HƏYAT DƏRSLƏRİ
31. SİYASİ İQTİSADDAN TƏCRÜBƏ DƏRSLƏRİ VƏ YA ŞOPİNQ
(əvvəli burada)
Mən də bütün sovet tələbələri kimi universitet illərindən Karl Marks, Fridrix Engels və Vladimir İliç Leninin bu gün heç nəyə yaramayan, zamanla ayaqlaşa bilmədiyindən aradan çıxan siyasi, iqtisadi, fəlsəfi görüşlərinə az-çox bələd birisiyəm. Həmçinin utopik sosialistlərin – Sen Simon, Şarl Furye, Robert Ouenin nəzəriyyələrinə bələdliyimi də bunların üzərinə əlavə edirəm. Hətta Tomas Morun “Utopiya”sından da xəbərdaram. Niderlanda gəldikdən qısa müddət sonra illər ərzində zəhmət çəkib öyrəndiklərimin həyatla heç bir əlaqəsinin olmadığını, nəzəriyyədən başqa bir dəyər kəsb etmədiyi qənaətinə gəldim və nə gizlədim, bildiklərimin yararsızlığından xeyli üzüldüm də. Həqiqət nə qədər acı olsa da, gerçəklik ortada. Bundan da qaçmağın mümkünsüz.
Əslində mənim bəhs etdiyim məsələlər barədə iqtisadçıların yüzlərlə fikri var. Mənim məqsədim kapitalizmin iqtisadi əsasları barədə araşdırma aparmaq yox, müasir avropalının həyat tərzilə oxucuları tanış etməkdir. Az-çox iqtisadi qanunları bilən adamlara mənim siyasi iqtisaddan nəzəri dərs vermək kimi bir düşüncəm də yoxdur. Olsa-olsa bunu bir nəfərin siyasi iqtisaddan təcrübə dərsləri hesab etmək olar. Bunun mənim üçün təcrübə dərsi olmasını, həyata baxışımı müəyyən qədər dəyişməsini deməsəm, söhbətimin səmimiliyinə şübhə qatmış olaram.
Bu məqamda aldığım dərslərdən çıxardığım qənaətləri sizinlə bölüşməyin zamanının yetişdiyini düşünürəm. Təkrar da olsa, bu dərslərin mənə aid olduğunu unutmamanızı rica edirəm.
Mən Niderlandda yaşadığım müddətdə bir insanın bir-birindən fərqli peşələrə sahib olmasının vacibliyini anladım. Avropa insanı universal bir varlıqdır. Bizdən fərqli olaraq burada insan bir neçə sahədə çalışmağı sınaqdan keçirir, ürəyinə yatan sahəni tapana qədər bunun davam etməsi çox təbii sayılır. Sözün gəlişi, müəllim kimi yaşayıb, müəllim kimi ölməyi heç kim düşünmür. Müəllimliyi öz həyatında təcrübə etmiş biri 5-10 ildən sonra başqa bir sahəyə asanlıqla keçə bilir.
Başqa bir dərsin də təsvirini verim.
Sağlamsansa işləməlisən. Əsas prinsip budur. Bilik və bacarıqlarını inkişaf etdirmək karyera pillələrində irəliləyişə, başqalarından fərqlənməyə gətirib çıxarır. Bunlar da sənin daha çox qazanmana, digərlərindən daha yaxşı yaşamağına nədən olur. Şəraitlə mübarizə aparmalı, şəraitə-mühitə qalib gəlməlisən. Sən ətrafdakılarla rəqabət aparmalısan, hamını ötüb keçməlisən. Ən böyük rəqibinsə özünsən. Sən özünü keçməyi, hər gün dünənini ötüb keçməyi bacarmalısan. Boyundan yuxarı tullanmağı vərdişə çevirməlisən. Hər gün öz rekordunu yeniləməlisən. Hər gün bu proses təkrarlanmalı, hər gün sən özünü yenməlisən, dünənki günündən əsər-əlamət qalmamalıdır. Sənin qürurlu olmana kimsə heç nə demir, onu kiminsə qırmaq istəyi də yox. Amma iş prosesində sənin qürurun istirahətdə olmalıdır, ən azından bir küncə çəkilməlidir ki, sən öhdənə düşən işi yerinə yetirə biləsən. Və ya sən onu küsdürməli, müəyyən müddət özündən uzaq tutmalısan. Heç olmasa iş saatın bitənədək sakit dayanmalıdır. Qürurunun özünə qarşı yönəlməsinə, onun sənin özünə qarşı çıxan düşmənə çevrilməməsinə diqqət yetirməlisən. Patriarxal cəmiyyətdən qalma qürurunla sən məğlubiyyətə məhkumsan. Qürurunu yenə bilməsən, onun yenilməzliyi ucbatından karyeranın üstündən bir xətt çəkiləcəyinə əmin olmalısan. Başqa çıxış yolu da yox.
