İnsan münasibətlərində tez-tez küsmək də olur, barışmaq da. Söhbət yalnız sevgi münasibətindən getmir, dostluq və ailə münasibətləri də bura daxildir. Bəzən bu küsülülüyün səbəbi çox ağır olur. Elə olanda insan küsdüyü şəxsi bağışlayıb-bağışlamamaq arasında qalır. Bəs doğrudan, qarşındakını bağışlamaq insanın mənəvi gücünün göstəricisidir, yoxsa insanın özünə qarşı etdiyi haqsızlıqdır? Bu sualın cavabı hər kəs üçün fərqlidir. Çünki hər yaranın dərinliyi, hər səhvin ağırlığı və hər insanın buna qarşı dözüm həddi ayrıdır.
Uşaqlığımızdan bəri bizə “bağışlamaq böyüklükdür”, “kin saxlamaq olmaz”, “Allah bağışlayandırsa, bəndə nə karədir” kimi fikirlər öyrədilib. Bu düşüncələr insanları mərhəmətli və anlayışlı olmağa sövq etsə də, bəzən düz başa düşülmür. Belə ki, bəzi insanlar bağışlamağı özünü axmaq yerinə qoymaq, hər dəfə eyni səhvə göz yummaq, özünü unudub qarşı tərəfin hər davranışını qəbul etmək kimi görür. Halbuki bağışlamaqla hər şeyə razı olmaq çox fərqlidir, eyni mənanı daşımır.
Bağışlamaq, ilk növbədə, insanın öz ruhuna etdiyi yaxşılıqdır. Çünki kin, nifrət və qəzəb qəlbdə uzun müddət qaldıqda insanın daxilində ağır yükə çevrilir. Bu hisslər təkcə psixoloji deyil, fiziki sağlamlığa da ciddi təsir göstərir. Daim keçmişi düşünmək, incidən hadisələri təkrar-təkrar yaşamaq insanın həyat keyfiyyətini korlayır. Buna görə bağışlamaq həmin yükü ürəkdən atmaq, daxili rahatlığa doğru addımlamaq deməkdir.
Ancaq burada çox vacib bir məqam var. Əlbəttə ki, bağışlamaq etibarın əvvəlki kimi olacağı demək deyil. Eynən qırılan güzgü kimi. Onu birtəhər yapışdırmaq olur, amma çatları yenə görünür, gizlətmək mümkünsüzdür. İnsan da elədir. Kimisə bağışlaya bilər, lakin əvvəlki kimi etibar etməyə də bilər. Çünki etibar sözlə deyil, zaman və davranışlarla yaranır.
Bəzən insanlar “məni bağışla” desələr də davranışlarını dəyişmirlər. Eyni səhvləri təkrar edir, yenə incidir, yenə üzürlər. Belə hallarda bağışlamaq qarşı tərəfə sonsuz imkan vermək kimi görünsə də, elə deyil. Əksinə, insan öz sərhədlərini qorumalı, öz dəyərini bilməlidir. Ona görə bağışlayıb araya məsafə qoymaq ən düzgün seçimdir.
Xüsusilə ailədaxili zorakılıq, psixoloji təzyiq kimi hallarda “bağışla ki, hər şey düzəlsin” düşüncəsi, çox təhlükəli nəticələr yarada bilər. Dəyişmək istəməyən insanı nə qədər bağışlasan da dəyişmir. Dəyişmək yalnız insan öz səhvini qəbul edəndə və məsuliyyət daşıyanda mümkün olur. İnsanlar bilməlidir ki, sağlam münasibət yalnız sevgi ilə deyil, qarşılıqlı hörmət və məsuliyyətlə yaşayır.
Elə insanlar da var ki, özlərini bağışlamaqda çətinlik çəkirlər. Bir zamanlar verdikləri yanlış qərarlar, dedikləri sözlər və ya etdikləri səhvlər onları illərlə narahat edir. Əslində insan səhv etdikcə dəyişir, öyrənir və bu səhvlərindən nəticə çıxarır. Özünü bağışlamaq, keçmişi unutmaq deyil, ondan dərs alaraq gələcəyə davam etməkdir.
Bağışlamaq heç vaxt zəifliyin əlaməti hesab olunmur. Əsl zəiflik insanın illərlə qəzəb və nifrətin əsiri olaraq yaşamasıdır. Bəzən də elə ən böyük cəsarət özünə dəyər verərək incidən insandan uzaqlaşmaq, “bu qədər bəsdir” deyib öz həyatına davam etməkdir.
Hər insan qarşısındakını bağışlayacağına və ya bağışlamayacağına özü qərar verir. Bu qərar cəmiyyətin təzyiqi ilə deyil, insanın ürəyinin rahatlığı və istəyi nəzərə alınaraq verilməlidir. Çünki bəzən bağışlamaq münasibəti davam etdirmək demək deyil, sadəcə keçmişin insanın gələcəyini idarə etməsinə icazə verməməkdir.
Sonda isə bir həqiqəti yaddan çıxartmayaq. Bağışlamaq çox gözəl xüsusiyyətdir, amma özünə hörmət etmək ondan da qiymətlidir. İnsan həm mərhəmətli, həm də şəxsi sərhədlərini qorumağı öyrənməlidir. Əsl güc də məhz bu tarazlığı qoruya bilməkdədir.
Afaq Azər