MƏİŞƏT

17. HOLLAND MƏTBƏXİ

 

Niderland mətbəxindən danışmamışdan öncə, onun təməl qaynağı olan heyvandarlıqdan danışmamız gərəkdir. Və qeyd edim ki, hollandların ev heyvanlarına bağlılığı da bir başqa sevgidir. Bütün ölkə miqyasında müxtəlif ev heyvanlarının bəsləndiyi fermalara, kiçik təsərrüfatlarla tez-tez rastlaşa bilərik. Ətlik-südlük inəklər, kök qoyun-quzu hər yerdə gözə dəyir. Hətta xüsusi təsərrüfatlarda ceyranlara, yaklara, Amerika dəvələrinə – lamalara da təsadüf olunur.

 

Amma bizim holland mətbəxinə daxil olmamız, oradakı biş-düşə nəzər yetirməmiz gərəkdir.

 

Hər bir xalqın mətbəxi onun maddi mədəniyyətinin tərkib hissəsidir. İstənilən bir xalqı götürsək, onun mətbəxində fərqli bir yemək növünün olmasını asanlıqla müəyyən edə bilərik. Əksər şimal xalqlarının mətbəxi kimi, Niderland da mətbəxinin zənginliyi ilə öyünə bilməz. Yemək çeşidlərinin azlığı və sayalığı buna ən yaxşı dəlil ola bilər. Amma bu sayalığa və yeknəsəqliyə rəğmən, hollandların da dəyərli biş-düşləri yox deyil. Ölkəyə gələnləri qonaq etmək üçün süfrəyə qoyacaqları fərqli təamları var. Niderland mətbəxinin ana ünsürü dünyada ad çıxarmış holland pendiridir. Mən bu süd məhsulundan ayrıca bəhs etməyi düşünürəm və onunla bağlı fikirlərimi bir sonrakı bölümdə verəcəm.

 

Niderland mətbəxində ən çox istifadə edilən digər bir məhsul isə ətdir. Hollandlar qoyun-quzu, mal ətinə daha çox üstünlük verirlər. Qəssabdan keçi, dovşan əti soruşanlar da olur. Donuz ətindən də müxtəlif yeməklər hazırlanır. Əhalinin ucuzluğuna görə daha çox toyuq əti aldıqlarını da sezmək mümkündür. Dana, toyuq və hinduşka ətindən hazırlanmış kolbasa və sosislər, eləcə də digər məhsullar holland mətbəxində yeməklərin hazırlanmasında istifadə edilir. Manqalda bişirilən müxtəlif növ kabablar onların ən sevimli yeməkləri olduğu kimi, həm də dost-tanışla əylənmələri üçün bir vasitədir. İstər qazan yeməklərinə, istərsə də kabablara bol-bol və fərqli ədviyyatlar vururlar. Dana əti üçün ayrı, quzu əti üçün tamam fərqli, ev quşlarının əti üçünsə bir başqa növ ədviyyatdan istifadə edilir. Bunu supermarketlərin, qəssab dükanlarının ayrılmaz bir üzvü olan yüzlərlə ədviyyat növünün düzüldüyü rəflərdən də anlamaq mümkündür. Bu rəflərin qarşısında öz zövqünə uyğun ədviyyat seçmək üçün bəzən saatlarla dayanan müştərilərin çoxluğuyla da, həmin müştərilərin mətbəxlərində ayrı-ayrı ölkələrdən gətirilən, eləcə də yerli istehsalçıların məhsulu olan ədviyyatdan bol-bol almalarıyla da təsdiqləyə bilərik. Yeməklərin yanında müxtəlif souslar da servis edilir. Sarımsaqlı, acı bibərli, istiotlu belə sousların onlarla çeşidi mövcuddur.

 

Balıq və digər dəniz məhsulları da tarixən Niderland mətbəxinin əvəzolunmaz ünsürüdür.

 

Niderland çörək ölkəsidir. Çörək çeşidlərinin bolluğu belə deməyə imkan verir. Undan hazırlanmış bulkalar, şirniyyatlar da bu ölkənin dəyərlərindəndir.

