Bayram milli və ya dini baxımdan önəmli olan, dəyərli sayılan və xalq tərəfindən qeyd olunan gündür. İslam dininə nəzərən, müsəlmanların iki böyük bayramı vardır: Ramazan və Qurban bayramı. Xalqımızla və tariximizlə bağlı milli bayramlarımız isə öz-özlüyündə hər biri bir başqa dəyərə sahib, kökü dərinlərə dirənən şərəfli tarixə malikdir: Novruz bayramı, Respublika günü, Bayraq günü və s. Ancaq bəzi dırnaqarası bayramlarımız da var ki, nəyə xidmət etdiyini, nədən yarandığını, nəyi qeyd etdiyimizi belə bilmirik, 23 fevral kimi. 23 fevral – “kişilərin bayrami”.
İstəyirəm 23 fevralın tarixinə bir az nəzər salaq. Tarixi mənbələrin bizə verdiyi məlumata görə, 1918-ci il, 23 fevral tarixində Lev Trotski tərəfindən Qırmızı Ordu yaradıldı. Bu ordu Oktyabr inqilabından sonra çar ordusuna qarşı vuruşmaq üçün fəhlə və kəndlilərdən təşkil olunmuşdu. Hansı ki, həmin gün SSRİ Xalq Komissarları Sovetinin “Sosialist Vətəni təhlükədədir” çağırışına cavab olaraq qurulmuş Sovet ordusu və Hərbi Dəniz Qüvvələri yarandı. Bəli, həmin Sovet ordusu ki, Tiflisdə 9 aprel günü əliyalın camaata divan tutmuş, 20 yanvarda Bakı küçələrində caynaqları insanların boğazına keçmiş, 70 ildə minlərlə günahsız insanı öz “arzularına” qurban vermiş bir dövlətin ordusu. Ömrünün bahar çağında gecə isti yatağından aparılıb güllələnən Mikayıl Müşfiqin, Vətəndən uzaqlarda şam kimi əriyib “Vətən, Vətən” deyə, necə deyərlər, yaylım quşuna dönən Almas İldırımın, böyük alim, mütəfəkkir Salman Mümtazın və bu kimi neçə-neçə vətən oğullarının qanına girmiş müqəssir dövlətin ordusu.
Respublikamız müstəqillik əldə edənə qədər bu millət saysız-hesabsız şairlər, alimlər, xalqın deyən dili, görən gözü olan ziyalılarımızı müstəqillik uğruna itirmişdir. Bəzilərini “xalq düşməni” damğası ilə ləkələyərək, repressiyaya və ya mühacirətə məruz qoymuş, əlləri millətimizin qanına batmış bir dövlətin ordusunun yaranma günü bizim üçün necə bayram sayıla bilər axı?! 23 fevralın hələ də bayram olaraq qeyd olunması, mənə elə gəlir ki, bir az da tariximizə olan savadsızlığımızın bariz nəticəsidir.
Ey şanlı Sovet ordusu, nə yaxşı ki yarandın və gəldin millətimizi qırdın. Bayramınız mübarək, əziz kişilər, bayramın mübarək, oğlum, səni təbrik edirəm minlərlə başsız qalmış ailələrin, oğulsuz qalan anaların ahını alan bir ordunun yaranması münasibətilə...
Çoxmu məcburuq buna? Kimdir bu “bayramı” qeyd etmək üçün başımıza tapança dirəyən, ya da uzaq Sibirə sürgün edən? Heç kəs. Sadəcə bilgisizlik, tariximizi daha mükəmməl bilməməyimiz. Boşuna deməyiblər, “Kor kimdir, nabələd”. Gözümüzü bərk-bərk yummuşuq, qulaqlarımızı da tıxamışıq, 23 fevral qeyd edirik. Oysa ki, Allaha şükür, bizim kifayət qədər dəyərli, milli bayramlarımız var. Şuşanın işğaldan azad olunması tarixini qeyd et kişilər bayramını, hansı ki, əsl kişilik, ərlik, igidlik göstərildi, tarix yazdı Azərbaycan oğulları, ya da öz milli ordumuzun yaranma gününü, deyim “Əhsən sənə”! Mübarizin ad gününü qeyd et, ya da Milli Dirçəliş günümüzü, deyim əsl bayramdır. Çanaqqalanı, Xudafərini an, 26 mayı, 28 mayı qeyd et, bax onlardır sənin “23 fevral”ın, sevincin, qürur günün, bayramın.
Lətafət KƏRİMOVA