldu, keçən keçdi. Görürsən ki, bax əllərin də açıqdı. İndi mərdi-mərdana özün de görək, sən Koroğlusan, ya yox?”

 

Koroğlu gülərək dedi: “İndi ki, sən mərdi-mərdana soruşursan, mən də mərdi-mərdana sənə cavab verəcəyəm. Bəli, mən Koroğluyam!”

 

Bolu bəy hiylə niqabını üzünə çəkərək deyir: “Hasan paşa məni göndərib ki, səni tutub aparam, əvəzində onun qızı Dünya xamımı alam”. Koroğlu gülərək deyir: “Balam, bu Hasan paşa mənim yolumda qızlarını nə yaman hərrac-bazara qoyub satır? İndi ki belədi, qoy olsun. Mənim ucbatımdan onun bir qızı Həmzəyə gedib, qoy bu biri də sənə getsin”. Sonra dedi: “Mən Koroğluyam. Bir sözü ki dedim, ölüm də olsa, ondan dönmərəm. İndi ki sən Hasan paşanın qızını almaq istəyirsən, o da qızın əvəzində səndən məni istəyir, eybi yoxdu. Mən razıyam. Qoy gedim, yaraq-yasağımı götürüm, gəlim”.

 

Koroğlu Çənlibelə getdi. Başına gələnləri heç kimə danışmadı. Danışsaydı, onu buraxmayacaqdılar. Gizlicə geyindi, yaraqlarını götürdü, ata minib geri qayıtdı. Bolu bəyə dedi: “...Mən vədimə doğru çıxıb gəldim. Ancaq sən bayaq məni tutmuşdun. Birdən elə fikir eləyərsən ki, elə məni, doğrudan da, tutub apara bilərsən. Odu ki sənlə bir şərtim var. İndi gərək səninlə bir savaşam. Sən mənim gücümü görəsən, mən sənin. Ondan sonra gedək. Özü də sinəmə dörd xana söz gəlib. Əvvəl onu deyim, sonra vuruşaq”. Bu şeirlə Bolu bəyə hərdən əli beldə durub əmr etdiyini, hərdən-hərdən asın-kəsin dediyini, hərdən hökm eləyib gölə basdığını, yeddi min dəlinin kəltə kəli olduğunu və düşmənin qanından içsə doymadığını xatırladır... Bolu bəy yenə hiylə niqabını üzünə çəkir və mübarizə aparmaqdan boyun qaçırmaq istəyir. Lakin Koroğlu mübarizə aparmaq istəyir. Misri qılıncı çəkir və qoşuna hücum edir. Hələ lap uzaqdan şeşpəri qaldırır. Elə tullayır ki, Qəcər Alı təpəsi üstə gəlir yerə. Bolu bəy bunu görəndə özünü atdı Koroğlunun ayaqlarına. Koroğlu atdan yerə düşüb çökdü Bolu bəyin sinəsinə və dedi:

 

“Qollarını bağladaram,

Bolu, mən sənin, mən sənin.

Anacığın ağladaram,

Bolu, mən sənin, mən sənin.

 

Gözlərinə kül qoyaran,

Ovucuna pul qoyaram.

Nişanlını dul qoyaram,

Bolu, mən sənin, mən sənin.

 

Qızıb sinənə çökərəm,

Əlif qəddini bükərəm,

Üstünə alov tökərəm,

Bolu, mən sənin, mən sənin.

 

Koroğluyam, iş bitirrəm,

Səni dünyadan itirrəm,

Başın bədəndən götürrəm,

Bolu, mən sənin, mən sənin” (Bax: “Koroğlu”, səh 508; 531-532).

 

Şeiri deyəndən sonra Koroğlu Bolu bəyin sinəsindən qalxdı və dedi: “İndi mən sənin ixtiyarındayam. Hara istəyirsən, necə istəyirsən, apar!”