 

Niderland süfrəsini kartofsuz təsəvvür etmək mümkün deyil. Kartofdan hazırlanmış yeməklərin təqdim edilmədiyi bir restorana, kafeyə, yeməkxanaya rast gəlmək ehtimalımız belə yoxdur. İstənilən restoranda və ya pabda müştərinin sifariş etdiyi yeməklərin yanında kartof fri verilməsi adi haldır. Ayaqüstü yemək xidməti göstərən müəssisələrdə də əsas ana yemək kartof fridir. Nədən ki, ölkədə kartofdan hazırlanan yeməkləri sevməyən insanla rastlaşmaq şansımız da sıfıra bərabərdir. Holland mətbəxində şirin kartofdan da geninə-boluna istifadə olunur. Kartofun dadına, rənginə, tərkibindəki məhsullara görə müxtəlif souslarla servis edilməsi mütləqdir. Kartofla qidalanan, onu çərəz kimi, məsələn, ləbləbi-kişmiş kimi yeyən adamlarla hər küncdə-bucaqda qarşılaşa bilərsən. Ləbləbi-kişmiş demiş, hollandlar qoz-fındıq, fıstıq, yerfındığı, qurudulmuş meyvə kimi təamlardan hər fürsətdə istifadə edirlər. Yeri gəlmişkən, kartof istehsalına görə hollandlar dünyada belaruslardan sonra ikinci yeri tuturlar.

 

İlboyu dünyanın hər tərəfindən Niderlanda daşınan təzə meyvə, tərəvəz ən çox satılan məhsullardandır. Düzdür, ölkədə bar verən meyvə bağları, müxtəlif tərəvəz bitkiləri becərilən sahə və istixanalar da çoxdur. Ancaq banan, ananas, kivi, avakado, manqo kimi tropik, limon, naringi, portağal kimi sitrus meyvələri uzaq-yaxın xaricdən gətirilir. Niderlandda hər mövsümdə qarpız-yemiş satıldığını görmək olar. Yunanıstan, İspaniya, Misir kimi ölkələrlə yanaşı, okeanın o tayından – Perudan, Kosta-Rikadan da bu məhsulların gəmilər vasitəsilə gətirildiyi məlumdur. Bəzən ölkəyə o qədər mer-meyvə, tərəvəz gətirilir ki, Niderland əhalisinin bu idxal məhsullarını tükətmək imkanı olmur və min tonlarla məhsul tullantıya çevrilir. Niderlandda meyvə-tərəvəzdən çiy və ya bişirilmiş halda istifadə olunur. Meyvələrdən növbənöv içkilərin hazırlandığı da məlumdur.

 

Niderland mətbəxi digər xalqların mətbəxlərindən mənimsədiyi ünsürlər hesabına da zənginlik qazanır. Niderlandı daimi yaşayış yeri seçən türk, hind, Çin, ərəb, fars mənşəli insanların hollandların mətbəxinə bu və ya digər dərəcədə təsiri danılmazdır. Bəzən bu təsirin daha qabarıq olduğunu da sezmək mümkündür. Ayrı-ayrı şəhərlərdə rast gəldiyimiz türk restoran və dönərxanalarına, yapon restoranlarına, Çin iaşə obyektlərinə, ərəblərə və farslara məxsus restoranlara gələnlər arasında yerli əhalinin nümayəndələri daha çoxdur. Onlar Şərq üsulunda hazırlanmış yeməklərdən məmuniyyətlə dadır və lazım gəldikdə ev şəraitində bu yeməkləri hazırlamağı özləri də öyrənirlər. Dünyanın gör-götür dünyası olduğunu elə bu kiçik məişət hadisəsi də təsdiqləyir. Yeri gəlmişkən, hollandlar mətbəxdə vaxt keçirməyi çox sevirlər. Kişilərin qadınlara nisbətən mətbəxdə daha çox vaxt keçirdiklərini də müşahidə etmək mümkündür. Hazırladıqları yeməklərə müəyyən yeniliklər əlavə etmək, eksperimentlər aparmaq onların hobbisidir.

