Tarixdə bir çox şəxsiyyətlər vardır ki, onlar heç zaman unudulmur. Onlar xalq üçün, vətən üçün, insanlıq üçün gördükləri müstəsna xidmətlərilə könüllərdə daim yaşayıb, yaşayır və yaşayacaqlar. Bu şəxsiyyətlərin ən başında isə 1400 ildən artıq öncə yaşamış şəxsiyyət, lider, dahi olan Həzrət Məhəmməd Mustafa gəlir (s.ə.s.). Bu günlərdə də İslam aləmində O mübarək insanın doğum günü qeyd edilməkdədir. Bəzi insanlar bəs İslamda doğum gününü qeyd etmək doğru görünmür deyə bilərlər. Ancaq iki cahan sultanını daha yaxşı tanımaq və tanıtmaq üçün gözəl bir fürsət olan bu anı dəyərləndirmək lazımdır. Həzrət Məhəmməd (s.ə.s.) gözəl bir ailə başçısı, örnək bir lider, bacarıqlı bir dövlət başçısı, sadiq bir dost, vəfalı bir yoldaş idi. Onun xüsusiyyətlərini saymaqla bitirmək olmaz.
Həzrət Məhəmməd (s.ə.s.) uşaqlığından başlayaraq yanlış yollardan uzaq olmuş, ağlı və fərasəti ilə hər zaman seçilmişdir. Gəncliyində hər kəsin etibarını qazanmış, düzgünlükdən ayrılmamış, doğru sözlülüyü və etibarlılığıyla Qureyşlilər arasında möhtərəmlik qazanmışdır. Bunun üçün də etibarlılığı ilə Muhammədul Əmin (Etibarlı Məhəmməd) ləqəbini almışdır. Bu baxımdan istər gəncliyində olsun, istərsə də peyğəmbərliyi dövründə olsun onunla ədavət aparan, düşmənçilik edənlər belə ən dəyərli əşyalarını ona əmanət edərdilər. Gənclik illərində Kəbənin təmirindən sonra Həcərül-Əsvəd daşının yerinə yerləşdirilməsi üçün Məkkənin öndə gələn şəxsləri bir ortaq yol tapa bilmədikləri zaman belə o mübarək insan bu məsələni zəkası ilə həll etmiş, kimsənin qəlbinin qırılmasına, münaqişə çıxmasına imkan verməmişdir.
Ticarət işləriylə məşğul olan, Qureyşin hörmətli və zəngin xanımlarından olan Hz. Xədicənin yanında işə başlamış, bir dövr sonra onunla evlənmişdir. Onun dürüstlüyünə, sadiqliyinə heyran qalan Xədicə bu evliliyə razı olmuşdur. Məhz bu evlilikdən də Qasım, Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm, Fatimə, Abdullah və İbrahim dünyaya gəlmişdir.
Həzrət Məhəmməd (s.ə.s.) gənclik illərində bütlərə ibadət etməz, Hira mağarasına çəkilər, onu yaradan uca bir varlığın olduğunu düşünər və dua edərdi. 40 yaşına gəldikdə də bu yerdə Cəbrayılla görüşmüş və peyğəmbərliyi başlamışdır.
Bundan sonra Allahın dinini təbliğ etməyə, insanları qurtuluşa çağırmağa başladı. Bu dürüstlüyü, vəfalılığı görənlər onun izi ilə getməyə razılıq verdilər.
Bundan sonra edilən əziyyətlərin sayı artsa da, bu mübarizə bir çox insanın düşünməsinə və İslama gəlməsinə daha çox köməkçi oldu. Daha sonra Mədinəyə edilən hicrətlə islamiyyət daha da genişləndi, möhkəmləndi. Təbii ki, Həzrət Məhəmmədin (s.ə.s.) üstün əxlaqı, nümunəvi davranışları insanların qəlbində daha geniş yer aldı. O, hər zaman ona beyət edən ümmətini düşündü, onların dünya və axirət qurtuluşları üçün çalışdı.
63 illik həyatında hər zaman Allahın dinini yaymağa və bu dinin mənsublarına xidmət etməyə çalışdı. Aradan 1400 ildən çox zaman keçməsinə baxmayaraq onun üstün əxlaqı hələ də öyrənilməyə, sünnəsi tətbil edilməyə davam edir. Onun həyatı haqqında nə qədər yazsaq da, bəhs etsək də yenə də tam haqqıyla anlatmaq olmur. Onun əxlaqı isə Hz. Aişənin təbirincə desək, bir Quran idi. Quran isə uca Allahın kəlamıdır. Həzrət Məhəmmədin (s.ə.s.) bir hədisində isə “Məni Rəbbim tərbiyə etdi, O nə gözəl tərbiyə edəndir” (Suyuti, c. sağır, c.1, s.12) buyurmaqdadır. Allah-Təala Qurani-Kərimdə isə “Həqiqətən, sən uca bir əxlaq sahibisən” (Qələm, 68/4) buyurmaqdadır.
Bəli, əziz oxucu, bu gün İslam dini əleyhinə bir çox mübarizələr aparılsa da Həzrət Məhəmmədin (s.ə.s.) həyatını oxuyan, Onunla tanış olan başa düşür ki, gözəl həyat yalnız Allahın çağırışında və Onun Peyğəmbərinin yolundadır. Bu gün insanlığı öz mənfəəti üçün istifadə etmək istəyənlər isə demokratiya, azadlıq bəhanələri ilə insanları azdırmağa çalışırlar.
Yazılası kəlmələr, deyiləsi sözlər çoxdur, ancaq bunları kiçik bir yazıda toplamaq olmur.
Mövlud bayramınız indidən mübarək olsun! Görüşmək ümidi ilə...
Hacı BƏKİROĞLU