 

Bu epizodu geniş şəkildə ona görə gətirdim ki, iki fərqli insan qrupları aydın şəkildə bir-birindən ayrılıb: Birinci tərəf qarşılıqlı dözülməzdir – yalnız özləri barədə düşünən bəylər və paşalar. İkinci tərəfdən isə azadlıq uğrunda fədakarlıqla mübarizə aparan Koroğludur ki, konkret halda gözüaçıq və danəndə insan, böyük məntiqi mühakimə ustadı kimi bizə təqdim olunur. Eyni zamanda igidlik ruhuna və əxlaqi xüsusiyyətlərə malikdirdir ki, bu da aydınca özünü göstərir. Birincisi, başına bədbəxt hadisə gələni heç kim görmür. İkincisi, verdiyi sözə möhkəm əməl edəndir, onu həyatı bahasına qoruyur və üçüncüsü, Koroğlu qafqazlı, xüsusən azərbaycanlı cəngavərlərin elədikləri kimi, əvvəlcə özünün “mənliyinin” yenilməzliyini sübut edir və sonra sözünə yalan çıxmamaq üçün öz istəyi ilə düşmənə təslim olur.

 

Tamamilə aydındır ki, bu, Orta əsrlərin qafqazlılarının əxlaqi inanc və etik məcəlləsidir, bu da estetik yüksəkliyə qədər ucaldılıb və mənim tərəfimdən dəfələrlə deyilən baxış dairəsini möhkəmləndirir: Əxlaqi olan şey gözəldir və gözəl olan şey əxlaqidir.

 

Lakin indi yenə eposun süjetinin gedişinə qayıdaq.

 

Koroğlu ilə Bolu bəy arasında dialoq baş verir: Koroğlunun döyüşünün nəticəsini görən Bolu bəy onu aparmaqdan imtina edir, çünki yolda Koroğlunun bir daha öz gözləri ilə gördüyü bu cür zarafatlar edəcəyindən qorxur. Ona nə Hasan paşa lazımdır, nə də qızı. Koroğlu onu sakitləşdirir və əmin edir ki, Koroğlu söz verməz, verdi, müxənnətlik etməz və indi ki ondan ehtiyat edir, budur, gəl qollarımı bağla elə apar deyir. Bolu bəyə də elə bu lazım idi. Möhkəm zəncirlə Koroğlunun qollarını dalına bağladılar. Sonra bir-iki kəndirlə də ata sarıdılar. Koroğlunu qabaqlarına qatıb yola düzəldilər. Koroğlu Bolu bəyə xatırladır ki, qızı almamış onu Hasan paşaya təhvil verməsin. Yoxsa, o işi ki, mən Hasan paşanın başına gətirəcəyəm ondan sonra o sənə qız verməz.

 

Bolu bəy razılaşır, lakin bir hiyləgərlik yenə edir. Gözlənilmədən onun başına var gücü ilə qılınc vurur. Üz-gözü qızıl qana boyanan Koroğlu ona deyir: “Ay namərd, belə niyə elədin?” Bolu bəy isə deyir: “Elə elədim ki, inanalar. Mən gəlmişdim sənin ya başını aparam, ya leşini. İndi başını da aparıram, leşini də. Sən Koroğlusansa, mənə də Bolu bəy deyərlər!”

 

Koroğlu elə bircə bunu dedi: “Günah səndə deyil, məndədi. Mənə bu da azdı”.

 

Koroğlunun başını da bağlamadılar. Elə qanı axa-axa düzəldilər yola. Koroğlunun əli hər yerdən üzüldü. Bu dar vaxtında Çənlibel, dəlilər, xanımlar yadına düşdü. Qanrılıb elə baxdı, gördü uzaqdan Çənlibelin qoşa təpələri görünür. Ürəyi qubar elədi və narahat qəlbinin fəryadı olan bir gəraylı dedi (Bax: “Koroğlu”, səh. 510, 533-534).

 

Süjetin bu kəsiyi də oxucunu bir daha əmin edir ki, xain və hiyləgər insan öz xəyanətkarlığından əl çəkmir. Dastanın müəllifi Bolu bəyin riyakar təbiətini təəssüratoyadıcı şəkildə təsvir edir, bu da ki, yetişən havaya müvafiq olaraq xarakterini dəyişir: Məğlub olanda Koroğlunun ayaqlarından öpür, hiyləgərliklə aldadılan və yoldan çıxarılan Koroğlu ilə özünü tay tutur: “Sən Koroğlusansa, mənə də Bolu bəy deyərlər”. Koroğlu öz günahını başa düşür, etiraf edir ki, bu xəyanətkarın bayramı onun üzündəndir və bundan da betərinə layiq olmalıdır. Lakin onun xarakterinə, düşmənə qarşı amansızlığına və nifrətinə baxmayaraq, hər halda, daxili saflığına görə bağışlayandır və mərhəmət edəndir. Bu, qafqazlı igidlərin qəbul etdiyi ənənə idi: Məğlub olanı bağışlamaq və rəhm etmək! Koroğlu da bu tiplər sırasına yazılıb.

 

Koroğlu yolda qabaqdan gələn karvana baxdı ki, dostu Xoca Əziz də bəzirganların içindədi və ona öz durumunu işarə eylədi. Xoca Əziz tezcə özünü Çənlibelə yetirdi. Hər şeyi danışdı. Eyni zamanda Aşıq Cünun da özünü yetirdi. O da öz tərəfindən əlavə etdi. Xanlar və bəylər üç tərəfdən Çənlibelə hücuma keçmək niyyətində idilər. Dəlilərin içinə vəlvələ düşdü. Bəziləri bir şey söyləyirdi, bəziləri isə başqa şey. Nəhayət, yenə Nigar xanımın müdrik məsləhəti qalib gəldi. İsabalını yaralı Koroğlunu hara apardıqlarını müəyyən etmək üçün göndərdilər.

 

Bolu bəy isə Koroğlunu birbaş Ərzincana apardı və Hasan paşaya namə göndərdi. Namədə deyilirdi ki, Koroğlunu tutub gətirmişəm. Mən istəyirəm ki, Dünya xanımı bir günlüyə Ərzincana göndərəsən və sonra onu gətirmək mənim boynuma. Hasan paşanı Bolu bəyin naməsi hirsləndirdi. Lakin bir xeyli fikirləşəndən sonra öz qızını kəcavə ilə Ərzincana göndərdi. Özü isə atını minib xotkarın yanına gözaydınlığına getdi.

 

Dünya xanımın Bolu bəyi görəsi gözü yox idi. Amma yazıq nə eləsin? İxtiyarı nəyə çatırdı?

 