 

Niderland öz istehsalı olan pivələrilə də məşhurdur. Bu pivələrdən bizim kənd mağazalarında satıldığını da yaxşı xatırlayıram. Elə bu faktın özü Niderlandı bir pivə ölkəsi kimi, pivə ixracatçısı kimi tanıtmağa yetərlidir. Müəyyən səbəblərdən mən pivə həvəskarı olmasam da, çex, alman pivəsinin şöhrəti barədə az-çox məlumata malik idim və bunun üzərinə artıq holland pivəsini də əlavə edə bilərəm. Mən hollandların digər alkoqollu içkilərə nisbətən pivəyə üstünlük verdiklərini alış-verişə girdiyim marketlərdə tez-tez müşahidə edirdim. Hollandların da digər liberal cəmiyyətlərdə olduğu kimi pivəyə meyilli toplum olduğunu heç bir statistikaya əsaslanmadan, adi gözlə müəyyənləşdirmək mümkündür. Digər tərəfdən də, sərt spirtli içkilər – araq, viski, rakı və s. qapalı yerlərdə satılır və bu məkanlar müştərilərinin az olması ilə diqqəti cəlb edir.

 

Niderlandda ən çox istifadə olunan içkilər arasında şərablar da var. Marketlərdə və xüsusi içki mağazalarında müxtəlif markadan olan onlarla şərab növünə rast gələ bilərsiniz. Onu da xatırlatmaq gərəkdir ki, bu içkilər heç bir məhdudiyyət qoyulmadan açıq satılır. Rəflərdə yerli məhsullarla bərabər italyan, fransız, ispan çaxırları da nəzərə çarpır.

 

Sözarası onu da deməyi özümə borc bilirəm ki, Niderlandda əyyaşlar, içki aludəçiləri olduqca azdır. Onlarla hər deyən rastlaşmaq mümkün deyil. Bu vaxta qədər mən dəmlənib küçədə səndələyən, artıq-əskik söz danışan adamlara rast gəlməmişəm. Ola bilsin ki, belə hallar da var, lakin o qədər azdır ki, ətrafdakıların diqqətini cəlb etmir. Üstəgəl, hər yerin ağıllısı-dəlisi olduğu kimi bu ölkədə də istənilən tip adamla rastlaşmaq olar. Hərdən dost-tanışıyla evində, həyətində yeyib-içib hay-küy salanlar buralarda da var, narahat edilmiş qonşulardan birinin zəngi ilə polisin səs-küy salanların başının üstünü kəsdirməsi çox çəkmir. Hadisə araşdırılır, polis cəriməsini yazır. Yazılan cərimə də atılıb-düşənlərin qazını alıb, quzuya döndərir – qurbağalı gölə daş atdılar demirikmi? Bax, həmin qaydayla məsələ həllini tapır.

 

Müasir dünyada milyonlarla insanın qidalanmasında fastfud adlandırılan hazır yeməklər günü-gündən üstünlük qazanmaqdadır. Hamburger, dönər, pizza, kartof qızartması kimi yeməklər təklif edən restoranların, yeməkxanaların sayı durmadan artmaqdadır. Niderland da bu prosesdən kənarda qalmamışdır. İnsanların sıx dolaşdığı yerlərdə, maşınların daha çox hərəkət etdiyi yolların kənarında fastfud restoranlarına, yeməkxanalarına sıx-sıx rast gəlmək mümkündür. Bu yeməklərin səyyar satışını həyata keçirən xüsusi quraşdırılmış maşınlara da təsadüf edilir. Bu məkanlarda bəzən müştərilərin əlindən tərpənmək olmur. Müştərilərinin bol olmasına baxmayaraq, fastfud məkanları evlərə sifarişlər də qəbul etməkdədir ki, bunu da onların mobil hərəkət edən servis xidməti çox sürətlə yerinə yetirir. Niderlandda “McDonald's”, “Dominos”, “KFC” kimi geniş şəbəkəyə malik fastfud restoranlar da fəaliyyət göstərir. Həyat səviyyəsinin yüksək olması insanların bu restoranlara daha çox üz tutmasına gətirib çıxarır. Evdə yemək hazırlamaq əziyyətindən can qurtarmaq üçün bu xidmətə daha çox üstünlük verilir. Bəzən iş günün ağırlığından xörək bişirməyə həvəsin qalmaması, aşırı yorğunluq kimi hallar da fastfud sektorunun fəaliyyət sahəsinin genişlənməsinə səbəb olur. Sosial şəbəkələrdə daha çox vaxt keçirən texnomanların bu xidmətdən tez-tez istifadə etdiyini də söyləmək olar. Harasa tələsən, uzaq yol gedən adamların, ucuz turist paketləri ilə səyahətə çıxanların da fastfud yeməklərdən istifadə edə biləcəyini güman etmək mümkündür.

