Əvvəllər şəkil paylaşmaq sadəcə xatirə üçün idi. İnsanlar şəkilləri çəkirdilər ki, illər sonra baxıb o günlərin xatirəsini yad etsinlər. İndi isə vəziyyət tamamilə dəyişib. İnsanlar yedikləri yeməklərin belə şəkillərini paylaşırlar. Bu, artıq xatirə deyil, sanki bir elan və ya nəyinsə nümayişdir. Elə bil insan yemək yemir, sadəcə yediklərini kiməsə sübut edir. Çörək yeyərkən, su içərkən, hətta qaşığı qaldırarkən belə paylaşılır. Yemək yox, bir “yayım” prosesinə çevrilib. Bəzi insanlar canlı yayım açıb yemək yeyirlər. Süfrə onlar üçün nahar yeri deyil, tamaşa meydanına çevrilib. Qaşıq havaya qalxır, izləyici sayı artır. Sanki yemək yeyən insanı birinci dəfə görürlər. Bəzən hətta belə şərhlər də olur: “Gələn dəfə filan yeməyi də yeyərsən”. Elə bil bu paylaşımlar başqalarını doyurur, özü isə doymur. Yemək ağıza yox, kameraya gedir. Adi su içmək belə görünmək üçün vacib sayılır. Sanki doymaq üçün yox, diqqət toplamaq üçün yeyirlər. Qarın doysa da, eqo ac qalır. Yemək soyuyur, amma paylaşım isti qalır. Baxan doyur, yeyən doymur, amma hamı görünmək yarışındadır. Həqiqətən də bilmirlər ki, nə ilə gündəmə gəlsinlər.

 

Yemək, əslində, qarın üçündür, kamera üçün yox. Su susuzluq üçündür, status üçün yox. Amma bu gün bəzi adamlar var ki, yeməyi ağızla yox, telefonla “dadırlar”. Süfrəyə oturan kimi ilk baxdıqları duz qabı yox, kamera bucağı olur. Qaşığı götürməzdən əvvəl filtr seçirlər. Sanki aşpaz anaları, özləri, həyat yoldaşları yox, montaj proqramıdır. Halbuki süfrə paylaşmaq üçün yox, bölüşmək üçündür. Süfrənin bərəkəti şəkil çəkiləndə yox, pay veriləndə artır.

 

Bizim mədəniyyətimizdə “göz haqqı” adlı bir anlayış var. Bir tikə çörək yeyərkən belə düşünürsən ki, bəlkə kimsə baxır, bəlkə kiminsə ürəyi çəkir, bəlkə imkanı yoxdur. Sosial şəbəkələrdə ard-arda yemək paylaşımları edənlər bəzən bunu unudurlar. O şəkillərə baxanların arasında cibində pulu olmayanlar, dietada olub yemək istəyi ilə mübarizə aparanlar, hamilə olub ürəyi çəkən, amma ala bilməyənlər də var. Birinin sadə paylaşımı başqasının arzu və istəyi ola bilər. Paylaşım sahibləri isə bunu hiss etmir. Çünki onlar üçün yemək qida deyil, bir kontentdir; süfrə qonaqlıq üçün deyil, dekorasiyadır; çay süfrəsi istirahət deyil, materialdır. Onlar yeməyi yeyib qurtarmırlar, paylaşana qədər gözlədib saxlayırlar. Yemək soyuyur, amma paylaşım həmişə olduğu kimi isti qalır.

 

Ən maraqlısı da odur ki, bu paylaşımların çoxu yadda qalmır. Dünən paylaşılan kabab bu gün unudulur, bu gün paylaşılan tort sabah itib gedir. Amma yenə də paylaşılır. Çünki məqsəd yadda qalmaq yox, görünməkdir. Görünmək ehtiyacı isə doymaq bilmir. Nə qədər paylaşsan da yenə paylaşmaq istəyirsən. Bu aclıq kimidir, amma qarın yox, diqqət aclığı...

 

Köhnə vaxtlarda insanlar süfrəyə oturanda “nuş olsun” deyərdilər. İndi isə sanki “bəyənin” deyirlər. Əvvəllər yeməkdən sonra şükür edilərdi, indi şərh gözlənilir. Süfrə duasını bildiyimiz kimi, indi alqoritm duası var. Belə ki, paylaşım çox görünsün, çox bəyənilsin, çox paylaşılsın. Əlbəttə, paylaşmaq günah deyil. Yemək gözəldirsə onu göstərmək də olar. Problem yeməyin paylaşılması yox, həyatın paylaşım naminə yaşanılmasıdır. İnsan yeməyi yemək üçün yox, paylaşmaq üçün yeyirsə artıq süfrə məqsəd yox, vasitə olur axı. Vasitə çoxaldıqca isə həyatın dadı azalır.

 

Bəlkə də məsələ ondadır ki, biz yeməyi qarınla yox, eqo ilə yeyirik. Ona görə doymaq bilmirik. Qarın doyur, amma eqo həmişə ac qalır. Eqo ac qalanda isə telefon işə düşür, kamera açılır, şəkil çəkilir və dünya yenə bir boşqab yemək şəkli ilə xəbərdar edilir. Sanki demək istəyirlər ki, “baxın, mən də yemək yeyə bilirəm”.

 

Kaş bir gün niyyətlər çəkiləydi. Kaş bir gün süfrələrin şəkli yox, süfrələrin bərəkəti paylaşılaydı. Kaş bir gün insanlar yeməyi göstərmək yox, bölüşmək həvəsinə düşəydi. Onda nə göz haqqı qalardı, nə həsrət, nə də boş yerə nümayiş. Çünki süfrənin əsl şəkli kamerada yox, insanın vicdanında çəkilir.

 

Validə Fətullayeva