AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ

 

Kirayə mənzilimdən çıxıb arxa həyətə düşürəm. Qafamda hansı mağazaya gedəcəyimin, nə alacağımın planı özümü payız havasının qoynuna atıram. Hava əməllicə soyuyub, əynim də nazik. Eybi yox, yolun yaxındır. Boran aparmaz, qorxma. Özümə təsəlli verirəm. Əlavə motivasiya kimi bir şey yəni.

 

Polsumerster küçəsinə çıxıb, sola dönürəm.

 

Hava xeyli qarışıqdır. Yağış nə yağandan yağana oxşayır, nə kəsəndən kəsənə. Arada günəş soyuq-soyuq gülümsəsə də, can qızdıran istisini haradasa salıb itirmişə bənzəyir. O üzdən də üzündə-gözündə bir utancaqlıq, bir günahkarlıq hiss olunur. Suçuqmuşluğu da belə düşünməyə vadar edir. Küləyin arada bir coşması ilə adamların bürünüb-bürmələnmələri arasında heç bir vaxt fərqi yaranmır.

 

Payız rəng bolluğuna düşmüş rəssam kimi ağacların yaşıl donunu qırmızının, sarının müxtəlif tonlarıyla naxışlayıb. Küçələrdə, səkilərdə uçuşan yarpaqları külək bükülümlərə, daldalara toparlayıb. Sanki məqsədi xəzələ dönmüş bu yarpaqları kimdənsə gizləməkdir.

 

Caminin yanından keçirəm. “Toros” fırınını arxada qoyuram. Dönüşdə bir isti çörək almaq pis olmaz. “Yeşil Market”ə də girəsiyik ha, unutma. Bunları da alış-veriş siyahıma əlavə edirəm. Siyahı deyəndə də, beynimin bir küncünə yazıram.

 

Soyuq yağış damlaları altında “Bhambra” hind pizzaçısının önündə dururam. Heç özüm də bilmirəm niyə dayandığımı. Məkanın yenilənmiş reklam lövhəsimi diqqətimi cəlb edib, yoxsa səkidən bir qədər yuxarıda ilk baxışda gözə dəyən Tac Mahalın rəsmimi? Anşıra bilmirəm. İndus olmaz yəqin ki? Müsəlmandır yüzdə yüz. Nəyinə gərəkdir, qurddan quşluq edirsən? İndicə cücüyün çıxacaq. Özümü danlayıram.

 

Aptekin önündə xeyli ağzı-burnu maskalı adam növbəyə durub. Yaz gələnə qədər belə olacaq. Apteklərə axın. Bu virus zəhrimar da bir bəla oldu. Görən gerçəkdirmi? Allah-allah, sən nə təhər adamsan, soyuq iliyinə işləyir onun dərdinə qalsan.

 

“Alperen Reisen” aviabiletlərin satışı ilə məşğuldur. Evə qayıdanda bileti burdan da almaq olar, niyə uzağa gedirsən? O vaxta qədər də yollar açılar. Yaxşı da, gedəndə alarsan, axşamın soyuğu düşür, bir tərpənişin olsun.

 

“Western Union”. Niyə durdun, soruşmaq da ayıb olmasın. Alacağın, verəcəyinmi var? Cibində quşlar cikkildəşir, siçanlar oynaşır.

 

Bir türk pizzaçısını, bir çinli yeməkxanasını arxada qoyuram. Bir az qabaqda bələdiyyənin klinikasıdır. Yerlimiz burda işləyir, eləmi? Hə də, guya bilmirsən, hər dəfə soruşursan. Deyəsən, arvadı da gəlib işləməyə. Baxsan iki eyni soyad. Bəs deyirdin gedib görüşəcəm, nə oldu? Əşşi, ayıbdır, sonra nə fikirləşər, nə fikirləşməz. Deyirlər Almaniyada min azərbaycanlı həkim çalışır. Ay maşallah! Bu da o mindən biri, indi də oldular iki. Amma onların soyadını qürbətin bir küçəsində oxumaq adama ləzzət edir. Düz demirəmmi? Marketdə “Azərçay”a rast gələndə də sevinmişdin. Vallah, uşaq ağıllısan, yüzlərlə çayın arasında “Azərçay” görüb bu boyda adam və sevinib. Kiri, eşidən olmasın, vallah, adamı qınayarlar.

 

“Kauf.net”in müştərisi hər vaxt bol olur. İçəridə yenə tünlükdü. Ay camaat, koronovirus var, məsafə gözləyin, yazıqsınız. İndi də bunun dərdini çəksən? Kasıba heç nə olmaz, canı bərkdir. Varlıdır dəymədüşər, yanından yel keçməyə bənddir ki, vay oram, vay buram deyə. “Kauf.net” sekond hənd – ikinci əl dükanıdır. Almaniyada nə ikinci əli? Kasıba ikinci əl, kiminsə köhnəsi hər yerdə yarayır. Elə Almaniyada da. Mağazada 10-12 avroya əyin-başını təzələyə bilərsən. Təpə-daban, başdan ayağa.

 

Fotostudiya. Buyur, fotosessiyaya. Nə şəklin düşər amma? Yeri, sən Allah.

 

Bu da “Kaman süs”. Bu da bizim çiçi ağıllı türklər. Sünnət, toy, nişan dəm-dəsgahı satırlar. Yekə adamsan, buralıq bir işin varmı? Nə alasısan? Heç nə. Düzdür? Yolu rahat keç, gör bir maşının altına düşə bilərsənmi? Gözün ayda, çayda qalıb. Bu gün sənə nə olub? Doğru sözümdür, vallah.

 

“Sparda Bank”da da işin olmamalıdır. Bəlkə də var, mənə demirsən. Sənin qarnıyın altını bilmək olmaz. Heç “Netto” ya, elə “Aldi”yə də girməyin gərək deyil. Bu totalizatorluq da bir işin yox. Bəlkə kazinoya girəsən? Yaxşı, sən canın, ağlından o da mı keçir?

 

Hə, “Doy-doy ocakbaşı”nı keçdinmi, çatıbsan. “Yıldırım” köşkə. O ağzını şorba yandırmış kimi ütələk danışan, dediyinin çoxu qanılmayan Dənizli balası bu dəqiqə üyüdüb tökər, başına torba salar, sənin də ağlın artar. Başına yer qəhətdir elə bil. Bu qədər yol basa-basa onun üçün gəlirsən də, bu lalıqqa sənin başına corab hörsün. Nə qədər demək olar. Sənin bütün işin belə deyilmi? Əcəbsandal, həftəbecər, qarmaqarışıq. Mən də səndən ağıl umuram.

 

Amma öz aramızda, bu türklər qazanmağın yolunu bilirlər ha. Daşdan pul çıxarmağı bacarırlar. “Eminönü səfası”nı gördün ki? Kiçik furqonun qabağı müştəri ilə dolu. Verdiyi də nədir? Alayanıq, qarayanıq. Əl boyda çörəyin arasında bir tikə balıq və ya beş-üç döyülmüş ət tikəsini cızıldadıb-bızıldadıb “buyur” eləyirlər. Pulu da elə şirin dillə alırlar ki, ruhun da incimir.

 

...Hə, gəl indi bu qədər yolu başından yağış döyə-döyə qayıt. Allahın bir çətirisə yoxdur başına tutasan...

 

Afiq MUXTAROĞLU

Almaniya, Hessel

28 oktyabr 2020