Yəqin sizin də ətrafınızda elə adamlar var ki, onlara mən qaramat yığını deyirəm. Bu insanlar xoşlayırlar hər işə mütləq şəkildə bir mız qoysunlar. Hansı ki, heç fikirlərini belə əsaslandıra bilmirlər.
Son vaxtlar bəziləri tüyğan edir ki, bəs Yeni il bizim bayram deyil. Hətta təbrikə belə birbaşa iradla cavab verirlər. Görəsən həmin adamlar tarixi hicri-qəməri təqvimiylə hesablayırlar? Yəni onların ömrünün bir ili tamam olmur? Əgər yaşadığımız dünya bu təqvimlə fırlanırsa, nədən biz əksər halda heç səbəbini də bilmədiyimiz iradlarla kiminsə xoş münasibətinə pis rəy bildiririk.
Bəli, dünya Milad bayramı qeyd edə bilər, əgər o da İsa peyğəmbərin mövludu günüdürsə, heç də bizim nümunəvi, bərabərlik imanımız olan islam dinimiz peyğəmbərlərə fərq qoymursa. Bəs özünü dindar sayan bu adamlar insanları niyə belə bəd yönümlü maarifləndirirlər.
Ümumiyyətlə, olmazmı insan olaraq həyatda yaxşı nə var onu təkrar edək, pisdən uzaqlaşaq. Hamımız köhnə illə vidalaşır, yeni ili qəbul edirik.Vəssalam! Həmin günü sevinclə qarşılayırıq ki, ilimiz də xoş gəlsin. Burada pis nə var? Biz Afrika qəbilə bayramını yox, özümüzün, atalarmızın, babalarmızın uşaqlıqdan görə-görə gəldiyi bayramı qeyd edirik.
Hər bayramın öz atributları var. Evlərimizə qışın soyuğunda yaşıllıq gətirən yolka dediyimiz, uşaqların maraqla gözlədiyi bu sevincdən niyə imtina edək ki. Əlbəttə, hər şeyin ifratı zərərlidir, amma uşaqlar şənlənirsə, ətrafımızda xoş əhvali-ruhiyyə yaranırsa, doğmalar bir-birini axtarırsa, işdən-gücdən vaxt edib dincəliriksə, az da olsa qayğıdan uzaqlaşırıqsa – bunun nəyi pisdir?
Biz bayramları da ruhumuza yaxın olanda qeyd edirik axı. Hamımızın yaxın keçmişində bir gözlədiyi hədiyyə gətirən Şaxta baba vardı, bəzəkli gözəl Qar qız vardı, maraqla saatın əqrəbinin son saniyələrini saymağımız vardı... Sonra gələn ili alqışla qarşılamağımız da bizim bir əsrlik xatirəmizdir.
Bu təlatümlü, yaşamaq üçün çox az zaman olan dünyada uşaqlarımıza verdiyimiz xoşbəxtliklərin az siyahısından Yeni il bayramını silməyin nolar!
Uşaqlar Şaxta babaya məktub da yazsınlar. Bu, onların çəkinmədən ilk gizli istəkləridir, uşaqlar bəzəkli otaqlarda şənlənsinlər, qoy bir-birinə Santa Klausun sirri olan hədiyyəni alsınlar, təki xoşbəxt olsunlar.
Bunu balalarmızdan əsirgəməyək.
Tək uşaqlarmı? Süfrələrimizın ətrafında doğmalarla birlikdə olmağın dəyərini nə əvəz edər ki...
Yeni ildə doğmalaşaq, sevinək, günümüzü dəyərləndirək, bax, onda həmrəy olacağıq.
İlimiz sağlam, əminamanlıqla, ruzi ilə gəlsin! Yeni ilimiz mübarək!
Esmira ƏLƏKBƏRLİ