“Əgər dünyanı dəyişmək istəyirsənsə öz çarpayını səliqəyə salmaqdan başla... Bununla siz kiçik işlərin də əhəmiyyətinin olduğunu təsdiqləyirsiniz...” Bu cümlələr amerikalı admiral Vilyam Makreyvenin Texas Universitetindəki çıxışındandır.

 

Bizə gəldikdə isə, ümumiyyətlə, dünyanı dəyişmək istəyirikmi və səhərlər yatağımızdan durduqdan sonra çarpayımızı səliqəyə salırıqmı, yerimizi yığırıqmı?..

 

Məncə, biz dünyanı dəyişməkdən çox ətrafımızdakı insanları dəyişməyə çalışırıq, ən yaxşı halda istəyirik hamı bizə oxşasın, bizim kimi geyinsin, bizim yediyimizdən yesin, evləri bizimki kimi olsun, bizim sürdüyümüz maşından sürsün, bizim kimi fikirləşsin, bir sözlə, bizim kimi yaşasın və ölsün. Pis halda isə istəyirik hamı bizə oxşasa da bizdən pis geyinsin, bizdən az yesin, evləri bizimkindən alçaq olsun, “Opel” sürsün, biz fikirləşdiyimizi təsdiq etsin, bir sözlə, bizdən pis yaşasın və ölsün. Fərqliliyə, müxtəlifliyə, rəngarəngliyə qarşı allergiyamız var sanki.

 

Bizdə dünyanı dəyişmək ifadəsi dünyadan köçmək, ölmək mənasında işlədilir. Yəqin ki, dünyanı dəyişmək ifadəsi yaşadığımız dünyanı gözəlləşdirmək, yaxşılaşdırmaq mənasında işlənməyəcəyi sürədə biz dünyanı yaxşılığa doğru dəyişmək əvəzinə elə beləcə də ömür sürüb sadəcə dünyamızı dəyişəcəyik, öləcəyik yəni.

 

Biz heç öz mikrodünyamızı – özümüzü dəyişməyə də cəhd etmirik, sanki elə beləcə də olmalıdır, sanki dünya dediyimiz yaşadığımız həyət-bacadan ibarətdir və dəyişsəm uzağı hasarı söküb bir az da hündürdən tikməliyəm və ya həyətə bər-bəzəkli daş düzdürməliyəm ki, qonşudan dala qalmayım.

 

Çarpayını səliqəyə salmaq, yatacağı yığmaq nədir? Başına atmı təpib?! Heç kişi də dağıtdığı yeri yığarmı? Bəs arvad nədən ötrüdür? Bəlkə şalvarımı da özüm ütüləyim, çayımı da özüm süzüm, hələ bir əlimə süpürgə də alım, uşaqların əyin-başını da mən geyindirim, kirli paltarları paltaryuyan maşına da mən doldurum, xörək də bişirim? Bəlkə səhərdən axşama kimi işləyib pul da qazanım hələ? Özgə nə istəyirsən?.. Arvad da əlini ağdan-qaraya vurmasın, bütün günü televizorun qarşısında siqaret tüstüləsin, tum çırtlasın, evi alt-üst etsin, çayxanada dominoda uduzduğunun əvəzini evdə kişidən, uşaqlardan çıxsın, çığırsın, söyüş söysün və daha nələr, nələr... Yox, qardaş, dünyanı dəyişmək mənlik deyil, qoy bunu o amerikalılar eləsinlər.

 

Dünyanı dəyişməyə iddialı olmasaq da ən azından hər səhər çarpayımızı səliqəyə salmağa gücümüz də, səbrimiz də, iradəmiz də çatar. Yəni şəhərimizdəki istirahət parkında yeni əkilmiş dekorativ ağacları inəklərin yediyini görüb kənardan tamaşa etməməliyik; uşaqlar üçün nəzərdə tutulmuş yellənçəkləri ağnayıb sındırmamalıyıq; zibili ətrafa yox, zibil üçün qoyulmuş qutulara atmalıyıq; maşınımızı piyada keçidlərinin üzərində saxlamamalıyıq; mağazada, aptekdə, xəstəxanada və digər yerlərdə növbədə sıramızı gözləməliyik; küçədə bərkdən anqıraraq söyüş söyməməliyik; başqalarını narahat etməməliyik; insanların istirahəti üçün düzəldilmiş oturacaqları, işıq lampalarını sındırmamalıyıq; səkiləri, yolları bağlamamalıyıq; başqasının suyunu, qazını, işığını kəsməməliyik və daha nələr, nələr... bütün bunlar elə çarpayını səliqəyə salmaqdır. Bu kimi yaramazlıqları etməmək də elə dünyanı yaxşılığa doğru dəyişməkdir. Bunun üçün nə amerikalı olmaq, nə də Amerikada yaşamaq lazım gəlmir, bir az qanacaq olsa yetərlidir. Əks halda nə dünyanı dəyişə biləcəyik, nə yaşadığımız şəhəri, kəndi, məhləni, insanları, hakimiyyətləri, sistemləri, rejimləri, nə də özümüzü. Dəyişsək dəyişsək sadəcə dünyamızı dəyişəcəyik, gələcək nəsillər də ya rəhmət oxuyacaq, ya gorumuzu söyəcək.

 

Azər MUSAOĞLU