Ətrafımızdakı insanlar bəzən səssizliyə qərq olurlar. Nə yaşadıqlarını, nə hiss etdiklərini, qısası, dərdlərini başqaları ilə bölüşmədikləri üçün heç kim onların daxili dünyasında nə baş verdiyindən xəbər tutmur. Bu səbəbdən hər kəs onların xoşbəxt olduğunu, həyatlarının güllük-gülüstanlıq içində olduğunu düşünür. Halbuki bu səssizlik hər şeyin yolunda olduğu və ya onların bilərəkdən susduğu mənasına gəlmir. Təəssüf ki, bir çoxumuz bunu başa düşə bilmirik. Çünki bəzi insanlar dərdlərini fəryad edərək deyil, susaraq yaşayırlar.

 

Onlar hər gün içlərində qopan qasırğanı gizlədib, üzlərinə təbəssüm maskası taxmağı öyrənirlər. Çünki yaxşı bilirlər ki, dünyanın diqqəti yalnız qışqıran əzablara yönəlir, səssiz əzabları isə heç kim görmək istəmir. Yalandan “yaxşıyam” deməklərinin arxasında isə yuxusuz gecələr, içdən-içə sınmaq və dağ boyda yorğunluq gizlənir. Bu yalan, əslində, ətrafa edilən bir yardım çağırışı deyil, ruhun özünü qorumaq üçün sığındığı axırıncı qaladır. Onlar hər səhər güzgüdə qəlb qırıqlarını toplayıb, heç nə olmamış kimi həyata davam edən yorğun “xoşbəxtlərdir”.

 

Müasir dövrdə insanların çoxu hisslərini açıq şəkildə ifadə etməkdə çətinlik çəkir. Çünki artıq heç kim qarşısındakına tam olaraq qulaq asmaq istəmir, dinləyib dərdinə şərik olmur. Hər kəs danışır, amma çox az insan eşidib başa düşür. Bəzən isə eşitsə də başa düşmür. O insan da bir dəfə başa düşülmədiyini hiss etdikdə zamanla susmağa başlayır. Əvvəl dərdini danışır, sonra qısa cavablar verir, sonda isə tamamilə içinə qapanır. Hər kəs çox yaxşı bilir ki, bəzi yaraların dərmanı söz deyil, başa düşülməkdir.

 

Susaraq yorulan insanlar, əslində, həyatda ən çox mübarizə aparan insanlardır. Onlar hər şeyi içində həll etməyə çalışırlar. Ağlayanda gizlincə ağlayır, hətta yorulanda belə “keçər” deyib özünü ovudur, başqalarını incitməmək üçün özlərini susdururlar. Halbuki insan öz hisslərini boğduqda daxilində çox ağır bir yük yaranır və zaman keçdikcə bu yük insanın ruhunu yorur, onu həyata qarşı həvəssizləşdirir.

 

Ən təhlükəlisi isə odur ki, belə insanlar çox vaxt güclü görünürlər. Hamı onların səbirli, möhkəm və soyuqqanlı olduqlarını hesab edir. Amma heç kim susan insanların gecə başını yastığa qoyanda hansı fikirlərlə boğuşduqlarını, nə üçün göz yaşı tökdüklərini bilmir. İnsan bəzən o qədər yorulur ki, artıq danışmağa belə taqəti qalmır. İçində min cümlə olur, amma birini belə dilə gətirə bilmir.

 

Psixologiyada uzun müddət hissləri içində saxlamağın emosional tükənmişlik yaratdığı yazılır. Həmin insan hər şeyi içinə atmaqla bir gün ən kiçik hadisədə belə partlaya biləcək hala gəlir. Çünki susmaq sakit olmaq demək deyil. Bəzən susmaq insanın içində qopan ən böyük hayqırtıdır.

 

Bu gün həyat insanlardan daim güclü olmağı, mübarizə aparmağı tələb edir. İnsan bunu bacarmaq üçün əlindən gələni edir. Bəzən isə bütün çabaları boşa gedir. “Keçər”, “fikir etmə”, “güclü ol” kimi təsəlli ifadələri çox asan deyilir. Amma heç kim insanın nə qədər yorulduğunu həqiqətən hiss etmir. Halbuki bəzən bir insanın ehtiyacı olan tək şey mühakimə edilmədən dinlənməkdir.

 

Susaraq yorulan insanlar ən çox da gecələr ağırlaşır. Gün ərzində gizlətdikləri hisslər pusquda dayanmış kimi, gecə səssizliyində üzə çıxır. Onda da insan özündən qaça bilmir. Səssizlik bəzən ən ağır söhbətə çevrilir. Heç kimə deyilməyən cümlələr insanın beynində hər an təkrar-təkrar səslənir.

 

Nəticə olaraq, hər susan insanı xoşbəxt zənn etmək olmaz. Bəzən ən böyük yorğunluq görünməyən yorğunluqdur. İnsan ruhən tükəndikdə bunu hər zaman sözlə ifadə etmir. Elə insanlar var ki, sadəcə bir dəfə “mən də yoruldum” demək istəyirlər, amma illərlə susmağa öyrəşdikləri üçün bunu belə deyə bilmirlər.

 

Bu səbəblə, bəzən insanların dərdlərinə dərman ola bilməsək də, onlara qulaq asmaq, onları həqiqətən başa düşməyə çalışmaq belə böyük bir yaxşılıq olur.

 

Afaq Azər