Həyatda hər bir sənətin, peşənin meydana gəlməsinin müəyyən səbəbləri vardır. Bugünkü mövzumda sizlərə inşaat haqqında yazmaq istəyirəm. İnşaat da öz növbəsində bir sənətdir və bu iş üzrə fəaliyyət göstərənlər üçün bir peşədir. İnşaat yazdığıma baxmayın, sözümün canı inşaatdan kənardır.
Deməli, inşaatın ərsəyə gəlməsinin səbəbləri çoxdur, bunlardan bir neçəsini deyə bilərəm ki, təbii hadisələrdən qorunmaq üçün, yəni yeldən, yağışdan, günəşdən qorunmaq üçündür və s. İnşaatın meydana gəlməsinin ən başlıca səbəbi, deyərdim ki, məhrəmiyyətdir. Yəni insanlar şəxsiyyətlərinə aid olan və dəyərli olan zamanları bağlı, örtülü yerdə yaşasınlar deyə. İnsanlıq məhrəmiyyətə ehtiyac duyduğundan divarlar hörülür, həyatın müəyyən hissələri bağlı qapılar ardında yaşanır.
Günümüzdə inşaat sektoru olduqca irəliləyibdir, məsələn, yaşayış üçün bir ev tikəndə divarlar daha da qalınlaşdırılır, daha qalın olan divarlara təlabat artır; hasarlar daha hündür, kimsənin içərini görə bilməyəcəyi şəkildə inşa olunur; evlərə asanlıqla sındırıla bilinməyən qapılar qoyulur; çöldən içərini göstərməyən şüşələrdən pəncərələr taxılır və s. Bunların hamısı təbii hadisələrdən qorunmaq və dəb üçün edilmir hər halda. Bunları etməyin digər məqsədi isə şəxsi yaşayış yerimiz olan evimizi başqaları görməsin deyə və başqalarından qorumaq üçün edirik.
İndi sual vermək istəyirəm ki, evin içində ən məhrəm olan yerdən, yataq otağından canlı paylaşımlar edərkən tikilən bu qalın-qalın divarların mənası varmı? O qədər inşaat israf deyilmi, hasarın üstündən həyət görünməsin, şəxsi həyətimizdir, istədiyimiz kimi rahat hərlənək deyirik, ancaq çölə çıxarkən geyindiyimiz libasımız həyətdə geyindiyimiz libasdan daha göstərişli, daha cazibədardır. Bu hasarların bir mənası qalırmı belə etdiyimiz təqdirdə? Təbii ki, heç bir məna kəsb etmir, artıq öz əlimizlə sahib olduqlarımızı ifşa edirik və üstəlik bunu da müasirlik adı altında müasirlikdən xəbərsiz olan cəmiyyətə təbliğ etməyə çalışırıq. Bu yerdə Nəcib Fazilin gözəl sözü yadıma düşdü: “Açmaqsa bədəni olmaqsa mədəni, desənə heyvanlar daha da mədəni”. Allah rəhmət eləsin! Gözəl ustadın bu kimi sözləri çoxdur, ancaq bizim mövzuya bu cümlə tam uyğun gəldiyi üçün qeyd etmək istədim.
İndi inşaatı bir kənara qoyaraq zehinlərimizdə hördüyümüz divarlardan danışmaq istəyirəm. Həyatda hər bir insan başqasından məsləhət almağı bacarmalı, atdığı addımların yanlış və ya doğru olub-olmadığına kənar gözlə baxmalıdır ki, özünü formalaşdıra bilsin. Keçən mövzularımın birində də qeyd etdiyim kimi, aradabir ömürdən eyvana çıxmağı bacarmalıyıq. Ancaq indiki zamanda yanlış yerlərə inşa olunan yanlış divarlar üzündən cəhalətə doğru üz tutub sürətli şəkildə irəliləmək istəyir cəmiyyətin bir qismi. Ancaq bu vəziyyəti görüb sadəcə tamaşa eləmək çox çətindir. Zehinlərimizə elə bir divar hörürük ki, ətrafdan gələn öyüd-nəsihətə, bir xoş sözə qapayırıq qulaqlarımızı, o dərəcədə qapayırıq ki, hətta ev əhlinin belə bizə bir söz deyə bilməyəcək səviyyəyə gəlirik.
Zehinlərimizə hördüyümüz bu divarlara sadiq qaldığımız kimi, kaş ki, evlərimizə və həyətlərimizə hördüyümüz divarlara da sadiq qalsaydıq. Özümüzü ifşa etməsəydik.
Sözümün canı odur ki, insan zehindən ibarət varlıqdır. Yaradan yaratdığına bu neməti nəsib edib. Yaranan bizlər də verilən bu zehinləri lazım gəldiyində həyatın hər anında istifadə etməyi bacarmalıyıq ki, həyatda şəxsiyyətimiz formalaşsın. İnsan şəxsiyyətlə var olur, o da zehindən, düşüncədən asılıdır. Düşüncə və zehni “mən istədiyim həyatı yaşayıram, kimsə mənə qarışa bilməz” deyərək puç etmək olmaz. Lazımi yerlərə inşa etməyi bacarmalıyıq. Yoxsa bizləri xoş aqibət gözləmir, təəssüflər olsun.
Müəllif: Lamiyə Hacıyeva
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri