Öncəliklə Azərbaycan xalqını, yurdları düşmən tapdağından geri alınan azərbaycanlıları və eləcə də dünya azərbaycanlılarını qələbə münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bu savaş onların otuz illik həsrətində olduqları torpaqları uğrunda apardıqları haqlı mübarizələri idi. Bu qələbəyə nəinki təkcə Azərbaycan, o cümlədən dünya azərbaycanlıları sevindi, qələbəni qeyd etdi. Bəli, bu uğurda hər iki tərəfdən də itkilər oldu. Azərbaycan əsgəri öz torpağı uğrunda şəhadətə yüksələrkən başqasının torpağına sahib çıxmaq istəyənlərsə leş olub getdi. Daha artıq itki olmasın deyə Azərbaycan tərəfi iki dəfə atəşkəsə razı olsa da qarşı tərəf hər ikisində də xəyanət edərək atəşkəsi pozdu. Hətta Gəncə və Bərdədə dinc əhalini hədəf alaraq qadınların və uşaqların da həlak olmasına səbəb oldular. İnanıram ki, Azərbaycan hökuməti bu qətliamı beynəlxalq dərəcədə tanıtdıra biləcək.
Bəli, bu bir müharibədir və müharibə qurbansız olmur. Heç kim müharibənin tərəfdarı deyil. Ancaq vətənini sevən hər bir vətəndaş vətən uğrunda canından keçməyə hazırdır. Bu uğurda həlak olanlar da xalqın qəlbində əbədi yaşayırlar. Çünki üzərində gəzdikləri torpaqlar məhz onların qanı, canı bahasına qorunmuşdur. Müzəffər Azərbaycan ordusu da qanı və canı bahasına itirilmiş torpaqlarını geri qaytardı. Məlum olduğu kimi, igid əsgərlərin Şuşanı almalarından sonra dünya Azərbaycanın gücünü gördü və müəyyən addımlar ataraq atəşkəsin əldə olunmasına nail olundu. Bəli, deyəcəksiniz ki, bunlar bildiyimiz şeylərdir, əziyyət çəkib yazmağına nə hacət vardı ki? Doğru da buyurursunuz. Mən müharibəni, gedişatı şərh etməyə çalışmıram və buna heç niyyətim də yoxdur. Çünki mən nə politoloqam, nə də hərbçiyəm ki, bu xüsuslardan anlayım və şərh yazım. Ancaq gəl gör ki, danışmağa sözü olmayan, dərsi onlayn keçən, virusdan təcriddə qalan, nə bilim daha kimlər-kimlər müharibə şərhçisinə çevriliblər.
Bərbərə gedirsən bərbər, xəstəxanaya gedirsən həkim, maşın təmirçisinə gedirsən usta işini buraxıb başlayır sənə Azərbaycan torpaqlarına gələn rus və türk əsgərlərinin vəzifələrini, tutacaqları postları və ya imzalanan anlaşmanın təzahüratını şərh etməyə. Bir yandan da erməni vandalizmini görməyib, Şuşada azan oxuyanları vandal adlamdırmaqları, mədəniyyət aşiqi çıxmaları, abidə qoruqçusu kəsilmələri və verdikləri proqnozlar qulaqlarımızı yara elədi. Bir bunlara deyən yoxdur ki, ay adam, niyə gedib işinlə-gücünlə məşğul olmursan? Sən siyasətçilərdən, hərbçilərdən çox bilirsən məgər?
Bu çətin günlərdə özümüzün korona qədər dərdimiz var. Gəlin bir az ondan danışın. Qarabağ məsələsini Putin, İlham və Ərdoğan üçlüyü həll edəcək. Bir gündə üç mindən çox yoluxma olur və biz hələ də bu xəstəliyi “bir oyun” zənn edirik. Əgər politoloq olmaq niyyətiniz varsa elə öz ölkəmizdə keçən ayın sonunda keçirilən parlament seçkilərindən danışın, xalqı məlumatlandırın. Heç olmasa öz ölkənizə bir xeyriniz dəysin. Onsuz da nə Putin, nə də cənab Əliyev sizin planınızla hərəkət edən deyil.
Nə isə. Dərd bir deyil ki. Nə yazmaq istəyirdim, nə alındı... Çox şükür Qarabağ bir yolla həll olundu, qaldı bizim Abxaziya və Osetiya. İnşallah ki, yaxın zamanlarda o problem də həllini tapar.