Tər bənövşə qoxulu yazın öz yerini qızmar yay günlərinə həvalə etməkdə tərəddüd çəkdiyi bu yarı günəşli, yarı yağışlı bir səhərdə evdən çıxdım. Yol kənarlarında yenicə baş qaldırmış yamyaşıl otlar, xırda sarımtıl çiçəklər ayaqlarıma toxunduqca özümü bir başqa aləmdə hiss edir, səhərin şehində islanmış, əzilmiş otların qoxusu burnuma Cənnət qoxusu kimi gəlirdi. Beləcə xəyallar aləmində kənd avtobusuna mindim, ancaq irəlilədikcə bu xəyallar məni yolboyu bitən qıpqırmızı lalələrin eşliyində daha da dərinə sürükləyirdi. Sərin meh əsdikcə pəncərədən xışıltı səsi içəri gəlir, sanki çiçəklər insana göz-qaş edir, təbiət gəl-gəl deyirdi.

 

İki nəfər ortayaşlı kişinin avtobusa minib ön oturacaqda əyləşməsi ilə başladıqları “veryansın”ları məni bayaqdan bəri ağuşuna almış bu sehirli aləmdən qoparıb, bu şirin yuxudan oyatdı sanki. İstəmədən də olsa, bu şəxslərin söhbətinə qulaq müsafiri olmalı oldum (Olmamaq mümkün də deyildi. Sanki III Dünya Müharibəsi başlamışdı və bircə bizim avtobusdakılar xəbərsiz qalmışdı).

 

Aralarındakı söhbətdən məlum oldu ki, bu dayılardan biri bir müddət əvvəl xoşagəlməz hadisə ilə qarşılaşıb və bu hadisə ilə bağlı Ədliyyə Evinə çağırılıb. O, şəxsi avtomobili ilə hərəkət edərkən yolda bir başqa yaşlı şəxs olan piyadanın ayağını tapdalayıb, nəticədə zərərçəkən şəxs müvazinətini itirərək həm də başından xəsarət alıb. Təbii olaraq, dayı özünü əlli illik vəkil bacarığı ilə müdafiə edirdi. Əvvəlcə mən də hadisəyə birtərəfli yanaşdım və öz-özlüyümdə iki tərəfdən birini günahlandırmağa başladım ki, nə üçün sürücü piyadaya yol verməyib, piyada nə üçün avtomobilə diqqət etməyib və s. Sonra dərhal ağlıma bayaqkı yaşıl otlarla məni məndən alıb uzaqlaşdıran yollar gəldi. Həmin yolda sözügedən hadisəni canlandırdım gözümdə. Burada iki avtomobilin eyni vaxtda hərəkət etməsi üçün, gərək ki, hər iki sürücünün yaxşı “avtoşluq” qabiliyyəti ola ki, lazım gələn anda iki təkər üstə qalxa bilə. Ya da yaxşı “sportmen” olasan ki, avtomobil yaxınlaşdıqda cəld hasara dırmaşasan. Görünür, zərərçəkən şəxs ya yaxşı “sportmen” deyilmiş, ya da bizim dayı dörd təkərlə gedib yolu...

 

Çəpər sökülür, yerinə yeni daş hasar çəkiləcək, bir addım yola çəkir. “Filankəs də çəkib, mənəmi qalıb yolu düşünmək?!”, “Az yerdimi, göy-göyərti səpərəm ora da. BİR ADDIM yerdi, itirmək olar onu?!” Hələ qarşı qonşu da hasar xəyalına düşsə, vay halına yolun. Bir addım da o gəlir və başlayırıq torpağın üstündə kəndirbazlığa. Dolama yollarda isə vəziyyət daha da acınacaqlıdır. Qarşıdan gələn avtomobil gəlib qaşqana dəyməsə mümkün deyil yola “gəzməyə çıxmış” çəpərlərdən ki, görə biləsən gələni. Bir addım torpaqda, sanki, xariqələr yaradacağıq, ya da çiynimizə alıb o dünyaya aparacağıq. Yaxşı ki, əlimizdən bu gəlmir, yoxsa nələr edərdik, bir Allah bilir.

 

Bu yerdə müəllifini xatırlamadığım bir şeir ağlıma gəlir:

 

            Yaxşı ki, ölülər əliboş gedir,

            Yoxsa bu dünyanı talardı insan.

            Burdan qum daşıyıb, kərpic daşıyıb

            Cənnəti hasara alardı insan.

 

Öz-özümə sətirləri düşünə-düşünə avtobusdan endim və ayağımı-başımı sağ-salamat gedəcəyim yerə çatdırmaq üçün yola düzəldim.

 

Lətafət KƏRİMOVA