AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ
İş yerimiz üç-dörd mərtəbəli köhnə binanın alt qatında yerləşir. Böyük düzbucaqlını andıran bu məkanın perimetr boyunca ön və sağ tərəfi böyük şüşələrlə örtülüdür. Böyük ekrandan həyat adlı filmi seyr edirmiş kimi bu şüşələrin arxasından küçənin qarşında açılan qarğaşasını, rəngli mənzərələrini, ötüb keçən adamlarını, ağıllısını-dəlisini ovuc içi kimi görə bilirsən.
Sanki şüşənin o tərəfindəkilər başqa dünyanın adamlarıdır və ya yadplanetlilərdir. Şüşələr səni o başqa dünyadan ayırır. Bu böyük şüşələr elə əslində müxtəlif dünyaların sərhədi kimidir. Nədən ki, şüşənin o üzündəkilər bəzənib-bərtənmişlikləri ilə, qayrıq-quyruqları ilə, təşəxxüsləri ilə başqa dünyanın varlıqları kimi görünürlər. Üst-başımızın toz-torpaq, sement, boya, yapışqan ləkələri yəqin şüşə ekranın o tərəfindəkiləri bizim haqqımızda eyni cür düşündürə bilər, məsələn, onlar bizi əcaib məxluqlara, nağıllar aləmindən çıxmış hər çətinliyi yenən fövqəltəbii personajlara bənzədə bilərlər. Bu da onların haqqı. Onların necə düşünməsinə düzəliş verməyə, müdaxilə etməyə də haqqımız yox.
Qarşımdan keçən ağ, qara, sarı irqin nümayəndələri, ağsaç qocalar, gülərüz uşaqlar, qapalı müsəlman qadınlar heç vaxt baş rolun ifaçısı ola bilməyəcəklərinin fərqində imiş kimi, öz epizodik rollarını oynayaraq bir anda kadrdan çıxırlar.
Hardansa yüksələn anlaşılmaz musiqi, bir-birini əvəz edən küçə musiqiçilərinin – şarmankaçıların, saksafonçuların, akardeonçuların ifaları həyat adlı filmə yazılmış musiqini xatırladır.
Kafelər, restoranlar, əl iyi kimi fırlanan qarsonlar, mağazaların gözqamaşdırıcı işıqları, müştəri tutmaq üçün səkilərə çıxardıqları rəngbərəng paltarların gözəgəlimli yerinə endirim qiymətləri asmış satıcılar, mənim kimi görünmək istəyirsinizsə mesajı verən, gözəllik salonunun önünə yapışdırılmış böyükölçülü sığallı pişiyə bənzəyən sarışın qadın portreti, bu anı ömürləri boyu unutmayacaqları hər hallarından bəlli dondurma yeyən sevgililər, velosipedlə ötüb keçənlər, qəhqələri ilə dünyanı heyrətləndirmək istəyən qrup – bütün bunlar şüşənin o üzündəki dünyanın özgəliyini, fərqliliyini anladırdı.
Mənim və mənim kimilərin o dünya ilə qaynayıb qarışmasına, o dünyanın bir parçasına çevrilməsinə mane olan nələrsə var. Bu “nələrsə”nin təkcə şəffaf şüşədən ibarət olmadığını da ağlım kəsir.
Şəffaf şüşənin mənim də içərisində olduğum bu üzü başqa bir dünya idi. Deşən, kəsən, dağıdan, qarışdıran elektrik iş alətlərinin hay-harayı, kəsilən daşdan, metaldan yüksələn tükürpəşdirici səslər. Bu tükürpəşdirici səslər cansız daşların, müxtəlif metalların bəlkə də sındırılmağa, bölünməyə qarşı üsyanları idi. Biz hələ öz insan dilimizi düz-əməlli bilmirik, o da ola cansızların dilini anlamamız.
Tavana qədər qalxan toz buludu arasında çalışanlar ruha, kölgəyə bənzəyirlər və ya onların belə görünməsi mənim beynimin məhsuludur.
...Mən bir gözüm küçədə, küçədə baş verənlərdə, elektrik alətlərilə çalışmağımda. Arada özümə: “Müəllim, bu sənə qələm-kağız deyil, bilgisayarın düyməsi də deyil ha, ehtiyatlı ol”, - deyə xatırlatmağı da unutmuram. Nə gizlədim, hərdən mənim özümə belə təpinməyim, gözağartması verməyim, hətta özümü danlamağım da olur...
Ata-analarıyla gəzintiyə çıxan əl boyda uşaqların dayanaraq, ikiüzlü ekranın – şüşənin o tərəfindən məsum gözlərilə içəri baxmaları, içərinin timsalında yeni bir dünya kəşf etmələrini bütün hərəkətləri ilə valideynlərinə anlatmaq istəmələri filmin ən gözəl kadrlarındandır.
Şüşənin biz olan tərəfində baş verənləri inadla yaddaşına köçürmək istəyən, bunun üçün əllərini gözlərinə günlük edib, sifətlərini şüşəyə yapışdıran qocaların qırış basmış üzləri işığın təsirilə əyiş-üyüş olur. Onların görünüşü naşı rəssamın çəkdiyi komikslərə bənzəyir. Beş addım aralandıqdan sonra gördüklərini xatırlamaq və ya kiməsə danışmaq üçün yaddaşlarını qurcalamalı olacaqları da bəlli.
Arxa fonda deyək, iş yerimizin on-on beş addımlığında yerləşən kilsə zənginin həyacanlı səslənişi mənə mistik nələrisə anladır. Deyək ki, dünyanın gəldi-gedərliyini, ömrün qısalığını və ya dünyanın bir imtahan yeri olmasını. Qırmızı kərpicdən tikilmiş, görünüşündən çox da qədim olmadığı bilinən, baxımlı kilsə öz əzəməti ilə göylərə gedən yolu, haqqın olduğu yeri insanlara nişan verirmiş kimi dayanıb. Allahın evinə isə nə girən var, nə çıxan. Gələn-gedən gözə dəymir. Bəlkə koronovirusa görə mərasimlərə ara verilib?
Sonuncu zəvvarı çoxdan getmiş məbədi andıran kilsə özünün axşam zəngini çalır. Demək ki, saat yeddi. Kilsə zənginin bu səsi filmin bir bölümünün başa çatdığını bildirən rəmzi işarəyə dönüşür.
Yeni bölümləri birlikdə yaşamaq ümidiylə.
Afiq MUXTAROĞLU
Almaniya