Vətəni bir millətin yuvası, evinin damı olaraq adlandıra bilərik. Damsız necə ki, bir ev olmazsa eyni şəkildə vətənsiz bir millət də düşünülə bilməz. Vətən bir millətin, bir xalqın üzərində yaşadığı torpağa verilən addır. Vətən biz insanlar üçün çox qiymətli və əhəmiyyətli olmalıdır.

 

Dünyada çox sayda millət və onların da vətənləri vardır ki, hər ölkənin torpağı çox ciddi mübarizələr nəticəsində qazanılmışdır. Bir çox insan vətən torpağı uğrunda həyatını itirmiş, bir çox insan yaralanmış, qan tökmüşdür.

 

Vətəni qorumaq hər kəsin başlıca vəzifələrindən biri olmalıdır. Tarixə baxıldığında böyüklərimiz, babalarımız apardıqları mübarizələr sayəsində vətən torpaqlarını qorumuş, millətinin dağılmasının, bölünməsinin qarşısını almışdır. Vətən demək, insanların evi deməkdir, yuvası deməkdir.

 

Vətəni qorumaq yalnız vətən torpaqlarını qorumaqla yox, həm də o vətənin millətinin mədəniyyətinə, ənənəsinə sahib çıxmaqla olur. Vətən torpaqlarının yox olması bu ənənə və mədəniyyətlərin də eyni zamanda yox olması deməkdir. Bu səbəblə vətən torpaqlarını sevməmiz və qorumamız prioritetli hədəfimiz olmalıdır.

 

Yəqin ki, anladınız nədən söhbət açmaq istəyirəm? Bəli, artq 30 ildən çoxdur ki, erməni separatçıları tərəfindən işğal edilmiş torpaqların geri alınması zəmnində başladılmış əks hücum haqqında düşüncələrimi paylaşmaq istədim. Bu uğurda son bir neçə ildə artıq Azərbaycan əsgəri və ordusu bir neçə dəfə irəliləmək şansına nail olub. Mən bu hadisəyə müharibə yox, işğal olunan əraziləri geri qaytarmaq üçün mübarizə deyərdim.

 

Bu mövzuyla bağlı illərdir ki, beynəlxalq təşkilatlar, bir çox xarici ölkələr maraqlansalar da ortaya bir şey çıxmayıb. Görünən odur ki, elə bu vasitəçilərin özləri də buna can atmırlar. Hətta atəşkəsi pozub dinc və əliyalın əhalini qətl edən tərəf ermənilər olsa belə Azərbaycanı qınayırlar. Ancaq məsələyə istər hüquqi yöndən, istər sivil yöndən, istərsə də dini yöndən baxsan Azərbaycan hökuməti bu məsələdə öz vətənini qorumaq yönündən haqlıdır. Çünki vətən bütün müqəddəs dəyərlərin toplandığı yerdir. Artıq o, bir torpaq parçasından çox bütün milli və mənəvi dəyərlərin yaşandığı bir mühitdir. Əsrlərdir ki, Azərbaycan xalqı o torpaq uğrunda minlərlə, bəlkə də milyonlarla can fəda edib. Məşhur şair Mithat Camal Kuntayın dediyi kimi:

 

Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq, əgər uğrunda ölən varsa Vətəndir!

 

Məhz bu səbəblə də bu gün Azərbaycan əhalisi öz vətənini, torpağını qorumaq üçün səfərbər olmuşdur. İllərdir sülh danışıqları adı ilə xalqın qarşısını kəsməyə çalışdılar. Ancaq qəhrəman xalq öz vətənini qorumaq arzusu ilə yanıb tutuşmaqdadır.

Bu haqlı davasında Azərbaycan hökumətinə və qəhrəman ordusuna uğurlar diləyir, bu uğurda dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılarına şəfa diləyirəm.

Yaxın günlərdə bütöv Azərbaycan sədalarını eşitmək ümidi ilə!

 

Hacı BƏKİROĞLU