SOSİUM

10. BAZAR SABAHININ HÜRKÜDÜCÜ SƏSSİZLİYİ

 

 

Niderland əhalisinin istirahətinə düşkün, canının qədrini bilən olduğunu yuxarıda xatırlatmışdım. Şənbə və bazar günlərinin səhəri, haradasa günorta saatlarına qədər istənilən şəhərdə hökm sürən səssizlik çox hürküdücü, can ürpəşdirici olur. Bu sakitliyin məndə yaratdığı hissləri, onunla bağlı təəssüratlarımı ayrıca bir başlıq altına toplamaq məqsədimi qəribliyə salmayacağınıza ümid edirəm.

 

Şənbə və bazar günləri bir az yuxuna haram qatıb küçəyə çıxsan, məqsədsiz-filansız küçələri dolaşsan ilk diqqətini cəlb edən şeyin səssizlik olduğuna şübhən qalmayacaq. Qu desən, qulaq tutulur. Əgər sən Avropada yenisənsə, burada ilk şənbə-bazar sabahını yaşayırsansa bunu daha tez anlayacaqsan. Üstəgəl, şəhərin, məsələn, Rotterdamın, Amersfortun səssizliyi, küçələrinin adamsızlığı səni heyrətləndirəcək. Hətta eymənməyin, sümüyünün səzikməsi də mümkündür. Şəhərin üstünə çökən səssizliyindən, hərəkətsizliyindən darıxa da bilərsən, iraq canından, canın sıxıla da bilər. Qafandan “Şəhərə nə olub?”, “Adamlar hara gedib?”, “Təhlükəmi gözlənilir?” kimi sualların keçməsi də normaldır. Axı, sən şəhərdə yenisən. Şəhərin bu donuq, səssiz mənzərəsinin səndə yaradacağı təəssürat elə belə də olmalıdır. Alışmadığın belə bir mənzərə ilə qarşılaşmanın səndə yaradacağı qorxuqarışıq anlaşılmaz hisslər də anlaşılandır. Nədən ki, uzaqlarda qoyub gəldiyin Vətənində həyatın canlanması, sükutun səs-küylə əvəz olunması o qədər erkəndən, o qədər sürətlə baş verir ki, sən çox zaman yuxudan birbaşa bu səs-küyün içinə düşürsən, elə bu səs-küyün içində günə başlayırsan. Bunun isə nə həftəiçi var, nə şənbə-bazarı. Öz-özünə bizim insanların gözünün yuxusu hara gedib, nədən yuxuları ərşə çəkilib kimi suallar verirsən. “Gərək günəşdən əvvəl oyanasan”, “Ruzi qapıları açıq olanda durasan” kimi inanclarımızı yadına salıb acı-acı gülümsəyirsən. Və yüzillərdir yuxusuna haram qatıb erkəndən duran insanlarımızın ruzisi niyə göyə çəkilib, niyə oğlu-qızı çöllərə düşüb kimi sualları dəfələrlə özünə verməkdən yorulmursan. Az qala qışqırıb “Bəs mənim bu qürbətlərdə nə ölümüm var” demək istəyirsən.

 

Qürbətin bazar günü sabahında xəyal səni yenə Vətənə aparıb çıxarır. Vətənində insanların nə vaxt yatıb, nə vaxt durduqlarını xatırlamaq istəyirsən. Alınmır. Onların nə gecəsi var, nə gündüzü. O üzdən ki, qaragününün üzünü ağartmaq istəyi onları yatmağa qoymur, kabus olub gecə də, gündüz də təqib edir. Onların istirahətindənsə danışmağa dəyməz. Nə şənbəmiz bəllidir, nə bazarımız. Qaç-qovdayıq. Uzaqbaşı həftənin o başında, bu başında getdiyimiz toylardır. Gurultusundan qulaq tutulan, ağız deyəni qulaq eşitməyən toylar. Nə üçün gəldiyimizi unudaraq, siyasi dedi-qodulara qədər müzakirə etdiyimiz yas yerlərini də bizim istirahətimizdən sayaq. Üç-dörd nəfərimizin toplaşıb hərdən təbiət qoynuna çıxmamız isə bizim istirahətimizin kulminasiya nöqtəsidir. Təbiətlə baş-başa qalmamızın məzəsi bir ayrı cürdür, əsil tragikomediyadır ki, var. Süjet təxminən belədir. Üç-dörd nəfərimiz onsuz da heç nəyə yaramayan büdcəmizdən beş-on manat ayırıb nələrsə alırıq. Bu nələrin arasında arağın olması mütləqdir. Bura qədər hər şey gözəl. Həngamə bundan sonra başlayır. İstirahət üçün seçdiyimiz məkana çatdıqmı, təbiətlə təmasa keçmədən süfrə tədarükünə start verilir. Hərə bir-əl ayaq da satın alır. Süfrəmiz hazır, hər şeyimiz qaydasında. Badələr süzülür, sağlıqlar uc-uca calanır, kabablar dartışdırılır, qafalar dumanlanır. Və bu da son. Bu nədir? Qığılcım, hər kəs evinə dağılsın. Bu nədir? Açar, hər kəs evinə qaçar. Yazda təbiətin yarpaq-yarpaq, çiçək-çiçək canlanmasını, payızda ağacların yarpaq tökümünü görmədən, duymadan qayıdırıq evimizə. Səhərisi gün isə, dünən içdiyimiz arağın təsirindən başımızı qaldıra bilmirik. Qaldırıb nə edəsiyik ki?  

 

...Xəyallardan ayrılıb yenə şəhər küçələrinin səssizliyinin səbəbini araşdırmaq istəyirsən.

 

İşıqları söndürülmüş, pərdələri çəkilmiş, jalüzləri endirilmiş, qapıları kilidli, eşiyində və içərisində canlı bir nəfəs, ins-cins görünməyən dükanların, əyləncə məkanlarının, iş yerlərinin daş sükutu sənin həyəcanlanman, təşvişə düşmən üçün yetər də, artar da. Düşünürsən ki, bəlkə nə vaxtsa – üç saat, beş saat qabaq, sən yuxuda olarkən qeyri-adi, fövqəladə bir hadisə baş verib, həyəcan siqnalı verilib, sən də dərin yuxuya gedibsən və ya fikrin bazarda qatıq satırmış, xəbərin olmayıb. Bəlkə bir təbii hadisə insanların şəhərdən çıxmasına, ya siyasi bir silkələnmə – terror, müharibə insanların küncdə-bucaqda gizlənməsinə, şəhərə belə bir ölüm səssizliyinin çökməsinə səbəb olub. Fikrindən yüz qara fikir keçir. Nə Tiflisdə, nə Bakıda, nə Moskvada, nə də İstanbulda belə bir səssizliklə rastlaşmadığından sənin bu cür qara-qara düşünmən təbii görünür.

 

Niderland ərazisinin bir hissəsinin dəniz səviyyəsindən aşağı olmasından, bir neçə dəfə sel fəlakəti yaşamasından, minlərlə insanın qurban getməsindən xəbərdar olman, dünyanın ayrı-ayrı bölgələrində ardarda baş verən silsilə terror hadisələrini eşitməkdən qulaqlarının döyənək olması da sənin düşüncələrinə haqq qazandırır. Hər gün eşitdiyin təbii fəlakətlər – vulkan, zəlzələ, qasırğa, çeşidli xəstəliklər – ebola, quş, donuz qripi, koronavirus və s., kimyəvi-bioloji silahların sınağı, yeni növ silahların tətbiqi ilə baş tutan hərbi münaqişələr sənin qorxularını daha təbii edir. Sənin bu qorxularını yenmən, şəhərə çökmüş sükutun səbəbini anlaman xeyli vaxtını alır. Nəhayət, sən bunu çözə bilirsən.

 

İş yerlərinin, dükanların qapılarının üzərindəki iş rejimini göstərən bildirişlərə gözün sataşan kimi, sən çökmüş sükutun, şəhərin adamsızlığının səbəbini anlayırsan. Bazar günləri mağazaların çoxunun saat 12-də açılmasını öyrənməyinlə bu həyəcanlı vəziyyətini bir qədər yumşalda bilirsən. “Allah-allah, belə şeymi olar” deməkdən özünü saxlaya bilmirsən. Hətta ətrafına boylanıb bu səsli düşüncəni kiminsə eşidib-eşitmədiyinə əmin olmaq üçün çaşqın-çaşqın dörd tərəfini gözdən keçirirsən. Küçələrin bomboş olduğunu, ins-cinsin gözə dəymədiyini bildiyin halda sövqi-təbii ətrafına baxmağın dodaqlarının qaçmasına, üz-gözündə heyrətqarışıq bir təbəssümün yaranmasına səbəb olur. Artıq hələ qarmaqarışıq da olsa, anlamağa başlayırsan ki, burada həyat, həyata baxış fərqlidir. Öz rahatlığına düşkün şəhər əhli yatmağında, istirahət gününün ləzzətini çıxarmağında, bu ləzzətin ömrünü bir qədər də uzatmağındadır.

 

Heç kilsələrin bazar günü ibadətinə çağıran həyəcanlı zəng səsləri də onları oyatmağa, oyatsa da istirahətin ləzzətini bir kənara buraxıb, kilsənin yolunu tutmağa kifayət etmir. Amma, bu, Niderland əhalisinin dinsiz olduğu demək deyil. Əhalinin hamısının dinsiz olmasını elan etməmiz fikrimizin doğruluğuna şübhə yarada bilər. Bu mövzuya münasibətimizi bundan əvvəlki bölümdə gözdən keçirdiyimizi yəqin ki, unutmamısınız.

 

Afiq MUXTAROĞLU

Niderland