Bilirsiniz, biz niyə başqalarının həyatı ilə daha çox maraqlanırıq? Qızıldan qiymətli vaxtımızı onun-bunun həyatına burun soxmaqla xərcləyirik? – Ay kim nə qədər maaş alır, harada işləyir, niyə evlənmir, niyə uşaq dünyaya gətirmir; ay nə bilim filankəs niyə boşandı, bəhmənkəs kiminlə fırlanır, hara gedib-haradan gəlir, necə gedib-necə gəlir, gündüz gedib-gecə gəlir, tək gedib cüt gəlir, kimin maşınında gedib-gəlir; nə yeyir, nə içir, hansı rəngdə alt paltarı geyinir, harada dincəlir, hansı pullarla dincəlir, maşını hansı pullarla alır, benzini hansından süzür, nə qədər su pulu ödəyir; hansı xəstəliklərdən əziyyət çəkir, babasili varmı (varsa tibbə hələ də məlum olmayan çeşid-çeşid reseptlər məsləhət görür), dişlərini hansı məcunla yuyur, bahalı ya ucuz tualet kağızındanmı istifadə edir və sair və ilaxır...
Və bütün bunlara bir ömür vaxt sərf edirik, bir də təqvimə və güzgüyə baxıb görürük ki, lələ köçüb, yurdu qalıb. Başqalarının həyatına (həyətinə də) öz həyatımızdan (həyətimizdən) çox vaxt ayırmışıq. Onu-bunu güdə-güdə öz işimiz-gücümüz qalıb ortalıqda. Evlənən evlənib, boşanan boşanıb təzədən evlənib, boşanmayan da oğul-qız evləndirib, boşadıb. Sən isə qonum-qonşunu güdən nəzarət kamerası kimi, qeybət makinası kimi cansız ömür sürmüsən.
Niyə?
Çünki bizim heç bir hobbimiz yoxdur!
İngilis sözü olan hobbini dilimizə sevimli məşğuliyyət, həvəslə görülən iş, maraqlandığın sahə, peşə, məşğələ kimi də tərcümə etmək olar. Hansısa hobbisi olan insan boş vaxtında dincəlmək üçün, zövq almaq üçün, özünü ifadə etmək üçün, əsəbdən, stresdən, nifrətdən azad olmaq üçün, ağır iş gününü yüngülləşdirmək üçün öz hobbisinə sığınır. Kimi rəsm çəkir, kimi marka toplayır, kimi mütaliə edir, kimi həşəratları öyrənir, kimi rəngli daşlar yığır, şam qozalarından müxtəlif bəzək əşyaları düzəldir, kimi filmə baxır, kimi hasar boyayır, gül əkir, ağac calayır, kimi səyahət edir, kimi heyvan saxlayır, yoqayla məşğul olur, idmana gedir, şahmat oynayır, kimi toxuculuqla məşğul olur, kimi balıq tutur və sair və ilaxır.
Və bununla da başı özünə qarışmış insan başqalarının həyatına burun soxmağa, göz dikməyə, çənə döyməyə vaxt eləmir. Öz həyatını yaşayır, öz istədiyi kimi yaşayır, öz sevdiyi işləri görür. Həyatdan da, işindən də, istirahətində də zövq almış olur. Başqalarının həyatını zəhərləmir. Onu-bunu güdmür. Bunu istəsə də fiziki olaraq bu yaramaz iş üçün vaxtı olmur.
Niyə?
Çünki hobbisi var!
Aparılan bir çox araşdırmalara görə, bədbəxt insanların 38 faizinin heç bir hobbisi yoxdur. Bu araşdırmalar biz tərəflərdə aparılsaydı yəqin faiz göstəricisi də artıq olardı, hardasa 90 faiz-zad. Çünki bizdə əksəriyyətin hobbisi yoxdur. Ümumiyyətlə, hobbi nədir, necə olur bilmirik. Hobbini bir kənara qoyaq, başqalarının həyatı ilə maraqlananlar, gününü onu-bunu güdməklə keçirənlər, burnunu özgəsinin işinə soxanların sayına gəldikdə, yəqin ki, birinci yerlərdəyik. Müqayisə üçün “yuxarıları” göstərmək yetərlidir. Məsələn, Amerika prezidentlərinin əksəriyyətinin hobbisi olur, ən azından gitarada ifa etməyi bacarırlar. Bizdə isə prezidentlər də başqalarının həyatı ilə maraqlanır, onu-bunu güdür, qeybət edirlər. Balıq başdan iylənər yəni.
Həvəslə, sevərək, həzz alaraq, dincələrək məşğul olduğunuz istənilən məşğuliyyət növü hobbidir. Boş vaxtlarınızı sərf etməyə özünüzə hobbi tapın. Başqalarının həyatları ilə maraqlanmağı özünüzə hobbi etməyin. Allahdan qorxun!
Azər MUSAOĞLU