Bildiymiz kimi, qeybət bütün dünyada, eləcə də dinimizdə müsbət qarşılanmır. Ancaq nə qədər pis vərdiş olsa da, qeybət etməkdən əl çəkmirik. Qeybət dedikdə ağıla ilk qadınlar gəlir. Ancaq bu o demək deyil ki, kişilər qeybət etmirlər. Təəssüflər olsun ki, kişilər qadınlardan daha çox qeybət edirlər. Günlərini çayxanalarda, küçələrdə keçirən gənclər, qocalar özlərinə qeybət obyekti tapırlar, hətta birinin üstünə beşini qoyub qeybət edirlər. Hələ evdə otura-otura hər şeydən xəbərdar olan xalaları demirəm... Bilirik ki, nəsə hadisə olanda xəbər kanallarından eşidərik, ancaq sağ olsun xalalarımız, xəbər kanallarından daha yaxşı işləyirlər, elə ilk məlumatlar onlara gəlib çatır və yayılmasına bir saniyə belə bəs edir. Bir sözlə, hər şeyi çox yaxşı həll edirlər.

 

Kiminsə haqqında və yaxud hər hansı mövzu haqqında danışmağa başlayanda “mən qeybət etmirəm, sadəcə...” sözləri ilə başlanılır, hətta uzun-uzadı sözlər seçərək danışırıq ki, qeybətimiz daha dolğun olsun.

 

Bir gənc olaraq eşitdiyim dedi-qodular mənə çox gülməli, bir o qədər də ağlamalı gəlir. 16-17 yaşlı gənclərin etdikləri qeybətlər nə haqda ola bilər... Hansından başlayım? Məsələn: eşitdinizmi, filan qız nişanlanıb; filan oğlan maşın istədiyi üçün valideynləri ilə dalaşıb; filan qız son model telefon istəyir, bu qız çox gözəl idi, necə də kökəlib, çirkinləşib və s. Yüzlərlə bu cür misal çəkmək olar. Bu da yetmirmiş kimi, üstəlik lağ edirik: son model telefon alsa nə olacaq, onsuz da çirkin həmişə çirkindi, depressiyaya düşüb, yəqin ona görə kökəlib və s. Hamı haqqında yaxşı, pis danışıb bitirdikdən sonra isə  saatın necə keçdiyini anlamadan danışmağa başqa mövzu axtarırıq.

 

Ən pisi də nədir bilirsinizmi? – Qeybətini etdiyimiz adamları görərkən üzünə gülüb qucaqlayırıq, hal-əhvalını soruşuruq... Bu, nə qədər doğrudur axı?..

 

Oxuduqlarıma, bildiklərimə görə, dində qeybət etmək günahdır. Bu belədirsə, bəs bəzi dinə quluq edənlərimiz nə üçün qeybət edirlər? Tutaq ki, mən cahiləm, bilmirəm günah olduğunu, oturub qarşında qeybət edirəm; sən ki bilirsən, nə üçün mənə demirsən günahdı, kim nə edir özünə edir, bizə düşməz başqalarının həyatı haqqında danışmaq. Bunu demək yerinə, oturub mənimlə qeybət üstə qeybət edirsən. Hətta qeybətini bitirdikdən sonra “Allahım, sən bağışla bizi, qeybət etmirik, söhbət edirik” deyirsən.

 

Qeybət ayədə belə ifadə edilmişdir: “Qeybət etmək ölmüş bir insanın ətindən yeməkdir”. Bir insanın qüsurlarını üzünə demək günah olduğu kimi, arxasınca danışmaq daha böyük günahdır. Kiminsə arxasınca danışmadan əvvəl özümüzdən soruşmalıyıq: mənim düşüncəm, vicdanım haradadır ki, kiminsə haqqında qeybət edirəm.

 

“Başqalarının qüsurlarını görməkdə qartallara, öz xətalarımızı görməkdə isə köstəbəklərə bənzərik,” – kəlamı bu mövzunu necə gözəl ifadə edir. Başqalarının qüsurları ilə deyil, öz xətalarımızla məşğul olmaq hər kişinin yox, ər kişinin işidir.

 

İnsanıq, səhv edə bilərik, günahlarımız ola bilər, əsas məsələ etdiymiz səhvlərdən dərs çıxarmağımızdır.

 

Alina Fətullayeva