Yapon ataları deyib: “Düyünün içindəki qara daşdan deyil, ağ daşdan qorxun”. Yapon ataları düyünün içindəki ağ daşın gözdən yayınaraq qazana yol tapıb dişləri sındıra bilməsi kimi, öz içlərində olan müxənnətlərin də birliklərini sındıra bilməsindən ehtiyat etmələrini xəbərdar ediblər. Düyünün içindəki qara daşlar onsuz da bəllidir, görünür, gizlənə bilmir; ağ daş isə düyünün rəngində olsa da, xisləti başqadır.
Yaponlardan fərqli olaraq, biz düyümüzün içindəki ağ daşları deyil, qara daşları seçib atırıq, qara daşlardan qorxuruq, “daşdan yumşaq nə var gətir” deyib yeyirik. Elə buna görə də aşımız daş aşına dönüb, dişimizin arasında düyü deyil, daş xırçıldayır, yediyimiz ağıya dönür. Aşımız daş çıxanda isə artıq gec olur, daldan atılan daş topuğa dəyir. Gözümüzdən yayınan ağ daşlar yığılaraq başımıza bəla olur, daş yağır başımıza.
Artıq kələfimiz elə dolaşıb ki, ağı qaradan seçə bilmirik. Daşlar təkcə düyümüzdə yox, mərciməyimizdə, lobyamızda, noxudumuzda, arpa-buğdamızda da rəng altında gizlənə bilir – buqələmun kimi. Daşın kim tərəfindən, haradan atıldığını bilmək, öyrənmək əvəzinə, düyümüzdən çıxan daşları kimə, haraya atacağımızı dərd edirik, göyə daş atıb başımızı tuturuq.
Biz daş oluruq, qəlbimiz daşa da dönür, amma biz vətənDAŞ ola bilmirik, biz soyDAŞ ola bilmirik, biz dilDAŞ ola bilmirik, biz dinDAŞ ola bilmirik, biz yolDAŞ ola bilmirik, biz sirDAŞ ola bilmirik, biz qarDAŞ ola bilmirik, biz əməkDAŞ ola bilmirik... Olsa-olsa sağ ikən düyümüzün içində ağ daş oluruq, öləndən sonra da başdaşı oluruq. Çünki biz çox unutqanıq, yadDAŞımız balıq yaddaşıdır. Nə qədər ki, yaddaş əvəzinə ağ düyüdə yad daş olacağıq, dişlərimiz sınacaq. İşlərimiz düz getməyəcək.
Kimin daş, kimin düyü olduğu bilinməyən bir zamanda dəli yadına daş salmaq külüngü daşa vurmaqdır, bilirəm. Düyüdəki qara daşları seçib atmağa da gərək yoxdur. Qara daş bişəndə də rəngini dəyişməyəcək, elə qaşıqda da özünü mərdanə göstərəcək. Düyünün içindəki qara daşlardan qorxa-qorxa, qara daşlardan ehtiyatlana-ehtiyatlana, qara daşları arıtlaya-arıtlaya ağ daşları tamam unutmuşuq, rənginə aldanmışıq.
Ağ rəng adətən məsumiyyətin, təmizliyin, saflığın rəmzi olsa da, düyünün içindəki ağ daş heç də məsum, təmiz, saf deyil; müxənnətdir, namərddir, xaindir... Ağ rəngə aldanmamalıyıq. Rənginin ağlığından istifadə edərək düyünün arasına soxulan daşları görməliyik, tanımalıyıq, ifşa etməliyik.
Daş düyü boyda olsa da dişlərimizi elə öz çənəmizin gücü ilə sındırar. Bizi içimizdən yeyən qurdun balacalığına arxayın olmamalıyıq. Düyünün içindəki ağ daşları arıtlamalıyıq əvvəlcə... O ağ daşları ki, dili dilimizdəndir, dini dinimizdəndir, amma zatı xarabdır, BİZi MƏN edərək parçalamağa çalışırlar, BİZə xəyanət edirlər, BİZi ONLARın ayağına verirlər, satırlar, şərləyirlər, tutdururlar, sapdırırlar, əyirlər, sındırırlar; bizi də özləri kimi düyünün içində ağ daşa çevirirlər, bir də ayılırıq ki, aşımız daş çıxıb...
Azər Musaoğlu