İstənilən sahədə, bu, özəl sektor da ola bilər, dövlət sektoru da, çalışan insan özünə, hərəkətlərinə fikir verən biri olmalıdır. Sağlam, baxımlı, səliqəli olması şərtdir. İntizamlı olması əsasdır. Bunlara sahiblənə bilməyən insan cəmiyyətdən təcrid olunmağa, cəmiyyət tərəfindən dışlanmağa məhkumdur. Yalnız xəstələr, əlillər bu tələblərdən sığorta olunublar. Bu tələblərə cavab verməyən əqli və fiziki çatışmazlıqlar onlara qayğı göstərilməsini gündəmə gətirir və onlar dövlətin himayəsində olurlar. Onların ümumi qaydalardan kənarda qalmalarını əqli və ya fiziki qüsurları şərtləndirir.
Aşağıda verəcəyim örnəklərə də diqqət yetirin.
Niderlandın istər böyük, istərsə də kiçik şəhərlərində məşhur markaların alış-veriş məkanları ilə, böyük supermarket şəbəklərinin dükanları ilə hər addımda toqquşmaq imkanın var. Bu nəhənglərin arasında orta və kiçik ölçülü çoxsaylı marketlər, dükanlar da gözə dəyir. Türklərin, ərəblərin, farsların, indusların və qeyrilərinin işlətdikləri xeyli sayda mağaza hər yerdə gözə dəyir. Belə dükanları ayırd etmək çox asandır. Nədən ki, onların reklam lövhələrinə baxaraq bunu müəyyən etmək olar. Bu mağazaların adı adətən mağaza sahibinin hansı etnosdan olduğu barədə məlumat verir. Türklərin “Altunbaş”, “Ömür”, “Dəfnə”, “Smit dünyası” kimi onlarca ticarət obyektləri bu qəbildəndir. “Ram” adlı mağazanın hansı xalqa məxsusluğunu “Ram və Şam” hind filmini xatırlamaqla müəyyənləşdirmək olar. Ərəb və fars dükanlarını tanıtım lövhələrinin ərəb əlifbası ilə yazılmasından bəlli etmək mümkündür. Universitetdə öyrəndiyim bu əlifba vasitəsilə dükanların lövhələrini höccələyə-höccələyə birtəhər oxuya bilirdim. Qısacası, hər etnos özünü, öz işini bu və ya digər bir vasitə ilə tanıtmağa çalışır. Yaponların və çinlilərin restoran-kafelərini tanımaq isə heç çətinlik törətmir. Heroqlifləri görməyinlə obyektin onlara məxsus olduğu bəllidir. Yalnız bir çətinlik qalır: obyektin yaponamı, çinliyəmi məxsusluğunu müəyyənləşdirmək. Bunun üçünsə gərək obyektin içərisinə təşrif buyurasan. Sakura gördünsə obyektin yapona, bayquş gördünsə çinliyə məxsus olduğunu ayırd edə bilərsən. Edə bilməzsən də canın sağ olsun, ən azından bir ekzotik görüntü ilə qarşılaşacaqsan, bunu da sənin qazancın sayarıq.