Ərzincana çatan Dünya xanımın yuxusu ərşə çəkildi. Qaranlıq düşəndə durub ayağa pəncərəni açıb əyləşdi qabağında. Qulaqlarına bir səs gəldi. Kimsə elə yanıqlı oxuyurdu ki, səs elə dərindən gəlirdi, elə bil quyunun dibindən gəlirdi. Qarabaşı yanına çağırdı. Bunun nə səs olduğunu soruşdu. Qarabaş da dedi ki, Koroğludur. Həmin an ondan gizlicə Koroğlunun salındığı o quyunun yanına aparmasını xahiş etdi. Getdilər, söhbət etdilər və Dünya xanım əvvəlcə onu yemləmək, sonra xilas etmək qərarına gəldi. Koroğlu isə quyudan aşiqanə bir gəraylı söylədi. Evə qayıdan Dünya xanım yenə pəncərənin önündə oturdu. İsabalı gözünə sataşanda evə dəvət etdi. Sən demə, bundan öncə qoşunun böyüyü ilə İsabalı çənə-boğazlıq edibmiş. Sən demə, qarabaş İsabalını içəriyə gətirəndən sonra qoşun böyüyü bir baş qaçıb əhvalatı Bolu bəyə danışıb. O isə qoşun yeritdi, ətrafı aldı. Dünya xanım ilə İsabalı arasında aşiqanə deyişmə baş verir. Qadın yalvarır ki, özünə bir çarə bul, dur get bu yerdən. İgid qaçmağı qeyri-əxlaqi hesab edir. Qısası, Dünya xanım və İsabalı bir yerdə gəldilər quyunun başına. Dünya xanımın Koroğlu dəlilərindən gələn olmadı, Bolu bəy də səni asmaq istəyir, nə edək? sualına Koroğlu quyudan dəliləri tərif eylədiyi mahnı ilə cavab verir. İsabalı Koroğluya səslənir ki, can Koroğlu, buradayam, çalıb-oxumaq vaxtı deyil, düşmən dörd tərəfimizi alıb, tez çıx görək nə eləyirik. İp atıb Koroğlunu tezcə quyudan çıxartdılar. Sonra onlar tövləyə girdilər və atları çıxartdılar. Sonra Koroğlu bir Dünya xanıma baxdı, bir İsabalıya baxdı və dedi: “Dünya xanım, hazırlaş, səni də aparacağıq, yenə də qoşma deyir və bitirər-bitirməz Koroğlu özünü vurur qoşuna. Qoşun elə bircə dəfə Koroğlunun boyunu gördü. Kim hara qaçırdı, necə qaçırdı, bilinmirdi. Üz qoydu qaçmağa. Qoşun Koroğludan gördüyünü görmüşdü. Bir anda meydan boşaldı. Koroğlu baxdı ki, Bolu bəy işi pis görüb əkilmək istəyir. Elə həmin an onun üstünü aldırdı. Hökmünü şeirlə dedi. Koroğlu qılıncı onun başına elə endirdi, iki bölündü. Sonra mehtər Murtuz gözünə dəydi, bu sonuncu özünü atdı Qıratın ayaqları altına və yalvarmağa başladı: “Koroğlu, bir qələtdi eləmişəm. Qul xatasız olmaz, ağa kərəmsiz. Məni dolandır Eyvazın başına”. Koroğlu onu qabağına qatdı. İsabalı onu tanıyanda əlini qılınca atdı. Koroğlu onu qoymadı, Çənlibelə aparmalıyıq dedi. Bu ərəfədə Dünya xanın bir atın üstündə, qarabaş da bir atın üstündə gəldilər. Hamı Çənlibelə tərəf yola düşdü. Dağları görən kimi Koroğlunun ürəyi oynadı, gözləri doldu. Üzünü dağlara tutub qoşma dedi. Burada dağları qardaş kimi xatırladır, çünki onun döyüşlərində həmfikir olduğu və tacir-tüccarlarları orada gizlətdiyi, sirrini açmadığı sirdaşıdır və vurğulayır:

 

“Koroğluyam, gəzdiyimi tapardım,

Qayalar başında qala yapardım,

Ağ sürüdən əmlik qizi qapardım,

Yeyib qurtaranda ulaşım, dağlar! (Bax, “Koroğlu”, səh. 523).

 

Sonunda onu demək mümkündür ki, öz igidliyi və mənəvi yüksəkliyinə əmin olan Koroğlu bağışlamaq həddini aşır, göründüyü kimi, bu, onun irsi xüsusiyyətidir. Unutmamalıyıq ki, bu sarsılmaz inam həmçinin özünün silahdaşlarının, məsləkdaşlarının möhkəm sədaqəti və mərdliyi ilə məğlubolunmazlığın qidavericisidir. Doğrudan da dəlilər heç bir zaman xəyanət etmirlər.

 

Elə bu dastanda daha bir sevgi ilə dolu olan və ucalan ləyaqətli xanımın obrazı təsvir olunur. Haqqın haqlığı üçün və sevginin qələbə çalması üçün mübarizə aparır.

 

Nəhayət, ən başlıcası, Koroğlu düşmənə aman verməyən, paşaların qanını içən şir, bir növ həssas bir insandır və sentimental duyğulardan da xali deyildir. Bu, məhz elə dastanın finalında gözləri dolmuş halda dağlara olan sevgiyə aid söylədiyi qoşmada məlum olur.

 

 (davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU