Fikir vermisinizmi, bizimkilərə vəzifə veriləndə işləmirlər. Bizimkilərə vəzifəni işləməmələri üçün verirlər. Bir də baxırsan, işguzar, bacarıqlı bir nəfərə vəzifə verirlər, fərqi yoxdur, böyük, ya kiçik vəzifə olsun, adam vəzifəyə təyin olunandan sonra fəaliyyətsizliyə başlayır, işləmir; vəzifəyə təyin olunmamışdan qabaq gördüyü işi-gücü də yadırğayır, əlini ağdan-qaraya vurmur, əksinə, iş görənlərə, işləmək istəyənlərə də mane olmağa, əngəl törətməyə başlayır. Bizimkiləri vəzifəyə ona görə təyin edirlər ki, nə özü işləsin, nə də işləyənləri işləməyə qoysun.

 

Məsələn, bizdə teatra yeni bədii rəhbər təyin edirlər ki, iş görən, bütün tamaşalarda iştirak edən, məşqlərə vaxtında gələn, öz ana dilini bilən, öz ədəbiyyatından, mədəniyyətindən xəbəri olan, canla-başla işləmək istəyən aktyorları işdən azad edib, əvəzində teatra kefi istəyəndə gəlib-gedən, öz ana dilini bilmədiyinə görə öz ana dilindəki pyesləri əzbərləyib səhnəyə çıxan, öz ədəbiyyatından, mədəniyyətindən xəbəri “tik-tok” məlumatları səviyyəsində olan, canla-başla deyil, yalnız maaşla işləmək istəyən həvəskar aktyorları işə təyin edir. Yəni iş görməmək üçün yeni “fəaliyyətə” başlayır.

 

Məsələn, bizdə kimsə məktəbə direktor təyin olunanda başlayır özünü qənaət üzrə müfəttiş kimi aparmağa. Qışın oğlan çağında qənaət etmək üçün istilik sistemini söndürür, suya qənaət elmək üçün tualetin qapısını qıfıllayır və sair. Yəni işləmək əvəzinə başlayır işləmək istəyənlərə, oxumaq istəyənlərə mane olmağa. Qənaət edə-edə özünü ağalarına yaxşı oğlan kimi göstərmək istədiyi halda, məktəbin müəllimlərini, şagirdlərini soyuqdan qırır. Belələri məktəbin qırıq-sökük yerləri, çatışmazlıqları haqqında məlumat vermir. Məlumat versə iş görmüş olar axı. Onun vəzifəsi isə iş görməməkdən ibarət olmalıdır.

 

Məsələn, bizdə aktiv, bacarıqlı, savadlı bir gəncə deputatlıqdan-zaddan vəzifə verirlər, həmin gənc bir ayın içində qocalır, passiv, bacarıqsız, savadsız bir partiyabaza çevrilir. Nə özü iş görür, nə də imkan verir başqaları iş görsün. İş görmək istəyənləri şərləyir, birinə xarici agent adı verir, digərini vətən xaini çıxarır, bir başqasına vergi kəsir, o birinə elə cərimə yazdırır ki, yazığın yeddi arxa dönəni də yığılsa ödəyə bilmir və beləliklə də işləmək istəyənləri işdən soyudur, əlini-ayağını bağlayır, çörək sınağına çəkir; işləmək üçün yalnız və yalnız onun bığının altından keçməli olduğunu qandırır, bu məmləkətdə yeganə və ən böyük işverənin o olduğunu başa salır və əgər işləmək istəyirsənsə sənin də mütləq onun verdiyi işdə fəaliyyət göstərərək karyera qura, karyerada işverənliyə qədər yüksəlib ona-buna iş verə biləcəyini izah edir.

 

Nə isə... Misalları uzatmaq da olar. Uzatsaq da, uzatmasaq da mahiyyət eynidir: hansı vəzifə olursa olsun, bizimkilərə vəzifə veriləndə işləmirlər və ya bizimkilərə vəzifəni işləməmələri (sözün həqiqi mənasında) üçün verirlər. Bir də, bizdə vəzifəli var ona vəzifə iş görməməsi üçün, iş görənlərin də qarşısını almaq, maneə olmaq üçün verilir, tapşırılır yəni. Vəzifəli də var könüllü olaraq işləyənlərin əlinə-ayağına dolaşır, mane olur, ört-basdır edir, qənaət edir, yuxarıların başını ağrıtmır, tələb etmir, hər şeyin yaxşı, gözəl olduğunu deyir, heç bir problemin olmadığından dəm vurur – təki ağalarının gözünə yaxşı oğlan kimi görünsün, təki vəzifəsinə bir xələl dəyməsin – yuxarıda çəkdiyim misaldakı məktəb direktoru kimi...

 

Yəni belə qənaətə gəlmək olar ki, bizdə vəzifə istəyirsənsə, əvvəlcə iş görməməyi, kabinetdə illərlə fəaliyyətsiz oturmağı, telefonda oyun oynamağı, ver yeyim, ört yatım, gözlə canım çıxmasınla məşğul olmağı, iş görmək istəyənlərə mane olmağı, şərləməyi, cərimələməyi, xarici agent adı qoymağı, vətən xaini çıxarmağı mütləq bacarmalısan. Məşhur filmdə deyildiyi kimi yəni: işləyən dişləməz.

 

Deyirəm, Allah bizimkilərə vəzifə verməsin, qoy başlarını salıb öz halal-hümmət işlərində-güclərində olsunlar. Yoxsa belə getsə vəzifəli işsizlərin sayı artacaq ki, bu da bir ayrı dərddir.

 

Azər MUSAOĞLU