 

Fastfud tipli yeməklər dadına, görünüşünə görə yerləşdikləri ölkənin xüsusiyyətlərini də mənimsəyir. Məsələn, bu yeməklərin ABŞ-da böyük müştəri kütləsinə malik olması danılmazdır, burada hazırlanan yeməklər Avropa ölkələrindəkindən fərqlənir. Hindi-Çin ölkələrinin fastfud sektoru da başqa dada malikdir. Fastfudların hazırlanmasında yerli qida ünsürləri, milli damaq dadı kimi məsələlərə də az-çox diqqət yetirilir. Bu əlamətlər isə, zahiri də olsa, fastfudun milli məhsul olması görüntüsü yaradır. Bunun zahiri, sadəcə görünüşə aid əlamət olmasını altını cızaraq bir daha söyləyək. Bu deyilənlərdən çıxış edərək, zamanın hər sahədə eksperimentlər apardığını, bəzən bunları yenilik adı altında təqdim etdiyi bir dövrdə milli mətbəxlərin bundan kənarda qalması, buna dirəniş göstərməsi mümkünsüz görünür.   

 

Tibb mütəxəssislərinin aşırı dərəcədə hazır yeməklərlə qidalanmanın insan orqanizmi üçün nə qədər təhlükəli olması barədə xəbərdarlıq etməsinə, həyacan təbili çalmasına baxmayaraq, vaxt azlığı, darmacallıq, tələskənlik kimi sindiromlardan əziyyət çəkən müasirlərimiz bu yeməklərin hazırlandığı restoranlara axın etməkdə, bu restoranlara sifariş verməkdədirlər. Küçədə satılan hazır yeməklərin gigiyenik baxımdan zərərli olması tibb işçilərinin xəbərdarlığını daha ciddi qəbul etməyə əsas versə də, insanların qulaqları artıq belə xəbərləri qəbul etmək belə istəmir. Fast food qidalanmasının zərəri bununla da məhdudlaşmır, fikrimizcə, dünyanın ənənəvi mətbəxlərinin get-gedə zəifləməsinə, milli yeməklərin istifadə sahəsinin daralmasına da gətirib çıxarır. Bir qədər obrazlı ifadə etsək, dövrümüz fastfud qidaların milli mətbəxlərə hücumu ilə xarakterizə olunur. Milli mətbəxlər təhdid altındadır. Bu meyli Niderlandda da müşahidə etmək mümkündür.

 

Holland mətbəxində yarımfabrikat məhsullardan istifadə də geniş yayılıb. Ət, balıq, bitki mənşəli belə yarımfabrikatlardan yemək hazırlanması asandır. Belə yeməklərin hazırlanması ənənəvi klassik yeməklərdən daha tez başa gəldiyindən yarımfabrikatlara üstünlük verənlərin sayı durmadan artmaqdadır. Vaxta qənaət, daha çox dincəlmək istəyi və sair bu tezbazar hazırlanan yeməkləri daha da kütləviləşdirir.

 

Afiq MUXTAROĞLU

Niderland