Oxuduğum bir yazıda bu hekayə diqqətimi çəkdi: Yaşlı qırmızıdərili bir qoca daxmasının qarşısında nəvəsiylə oturmuş, bir az kənarda bir-biriylə hey boğuşub duran iki iti izləyirdi. İtlərdən biri ağ, digəri isə qara idi və on iki yaşındakı uşaq özünü biləndən o itlər babasının daxmasının qarşısında boğuşub dururdular. Babasının davamlı göz qabağında tutduğu, yanından ayırmadığı iki iri it idi bunlar. Uşaq daxmanı qorumaq üçün biri kifayət edərkən niyə o birinin də olduğunu, həm niyə rənglərinin mütləq qara və ağ olduğunu anlamaq istəyirdi artıq. O, babasından maraqla soruşdu. Yaşlı müdrik gülümsəyərək nəvəsinin kürəyini sığalladı və “Onlar mənim üçün iki simvoldur, övlad”, dedi. “Nəyin simvolu”, deyə uşaq soruşdu. “Yaxşılıq ilə pisliyin simvoludur. Eynilə gördüyün bu itlər kimi, yaxşılıq və pislik içimizdə davamlı mübarizə aparırlar. Onları seyr etdikcə mən həmişə bunu düşünürəm. Buna görə onları yanımda tuturam.” Uşaq, əgər mübarizə varsa qazananı da olmalıdır, deyə düşündü və hər uşağa xas olan bitməyən suallara bir yenisini əlavə etdi: “Yaxşı, səncə bu mübarizəni hansı qazanar?” Müdrik qoca, gülümsəyərək nəvəsinə baxdı və “Hansımı? Mən hansını daha yaxşı bəsləsəm o!”, deyə cavab verdi.

 

Bəli, içimizdəki yaxşılıq və pisliklərin hansının qalib gələcəyi bizim özümüzdən asılıdır. Əgər bir insan gözəl əxlaqı, insanpərvərliyi, sevgini, yardımsevərliyi və saya biləcəyimiz neçə-neçə gözəl xüsusiyyətləri yaşam mərkəzinin ortasına qoyaraq həyat sürsə, onun içindəki yaxşılıq qalib gələcək. Yox, əgər kin, nifrət, ara vurmaq kimi pis xüsusiyyətləri yaşamaqda davam etsə, pislik onun həyatından çıxmayacaq. Elə bunun üçündür ki, İslam dini əxlaqi xüsuslara böyük əhəmiyyət vermiş, gözəl əxlaqı təbliğ etməyə çalışmışdır. Çünki zamanla insan içindəki pis və ya yaxşı duyğuların əsirinə çevrilmiş olur.

 

Allahı həyatının mərkəzinə qoyaraq əmr və qadağanlarına tabe olaraq yaşayanlar bu yönlərini güclü tutar və hər nə olursa olsun Allaha və əmrlərinə olan bağlılıqlarından əsla ayrılmazlar. Ancaq dünya malına, gəlib keçici zövq və xoşbəxtliklərə bağlananlar isə nəfslərinin və arzularının qurbanı olarlar. Onlar bu yönlərini gücləndirdikcə özləri də fərqində olmadan mənəvi istiqamətlərini zəiflədərlər.

 

Bu insanların özlərinin xəbəri olmadan ən çox əhəmiyyət verdikləri şeylər o arzuları olur. Zaman-zaman ailədən də, sevdiklərindən də bu arzular uğruna uzaqlaşarlar. Bu uğurda insan şərəfini, duyğularını, əxlaqi prinsiplərini ayaqlar altına sərər. Yetər ki, istəyinə çatsın. Bunun üçün də insan tez-tez özunu sorğuya çəkməlidir ki, o hansı yolun yolçusudur, içindəki yaxşılıq və pislik duyğularını vicdan tərəzisi ilə ölçməlidir. Məhz bu səbəblə Həzrət Peyğəmbər “İslam gözəl əxlaqdır” buyurur. Çünki İslam dini hər zaman dünyanın keçici bir yer və mal-mülkün müvəqqəti olduğunu xatırladır. Əsas olan onu yaradan Allahın əmrlərini yerinə gətirməyi, insanlara xoş rəftar etməyi, valideynə gözəl münasibət bəsləməyi öyrədir. Bunun üçün də gözəl əxlaq sahibi olmaq istəyənlər Həzrət Peyğəmbərin həyatını yaxşı öyrənməli, onun əxlaqından nümunələr almalıdırlar. O, gülər üzlü, nəzakətli, incə və həssas ruhlu idi. Ağzından sərt və kobud heç bir söz çıxmazdı. Başqalarını tənqid etməz, kimsənin ayıbını üzünə vurmazdı. Səhv və xoşlanmadığı bir davranış görsə “içinizdən bəzi kəslər, belə-belə edirlər…” şəklində, bu davranışları edənlərin kim olduqlarını bildirmədən və heç kimi qırmadan səhvləri düzəldərdi. Kimsənin sözünü kəsməz, danışması bitənə qədər onu dinləyərdi. Mübahisəni sevməz, sözü lazımından çox uzatmazdı. Özünü maraqlandırmayan şeylərlə məşğul olmaz, kimsənin gizli hallarını araşdırmazdı. Çünki Onun əxlaqı Quran əxlaqı idi.

 

Hacı BƏKİROĞLU