Müasir dövrümüzdə texnologiya və sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər yaş üçün bu inkişafın müsbət tərəfləri çoxdur: informasiya əlçatanlığı artıb, insanlar dünyanın istənilən nöqtəsindən ünsiyyət qura bilir və təhsil imkanları genişlənib. Sosial media platformaları vasitəsilə məlumat əldə etmək, iş imkanları yaratmaq və kreativ ideyalar paylaşmaq hər zamankından daha asan olub. İnsanlar onlayn dərslər və ya kurslar təşkil edərək sosial media və texnologiyanın açdığı imkanlardan yararlanaraq yeni biliklər əldə edirlər.
Lakin bu inkişafın kölgəsində ciddi problemlərin də yaranması sirr deyil. Təəssüflər olsun ki, insanların əksəriyyəti texnologiyanı məhsuldar istifadə etmək əvəzinə, vaxtlarını səmərəsiz şəkildə əyləncəyə və diqqət dağıdıcı çağırışlara sərf edirlər. Xüsusilə bu son 20 il ərzində sosial mediada keçirdiyimiz vaxt artdıqca, real həyatda sosial münasibətlərimiz zəifləyir. Əsasən uşaqlar və gənclər arasında bu tendensiya daha təhlükəli nəticələrə səbəb olur.
Xüsusilə də həyatının ən məhsuldar zamanında olan məktəblilər və ali təhsil alan tələbələr bu yeni rəqəmsal dünyada vaxt itirərək özlərini gündəlik fəaliyyətlərdən uzaqlaşdırır və məhsuldarlığının azalmasına səbəb olurlar. Gənclər dərs və ya faydalı məşğuliyyətlər əvəzinə saatlarla virtual dünyada qalırlar. Nəticədə real həyatda qarşılaşdıqları problemlərin öhdəsindən gəlmək bacarıqları azalır, sosial izolyasiya dərinləşir.
Sosial media platformalarında etik normaların zəif olması və məzmunların, demək olar ki, nəzarətsiz paylaşılması da uşaqlar və gənclər üçün ciddi təhlükələr yaradır. Kiberzorakılıq, yalan məlumatlar və neqativ məzmun paylaşımları psixoloji travmalara yol aça bilər. Xüsusilə sosial media vasitəsilə yayılan bəzi oyunlar və çağırışlar azyaşlı uşaqları təhlükəli davranışlara təşviq edir.
Valideynlər adətən öz azyaşlı övladlarının “sakitcə” oynaması üçün saatlarla nəzarətsiz şəkildə onların rəqəmsal dünyada vaxt keçirmələrinə şərait yaradırlar. Bu da illər keçdikcə uşaqlar və onların ailələri arasında yaxınlıq əlaqələrini pozur, uşaqların düşüncələrinin valideynlərininkindən fərqlənməsinə, ailə bağlarında qırılmalara səbəb olur. Hətta “Mavi balina” kimi oyunlar bu təhlükələrin ən qorxunc nümunələrindən biridir. Bu oyun uşaqları və yeniyetmələri mərhələ-mərhələ manipulyasiya edərək sonda intihara sürükləyir. Təhlükənin böyüklüyü ondadır ki, sosial mediada bu cür çağırışlar gizli şəkildə yayılır və valideynlərin nəzarətindən kənarda qalır. Bu, texnologiyanın nəzarətsiz istifadəsinin nə qədər təhlükəli ola biləcəyini göstərir.
Yalnız sosial mediada deyil, televiziyalarda da yayımlanan filmlər, seriallar və digər məzmunlar insan psixologiyasına öz mənfi təsirini göstərir. Sosial media ilə daima rəqabətdə olan telekanallar itirdikləri baxıcı kütlələrini geri qazanmaq üçün reallığı təhrif olunmuş məzmunlarla insanlarda qeyri-real gözləntilər yaradır və xüsusilə gənclərdə özlərinə qarşı inamsızlıq, depressiya kimi problemlərə yol açır. Həddindən artıq idealizə olunmuş həyat tərzi və süni münasibətlər gənclərin real həyatdan uzaqlaşmasına səbəb olur.
Sosial mediada etik qaydaların pozulması insanların mənəvi və psixoloji sağlamlığına zərər vurur. Təhdidlər, əsassız ittihamlar və anonim kiber hücumlar fərdlərin psixoloji vəziyyətini pisləşdirir. İnsanlar daim izlənildiklərini hiss edərək özlərini narahat və güvənsiz hiss edirlər.
Nəticə olaraq deyə bilərik ki, texnologiyanın və sosial medianın müsbət tərəfləri nə qədər çox olsa da, bu inkişafın gətirdiyi riskləri də nəzərə almalıyıq. Xüsusilə uşaqların və gənclərin təhlükələrdən qorunması üçün valideynlərin nəzarəti və maarifləndirmə vacibdir.
Texnologiyadan düzgün istifadə etməyi öyrənərək onu həyatımızda faydalı alətə çevirə bilərik. Əks halda, bu yeniliklər həyatımızda daha böyük problemlərə yol aça bilər.
Səlahəddin PİRİYEV