Türk marketlərində alıcıların müəyyən hissəsi türklər olsa da, hollandların da onların xidmətindən yararlandığını müşahidə etmək olar. Türk marketlərində qiymətlər nisbətən ucuz olur, hətta bu mağazalarda müştərilərin sövdələşərək qiymətlərdə endirimə də nail olduqları müşahidə edilir. Meyvə-tərəvəzi müştərinin öz əli ilə seçmək imkanı da var. Bu marketlərin ət bölümlərində satılan məhsullar da holland supermarketlərindəkilərdən ucuzluğu ilə fərqlənir. Bəzən bu fərq iki dəfədən çox olur. “Albert Heijn”, “Jumbo”, “Puls” kimi böyük holland supermarketləri ilə rəqabət apara bilməyən türk marketçiləri müştəri çəkmək üçün öz aralarında az qala savaş səviyyəsində rəqabətə girişir, bu məqsədlə hər gün qiymət endirimləri tətbiq edir və bunu özlərinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə reklam edirlər. Şəhərdə sürətlə yayılan şayiələr də bu marketlərin müştəri axınını tənzimləməkdə mühüm rol oynayır, bir növ həmin marketlərin gəzəri-səyyar reklamı olur. İşıqlı, böyük, müştəriləri daha çox olan supermarketlərlə müqayisədə türk marketləri yarımqaranlıq, səliqəsiz və çox kiçikdir. Elə digər xalqların fəaliyyət göstərdikləri yerlərin də əksəriyyəti bu cürdür. Məsələn, “Jumbo”nun yaxınlığında yerləşən hind marketinə ayaq basmaqla böyük fərqi yerindəcə müəyyən etmək olar. İstər müştərilərin sayında, istər yerləşmə məkanının ölçülərində, istər də təqdim olunan malların çeşidində bu fərq dərhal hiss olunur.
Ancaq türklərin və ya başqa xalqların xidmət sahəsində Niderland iqtisadiyyatına böyük fayda verdikləri də danılmazdır. Bu xalqlara məxsus marketlər, restoranlar, kafe-barlar, fırnılar, gözəllik salonları hər addımda qarşına çıxa bilər.
Deyirəm, mövzunun ipinin ucunu tapmışkən, bir az da dərinə gedək. Bilirəm, məni uzunçuluqda, ucundan tutub ucuzluğa getməkdə suçlayanlar da olacaq. Olsun. Mən də onların acığına ayağı yalın yatacam. Əlbəttə, son cümləni zarafat kimi qəbul edəcəyinizi də bilirəm. Onu deyim ki, mən mövzunu bilərəkdən uzatmıram, bu, mövzunun öz tələbidir. Bir az da kobud desəm, mövzunun özü qaşınır, daha çox, daha dərindən qaşınmasını tələb edir. Və mən də onun xətrinə dəymirəm.
Kapitalizmin bir neçə əsr ərzində cəmiyyəti yuxarıdan aşağı saran oturuşmuş öz quralları, qayda-qanunları var. Əsrlər boyu bu qayda-qanunlarla yaşayan insanların davranışları da buna adekvatdır. Onlar özlərini kapitalizmin övladları kimi hiss edirlər. Balığın suya münasibəti necədirsə, kapitalizmin yetişdirdiyi insanların ona münasibəti də eynidir. Heç kim onu dəyişmək, başqa bir ictimai-iqtisadi quruluşla əvəzləmək fikrində də deyil.
Niderlandda insanların şəxsi həyatlarına, sağlamlıqlarına, istirahətlərinə xüsusi diqqət yetirdiklərini bir neçə dəfə vurğuladığımı yadınıza salıram. Mən bu ölkəyə gəlməmişdən öncə avropalıların qənaətcil olmaları, hətta dadar-doymaz, bir qarnı ac, bir qarnı tox yaşadıqları, dükan-bazarda alıcılıq qabiliyyətinin aşağı olması barədə dumanlı təsəvvürə malik idim. Artıq nə vaxtdır ki, bu yerlərdəyəm və bu təsəvvürümün də nə qədər yanlış olduğunu gördüklərim danılmaz faktlarla mənə sübut etdi. Marketlərin alış-veriş arabalarını ağzına qədər dolduran insanları gördükcə təsəvvürümün yanlışlığı hər addımda öz təsdiqini tapırdı. Bu qədər ərzaq bunların nəyinə lazımdır sualını dəfələrlə təkrarladığımı da deməsəm olmaz.
(davamı burada)
Afiq MUXTAROĞLU
Niderland