Biri var idi, biri yox idi, eşşək çox idi. Bizim bu eşşək də vətəni uzaq Afrika olan, dünyanın demək olar ki, hər yerində rast gəlinən eşşəklərdən xarici görünüşü ilə heç nəylə fərqlənmirdi: eyni bədən quruluşu, eyni tük örtüyü, qısa quyruq, qısa ayaqlar, yekə baş, uzun qulaqlar, kədərli gözlər və sair, yəni eşşək həmin eşşəkdir, sadəcə Afrikadan gəlib buralarda yurd salana kimi bir azca çulunu dəyişib. Bəli, bildiyiniz, eşşək cinsi desək daha dəqiq ifadə etmiş olarıq. Fərqlənsə də taleyinə düşən vətən və sahibi, yiyəsi ilə fərqlənir. Bir az dərinə enib bizim bu eşşəyin daxili eşşək dünyasına nəzər yetirdikdə isə fərqi görməmək üçün ya gərək kor olasan, ya da özünü qoyasan eşşəkliyə.

 

Amerikalı eşşək hələ 1828-ci ildə partiya yaradaraq prezident seçkilərinə qatılanda, bizim eşşək qarnının dörddə biri üçün az aşım, ağrımaz başım deyə samanlıqları vecsiz-vecsiz dolaşır, ac qulağım, dinc qulağım deyə uzun qulaqlarını yellədə-yellədə tozun-torpağın içində özü üçün ağnayır, öz kölgəsindən hürküb arabir soncuqlayaraq öz eşşək ömrünü yaşayırdı, yaşayırdı deyəndə ki, dərdi dünya olanların dünyasına eşşək yükü idi.

 

Amerikalı eşşəkdən fərqli olaraq bizim eşşək adam dilində danışa bilmir, elə öz eşşək dilində anqırmağı bacarır. Nə qədər istəyirsən şallaqla, tarpaşda, harasına istəyirsən vur, kötəklə, samanını yandır, suyunu qurut... bizim eşşəyin səsi çıxmayacaq ki, çıxmayacaq. Elə bil yersiz anqıran bu deyil, elə bil heç nədən hay-küy salıb, şüvən qoparıb günün günorta vaxtı anqırtısıyla eli-obanı rahatsız edən bu deyil. Deyilənə görə, eşşək cin, şeytan görəndə anqırır; digər deyilənə görə isə, eşşək ürəyinə dişi eşşək düşəndə anqırır. Bizim eşşəyin anqırmağı da olsa-olsa elə bu iki deyiləndən biri olacaq. Yəni bizim eşşək Amerikalı eşşək kimi demokrat deyil ki, öz haqq səsini çatdırmaq üçün anqırsın.

 

Bir də ki, bizim eşşəyin səsini eyninə alan kimdir, olsa-olsa, uzağı, atdan düşüb eşşəyə minənlər və ya atı eşşəyə dəyişənlər bizim eşşəyin səsini eşidib diqqət kəsilə bilər. Belələrindən də ki, nə bizim eşşəyə xeyir gələr, nə eşşəyin palanına. İki eşşəyin arpasını bölə bilməyən bu zalım ağalar, ac bəylər, qansız katdalar əllərinə fürsət düşən kimi bir eşşəyə minib əllisini döyəcləyəcək, dəvəni eşşəyin quyruğuna bağlayacaq, eşşəkdən yıxılsa da hoş-hoşdan əl çəkməyəcək. Bizim eşşək də başa düşməyəcək ki, guya eşşəyə gücü çatmayıb palanı tarpaşdayan bu moşeyniklər əslində ölmüş eşşəyin nalını sökənlərdir, arabir belini qaşoylasalar da daldeydə eşşək nə bilir zərpalan nədir deyərək yorğun eşşəyə gülürlər.

 

Buna görə də Amerikalı eşşək partiya qurub prezident seçkilərində iştirak edir, şirə şıllaq atır, demokratların simvoluna çevrilir, bizim bu eşşək isə heç naxırda baş da sayılmır.

 

Nə qədər ki, bütün eşşəklər yığılıb yazıq Məhəmmədhəsən əminin eşşəyinin qisasını almayacaqlar, Xudayar bəy kimi eşşəyin dal ayaqları da bütün eşşəklərin haq və hüququnu eşşəyə tərs mindirəcək. Heç bir beynəlxalq heyvan hüquqlarını müdafiə edən təşkilat da məsələyə qarışa bilməyəcək. Ölmə eşşəyim, ölmə, yaz gələr hürriyyət bitər (ifadə Mirzə Cəlilindir).

 

Azər MUSAOĞLU