“Qızım sənə deyirəm, a gəlnim sən eşit”

 

Amerikadan tutmuş Hindistana kimi dünyanın bir çox ölkələrində olmuşam, Azərbaycan qədər ikinci bir tolerant ölkəyə rast gəlməmişəm. Bu yaxınlarda Azərbaycan vətəndaşı ancaq milliyətcə rus olan bir nəfərin video-çarxı sosial şəbəkələrdə yayılmışdı. Video-çarxda qeyd edir ki, “bu gün bizim xalqımız öz torpaqlarını işğaldan azad etmək üçün Vətən müharibəsi aparır, mən rusam, Azərbaycan vətəndaşıyam, mənim kimiləri ölkədə minlərlədir. Ölkəmizdə çoxlu rus dilli məktəblər var, Slavyan Universiteti var, Rus Dram Teatrı var, çoxlu provoslav kilsələri, rus icması, rus diasporası var. Biz hamımız Azərbaycanın vətəndaşıyıq və biz hamımız cəbhəyə yollanıb ÖZ TORPAQlarımızı azad etməyə hazırıq. Qarabağ Azərbaycandır”. Nədir bu insanı bu qədər səmimi çıxış eməyə məcbur edən?

 

Azərbaycan çoxmillətli, çox konfessiyalı ölkədir, multikulturalizm dövlətin siyasətinin əsasını təşkil edir. Ölkənin prezidenti, baş naziri və ya hansısa yüksək rütbəli şəxsləri “etnik azlıq”lar yaşayan bölgəyə səfər edəndə rəsmi çıxışlarında “tarixi vətəniniz Rusiyadır” deyib onlara qonaq gözü ilə baxmırlar. “Burada müvvəqətisiz”, “Azərbaycan azərbaycanlılarındır” demirlər. Anadan olduğu, böyüyüb boya-başa çatdığı yurdda ögey, yad münasibət bəslənilmir. Virusun insanları qorxuya saldığı, psixoloji mənfi təsiri ərəfəsində DÖVLƏT ölkədəki digər millətlərin nümayəndələrinə virusdaşıyıcısı kimi baxmağa imkan vermir, vəzifə, söz sahiblərnin onları təhqir etməsinə şərait yaratmır.

 

Videoda çıxış edən rusdur, Qarabağ məsələsində Rusiyanın rolunu gözəl bilsək də, rus xalqına qarşı ölkədə mənfi fikir formalaşdırılmır. Göründüyü kimi, ölkədə rus dilində orta məktəb, universitet, kilsə və s. fəaliyyət göstərir. Prezidentin sərəncamı ilə 2016-ci il ölkədə “Multikulturalizm ili” elan edilir, il boyu ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyətləri təbliğ edilir, təkcə “Multikulturalizm ili” çərçivəsində deyil, bunu ilin dörd fəslində müxtəlif illərdə də müşahidə etmək olar, çünki multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş və dövlət də bunun daha da möhkəmlənməsində mühüm rol oynamışdır. Dövlət ölkəsində yaşayan müxtəlif millətlərin nümayəndələrinə Azərbaycanın bərabərhüquqlu vətəndaşları olmasını hiss elətdirir.

 

Və budur VƏTƏNnin dar günündə ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri səfərbər olmuşlar, can-başla könüllü cəbhəyə getmələrini dilə gətimişlər. Çünki onların hamısını bir vətən – Azərbaycan birləşdirir, Qarabağlı bütöv Azərbaycan.

 

8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan, Azərbaycanın Milli qəhrəmanı əslən yəhudi olan Albert Aqarunov da VƏTƏNi Azərbaycan uğrunda hər şeyə hazır olduğunu söyləmişdir. Keçən il onun şərəfinə Bakıda böyük bir heykəl ucaldıldı, oxuduğu məktəbə onun adı verildi, Bakı küçələrindən biri də onun adını daşıyır.

 

Milli qəhrəmanlara heykəl ucaltmaq... paradoks deyim, yoxsa ki faciə... 90-cı illərdə Baqramyan erməni batalyonu Abxaziyada gürcülərə qarşı etnik təmizləmə apardı, Ənvər Hümbətov kimi azərbaycanlılar isə könüllü olaraq cəbhəyə yollanıb Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak oldular. Keçən il Axalkalakidə məhz 20 Yanvar tarixində Qarabağ və Abxaziyada dinc sakinləri qanına qəltan edən Avakiyanın bərpa edilmiş büstünün təntənəli açılışı oldu. Amma Abxaziyada Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən, 30-a yaxın insanı xilas edib qəhrəmancasına həlak olan Ənvər Hümbətovun adını daşıyacaq heç nə yoxdur... Ədalətin bərpa edilməsi ümidi ilə...

 

Aygül İSAYEVA

İqtisadiyyat üzrə fəlsəfə doktoru