Molladan soruşdular ki: “Niyə axsayırsan?” O dedi: “Dünya əyridir.”

 

Bəli, dünya yumrudur, asan fırlanmaq üçün. Lətifənin məcazi mənası isə dərindir. İnsanlar fərqlidir həyatı məhvərində saxlamaq üçün, yaxşıyla pisin fərqini görmək üçün. Yəni hamı eyni düşüncədə olmadığı kimi, müxtəlif təbəqəli insan xisləti olur. Təbii ki, XX əsrin əvvəlindən bu günə 120 ilin fərqi öz yerində. Hamımız məktəb illərindən halına ya güldüyümz, ya acıdığımız personajları yaxşı xatırlayırıq. Kim xəsislik etsə adına Hacı Qara, çox yaş fərqiylə evlənənə Məşədi İbad, cahilliyinə görə Novruzəli, özünü kiməsə göstərmək üçün yalançı ədalanana Qurbanəli bəy, içib haqq deyənə Kefli İsgəndər və s. deyirik. Özümüzü o qədər inandırmışıq ki, onların da bizimlə bir arada yaşadığına inanırıq.

 

Mirzə Fətəliyə deyəndə ki, bir zaman gələcək zamanla ayaqlaşan gənclərimiz olacaq. Deyibmiş ki, ona inanmaq istəyirəm, amma düşünəndə ki, o gəncliyin babası bugünkü cahil olacaq...

 

Hə, indi öz düşüncəmi yazıram. Hər kəs mühitinin övladıdır. Bunu Aristotel də deyib deyirlər, Məhəmməd peyğənbər də, elə bizim yaxın zamandakı analarımız da. Bizi mühitin pis ünsürlərindən qorumaq üçün ideal  “xalxın uşağı”nı da elə XX əsrin ortalarında yaradan analarımızın intellektinin sünii obrazı deyilmi?!

 

Avropadan gələn mədəniyyət, təhsil, texnologiya bizə kimlərdənsə tez çatdı, Şərqdə yəni. Noolusun ki, əcnəbi balonlarda seyrə çıxanda, biz avtomobili tanımayanda Şərqin ilk deputat qadını bizdə idi – 1918-ci ildə. İlk opera, ilk təyyarəçi, ilk opera yazan qadın, hələ ilk Demokratik Respublika... Şərqin türk dünyası çərçivəsindən baxsaq, dünyanın böyük sultanlığı da bizdə, ilk diplomat qadını da bizdə, sazıyla, sözüylə hakimiyyət idarə edən hökmdar da bizdə.

 

Bəs niyə Novruzəliləri belə çox hallandırırıq? Kimlərinsə yanında cahil dedikləri kütlə çox görünə bilərdi. Bəs nisbət? Hər kəs mühitin övladıdırsa, sən məni o mühitə bağlayırsansa, əlbəttə, mənim dünyagörüşüm zəif olacaqdı... Müsyo Jordanlar “ot axtarmağa” gələndə, mənim türkəçarələrim çoxdan təbiətin təbabətini yaratmışdılar. Bəzi Şərəfnisələr inanacaqdısa Parisi Dərviş partlatdı, Aşıq Ələsgər kimi oğullar da var idi, saz-söz xiridarları da Birinci Dünya müharibəsinin səbəbinə uzaq bir diyarda qafiyələr qoşurdu:

 

Necə oldu Serbiyə, Çornoqoriya,

Əl-ayaq altında itdi İtaliya.

German bir bomb atdı

Qırıldı dünyada insan qalmadı...

 

Əsarətdə olan bir millət tapdaq altından bir neçə mənəvi qəhrəman yarada bilirsə, bu, qələbədir.

 

Məni pərt edən nədir? – Bəzən kimlərsə yazır ki, hələ də Novruzəlilər yaşayır, içimizdə Qurbanəli bəylər çoxdur – məmur olaraq özümüzü təhqir etdirən və s. Razıyam, var elə adamlar. Axundzadə demiş, cahil babaların törəmələri; axı böyük ağacların çətirinin altında nə qədər çürük, faydasız, budaqlar var. Hamısı şaxələnib çətir yaradıb bar vermir ki irsiyyətin faydasız genləri kimi – letal gen.

 

Biz niyə milli nəsil ağacımızın şaxə qalxan budaqlarından danışmayaq, axı bizə fayda verən, ucalığa aparan yollar varkən, geriləyən, məhvə doğru olan budaqdan budaq olmayacaq, danışmağa dəyməz. Mən, eləcə də bizim nəslin uşaqlığı, gəncliyi internetsiz oldu, dünya görüşünü kitabxanada kitablarla artırdı, məktəbdə müəllimi böyük saydı, eldə ağsaqqalını, professorların mühazirəsini nəfəs almadan dinlədi – biz hesab edirik ki, savadlıyıq.

 

Gəlin əyri oturaq, düz danışaq, bugünkü gənclik bizdən qat-qat savadlıdır. Daha bizi kimi öyrənmək üçün əziyyət çəkmək də lazım deyil, bütün dünya kitabxanası əlinin altındadır. Heç dil öyrənməyə də ehtiyac yoxdur, tərcüməçi də qulluğundadır. Muzeylərə getmək üçün pul, ölkələrə çıxışa vəsait də lazım deyil, onlayn giriş azaddır...

 

Bəli, bizim, sözün həqiqi mənasında, ziyalı gənclərimiz var ki, bu fürsətlərdən lazımınca bəhrələnirlər. Tarixi, coğrafiyanı ixtisasından asılı olmadan marağı çərçivəsində araşdırır, hətta tibbi açıqlamaları belə gözəl anlayır və müzakirə edirlər. Nəinki gənclər, elə orta yaşlı insanlar belə müasirliyin yenilikləri ilə bəhrələnirlər, mən daxil. Yəni bizim bu mühitdə kimdir Novruzəli? İndi insanlar məktub yollamırlar, elə mobil bankdaca valyutanı seçirlər... Yox, əgər gördüyünüz üç-beş nəfərdirsə, qəti narahat olmayın, onlar bizim nəhəng böyük çətirli milli ağacımızın kölgədə qalan, faydasız, yaşamaq uğrunda mübarizə aparmayıb, Günəşə doğru can atmayan, elə kölgədə qalıb məhv olmağı qəbul edən insanlarımızdır. Biz istəsək də, istəməsək də onlar elə özləri olacaqlar. Bəlkə onlar bizə faydalı budaqlarla faydasızın fərqini göstərmək üçün Tanrı tərəzisi, bəlkə də Mirzə Fətəli Axundzadənin dediyi o cahil kişilərin törəmələridirlər.

 

Mən bir müəllim olaraq, şagirdlərlə, tələbələrlə çox ünsiyyət quran bir ziyalı kimi gənclərimizlə fəxr edirəm. Onların dünyagörüşü, həyata baxışı, bacarığı ötən nəsillərdən daha genişdir. Təbii ağac çətirinin yaranması üçün müxtəlif ucalıqlar lazımdır ki, bu balalarımız da var. Heç bir xalq başdan ayağa ziyalı deyil, ola da bilməz. Hər kəsin pisi var, amma bizi qədər böyütmür. Özümüzü ucaldaq ki, çətirimiz böyüsün.

 

Mən gənclərimizlə fəxr edirəm və deyirəm: Ey bizi deyib gələnlər! Ruhunuz şad olsun! Bu gün cəmiyyətdə hər kəsin ən azı özünü idarə edəcək savadı var, haqqını istəyəcək hünəri var. Gəlin özümüzə qiymət qoyaq ki, qiymətli olaq!!!

 

Esmira Ələkbərli