Etimologiya lüğətində (Bəşir Əhmədovun) iş sözü aş sözü ilə kökdaş kimi göstərilir. Lüğətdə yazılır ki, qədimdə aş hər cür qida mənbəyinin adı olub; iş – “qida”, yəni “aş üçün fəaliyyət” deməkdir...

 

Nəzərə alsaq ki, iş sözü həm də vəzifə, borc; əməli fəaliyyət; münasibət, əlaqə; əsər, yaradıcı insanın əməyinin məhsulu mənalarında da işlədilir, o zaman məclisə aşdan qabaq baş gəlməlidir, özü də, balıqda iylənən baş yox, insanda düşünən baş... Uzaqbaşı, aş yerinə gərək pəncərədən daş gələ ki, sonra bir xeyir işdə aşın gəlməyinə vasitə ola, yəni hər işi sevərək görək...

 

Aş dedim iş yaddan çıxdı – molla aşı görüb Quranı yaddan çıxaran kimi...

 

Kişinin başına iş gələr, təki adamın başına iş gətirən olmasın. Bu işverənlərlə dolu dünyada işsiz qalmaq çətindir desəm heç də tənbəllərin işinin üstünü açmış olmaram. İlin-günün bu istisində oturub yenidən Amerika kəşf etməklə başıma iş açmaq niyyətim də yoxdur.

 

Biz tənbəl deyilik, bəlkə də dünyada ən işguzar işcillərik ki, işi insanın cövhəri adlandırmışıq. Amma və lakin işə başlamaq məsələsinə gələndə ya işin qabağına kötük itələyirik, ya da canımızı işə verməyərək işin qulpundan yapışmaq əvəzinə başlayırıq iş çevirməyə, iş qarışdırmağa, iş toxumağa, iş verməyə, işi dolaşığa salmağa, işi burmağa, işi düyünə salmağa, işi uzatmağa, işdən iş çıxartmağa, işdən boyun qaçırmağa və sair. Bir də dönüb baxırıq ki, lələ köçüb, yurdu qalıb, iş işdən keçib.

 

Niyə?

 

Ona görə ki, iş zəhmət istəyir, beynini və əzələlərini işlətmək lazımdır, təkcə özünü deyil, başqalarını da fikirləşməlisən, mənfəət güdməməlisən... Biz isə tənbəllik azar artırar, işləmək canı saf eylər deyərək yenə də bir işin qulpundan yapışıb o işi aşıra bilmirik ki, bilmirik...

 

Yenə də niyə?

 

Ona görə ki, başqalarının işi bizə qalmayıb. El üçün ağlayan gözsüz qalar. Palaza bürünüb elnən sürünəndə də o palazı çırpışdırıb evə aparmaqdır niyyətimiz. Bir də ki, işim də var, gücüm də, az aşım, ağrımaz başım... Bax, görürsənmi, yenə də fırlandıq gəldik aşa.

 

Və yenə də niyə?

 

Ona görə ki, iş aş olmayınca əlimizi ağdan qaraya vurmarıq. Olsa-olsa, yeməyə kömək, işləməyə də kömək ola bilər; yoxsa, yeməyin qulu, işləməyin xəstəsi oluruq.

 

Maraqlıdır, biz iş başına keçəndə (“iş”i vəzifə oxu) iş görmürük, başlayırıq işverənliyə, işvəbazlığa, işrətə, işğala, işgəncəyə, qohumları işə düzəltməyə, yaralı barmağa iş... verməməyə; iştahamız daha da artır, işləməyən dişləməz desək də iş əvəzinə daha çox aş istəyirik. Məşhur sovet filmində deyildiyi kimi: “kim işləmir, o yeyir”, yəni “işləyən dişləməz”...

 

Ona görə də, işimiz başımızdan aşsa da, hamımız hazır aşın dik qaşığı olmaq istəyərək Əli aşından da oluruq, Vəli aşından da... Aş daşandan sonra çömçə axtarmaq isə gec olur. Nə qədər ki, işin üstünə vaxtında düşməyəcəyik, gələcəyimizi həll edən işlərdə aş güdəcəyik, nə işimiz aşacaq, nə də aşımız aşıb-daşacaq, işimiz Allaha qalacaq.

 

Müəllif: Azər Musaoğlu