Diqqət etdinizsə, kasıb olduğumuz üçün şanslıyıq demədim. Bəli, ola bilsin ki, kasıb olmaq da şansdır, ancaq davamlı olaraq kasıb qalmaq (və yaxud da ömür boyu) şanslı olmaq demək deyildir. Kasıb ailədə doğulmağın şans olması ondadır ki, özümüzü inkişaf etdirməyimiz üçün önümüzdə daha uzun yolumuz var. Yəni kasıb ailədə doğulmağın üstünlüyü ondadır ki, çalışaraq əldə edəcəyimiz çox şey var və əldə edəcəyimiz bu şeylər, onları hər əldə etdiyimizdə bizi xoşbəxt etməyə xidmət edəcək, bizim özümüzə olan inamımızı artıracaq. Varlı ailədə doğulanların isə bu qədər böyük şansları yoxdur.
Kasıb günə (ən aşağı məbləğ götürsək) 20 lari qazana bildiyi üçün yaşadığı xoşbəxtlik hissini varlı 20 000 lari xərcləyəndə hiss edə bilmir. Ola bilsin ki, varlı bu bədxərçliyinə görə yersiz qürur hissi keçirsin, ancaq bu hiss onu dəyərli biri etmir. Mən burada varlı ailədə doğulmuş olanları, yaxud da varlıları pisləmirəm. Əlbəttə, imkanlı insanların da özünü dəyərli hiss etmək üçün böyük şansları var. Məsələn, istəsələr ehtiyaclı insanların ehtiyaclarını maddi cəhətdən qarşılaya bilərlər. Beləliklə, onların da özlərini dəyərli hiss etməyə haqları olar. Ancaq imkanlı olmayanlar belə düşünməməlidirlər ki, ehtiyacı olanların ehtiyacını qarşılaya bilmədiyim üçün dəyərsizəm, əksinə, ayda 10 lari də olsa ehtiyaclılar üçün pul ayırsalar bunun özü də böyük işdir.
Hamımıza məlumdur ki, yaşadığımız ölkədə əhalinin əksəriyyəti imkanlı deyildir. Ancaq hamının ehtiyaclılar üçün ayıra biləcəyi 10 larisi var hər halda. Bunun özü belə imkanlı olmayan insanların özlərini dəyərli hiss etmələrinə yetər. Bunu da qeyd etmək lazımdır ki, kasıbla ehtiyaclı eyni şey deyil, məncə kasıb az da olsa qazancı olan, birtəhər dolana bilən deməkdir. İnsanın yaşamaq üçün böyük evi ola bilər, ancaq pul cəhətdən az təmin olunmuş olar, yəni kasıb sayılar. Eyni zamanda başqa birinin çalışmaq, pul qazanmaq üçün işi olar və aylıq özünü və ailəsini təmin edə biləcək qədər maaşı olar, ancaq belə insanlara varlı deməsək belə, kasıb da deməyimiz düz olmaz. Belələrinə imkanlı deyə bilərik. Qaldı ki, ehtiyaclıya, kənardan kömək olmasa öz ehtiyaclarını qarşılaya bilməyən deməkdir. Yəni xəstə ola bilər, müalicə oluna bilməz; paltarı köhnə olar, özünə təzə paltar ala bilməz; evi uçuq-sökük ola bilər, evini təmir etdirə bilməz və s. Yəni varlı başqa şeydir, imkanlı başqa, kasıb başqa, ehtiyaclı başqa. Nə isə, mövzumuz bu deyil.
Sözüm ondadır ki, kasıb ailədə doğulanlar daha çox pul qazanmaq üçün daha çox çalışmalıdırlar. Hətta ehtiyaclı ailədən çıxan insanlar üçün də şans yaratmaq lazımdır ki, onlar da öz ayaqları üzərində dura bilsinlər. Necə ki deyiblər: mənə balıq vermə, mənə balıq tutmağı öyrət. Kasıb ailədə doğulanlar sadəcə pul qazanmaq üçün çalışmamalıdırlar, başqa sahədə də özlərini inkişaf etdirməyə çalışmalıdırlar. Məsələn, təhsil almaq üçün də nəsə etməlidirlər. Ali təhsil almaq üçün əvvəlcə maddi imkanları olmaya bilər, bunun da bir çıxış yolu var, o da, həm çalışıb, həm də oxumaqdır. Bu da mümkün olmasa, bir il çalışıb, özünü bərkidib, növbəti il ali təhsil üçün universitetə qəbul ola bilərlər. Çox təəssüf hissi ilə qeyd edirəm ki, birtəhər ali təhsil ocaqlarına qəbul olunan bir çox gəncimiz, valideynlərinin min bir zəhmətlə qazanıb onların təhsil alması üçün ayırdığı pulu kazinolarda qumara qoyub uduzurlar. Halbuki həqiqətən oxuyub ali təhsil almaq istəyən, ancaq ailəsində onu pulla təmin edə biləcək işci quvvəsi çatışmayanlar da var. Bir çox gəncimiz, çox təəssüf ki, bu şansdan məhrumdur.
Ümumiyyətlə, qumar vasitəsi ilə varlanmağa çalışanları anlaya bilmirəm, onlar öz qüsurlu eqosunumu doyurmağa, yoxsa bu yolla həqiqətən böyük məbləğdə pul əldə etməyəmi çalışırlar? Hətta uduzsa belə, qumara böyük məbləğdə pul qoyub bununla kişilik nümayiş etdirənlər də var. Bunun bir adı var, o da, kişilik deyil, xəstəlikdir. Bu insanlar bircə onu düşünməlidirlər, qumara qoyulan bu böyük məbləğdəki pullarla nə qədər gənclərimizin təhsil almalarına kömək etmək olar. Onlar bunu da bilməlidirlər ki, bu yolla öz eqolarını daha yaxşı doyura bilərlər. Kasıb ailədə doğulanlardan da qumar vasitəsi ilə böyük məbləğdə pul udmaq istəyənlər var. Hətta bu pulu udsalar belə özlərinə olan inamlarını bu yolla gücləndirə bilməzlər. İnsan yalnız öz zəhməti ilə çalışıb qazandığı pulla özünə olan inamını gücləndirə bilər. Kasıb ailədən çıxıb çalışıb ali təhsil alanlar, çalışıb varlananlar şanslıdırlar. Ehtiyaclı ailədən çıxıb çalışıb ali təhsil alanlar, hətta sonra imkanlılar sirasına daxil olanlar, daha da çalışıb varlananlar isə ən şanslı insanlardır. Ancaq bu insanlar da öz keçmişini unutmayaraq ehtiyaclı insanlar üçün əllərindən gələni etməlidirlər. Beləliklə, həm insanlar inkişaf edər, həm də cəmiyyət.
Vüqar VƏKİLOĞLU