Elxan müəllim – şifahi xalq ədəbiyyatının gözəl bilicisi də haqqın dərgahına qovuşdu. Bu acı xəbər ilk növbədə onun ailə üzvlərini, qardaş-bacılarını, əqrəbalarını, tanış-bilişlərini, dostlarını, yaxınlarını üzdü. Bu acı xəbər məni də çox üzdü. Neyləyəsən. Dədə Qorqud demiş, gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya.

 

Gürcü xalqının belə bir bayatısı var:

 

Bu dünya nə olan şey?

Diyirləndirilən bir daşdır.

Hansı anda ki, doğulursan,

Elə orada qəbir də hazırdır (sətri tərcümə).

 

Nə isə. Zaman kəsiyində onun haqqında bədii yazı da yazmaq istəyirdim. Bu xəbər onun haqqında xatirə yazmağımı önə çəkdi...

 

...Mən Elxan müəllimi xeyli vaxtdır ki, tanıyıram. Özü də elə-belə deyil. Gürcüstan radiosunda qorunub saxlanılan, 1957-ci illərdə lentə alınan Borçalı aşıqlarının lent yazılarını öncə Ankara radiosuna apardım. 15 günlüyə təcrübə məqsədilə ora dəvət etmişdilər. Həmin vaxtlar Ankara radiosunda canlı yayım vardı. Efirə çıxdı. Aparıcı Borçalı aşıqları barədə xeyli danışdı. Dədə Əmrahın bir saz havası səsləndirildi. Hava bitər-bitməz Türkiyənin hansısa bölgəsindən mənimlə canlı bağlantı oldu. Suallarını cavablandırdım. Ustadın ifası onu, aparıcını, redaktoru ovsunlamışdı. Sonralar bunu Elxan müəllimə danışmışdım. Ürəkdən bəyənmişdi.

 

Sonra həmin lent yazılarını Bakıya apardım. Radio və televiziya komitəsinə getdim. O vaxtlar adı belə idi. Orada Elxan müəllimi aradım. Görüşdük. Gəlişimin məqsədini dedim. Məni rəhmətlik Mövlud Süleymanlının yanına apardı. O, radio üzrə sədr müavini idi. Biz içəri girəndə qalxdı, bizə tərəf gəlib elə qarşıladı. Elxan müəllim məni ona təqdim etdi, həm də çox təriflədi. O da öz növbəsində apardığım lent yazılarını təqdirəlayiq bir iş olduğunu qeyd etdi. Onu da qeyd edim ki, bu lent yazıları Azərbaycan radiosunda yox idi. Mənə qarşı nəvaziş göstərdi. Görünür, bir Aran Borçalısından olan bu böyük yazıçı məndən Borçalı ətri, Borçalı qoxusunu hiss etmişdi. Bir də Elxan müəllim mənim haqqımda xeyli danışmışdı. Elxan müəllim də Mövlud Süleymanlıya gənəşərək bizdə, yəni Gürcüstan radiosunda olmayan lent yazılarını köçürüb verdi...

 

... Bir dəfə Bakıya getmişdim. Elxan müəllimə baş çəkdim. Bir az söhbətdən sonra dedi ki, gedək bir yerə. Xalqlar Dostluğu metrosunun yaxınlığında bir nəfəri gözlədik. Bu da ustad aşıq Cahangir. Yaxınlıqda yerləşən yeməkxanaya getdik. Mənim reportyorum yanımda idi. O oxudu, biz ikimiz də yazdıq. Kamandar ləmsində oxuyurdu. Sonra bir qismət çörək kəsdik. Qara şərabdan vurdum. Onun içdiyi, düzü, yadımda deyil. Arada mən ona bir söz dedim: Siz mənim idealımsınız. Gülümsündü, üzündəki nur baxışındakı zəhmə qarışmışdı. Sanki bu nur və əzm məni bürüdü. Ehtiyatla üzünə baxırdım. Üz-gözündən müdriklik yağırdı. Odur ki, dediyimdə, seçimimdə yanılmamışdım. Çünki Dədə Qorqud dünyasını öyrənməyi özünə borc bilən Hüseynqulu kişinin oğlu və yetirməsi idi. Onu da deyim ki, Səməd Vurğun Borçalıya gələndə Sadaxlı elində xalası oğluna, sonra da Faxralıya baş çəkir. Elin ziyalıları ilə görüşür. O vaxtlar məktəb direktoru işləyən Hüseynqulu kişinin qonağı olur. Bunu aləm bilir. Onlar sonralar dost olurlar. Bu dostluq, mənim bildiyimə, Bakıda da davam edir.

 

Hə, bayaq ustad aşıq Cahangir barədə danışırdım. Sonralar bu aşıq məşhurlaşdı. Bu işdə, şübhəsiz, Elxan müəllimin əməyi əvəzsizdir. Mən də Gürcüstana qayıdanda bu ustad aşığın lent yazılarını radioda verirdim. Çox bəyənirdilər...

 

...Bir dəfə evdə uzanıb Elxan müəllimin verilişinə qulaq asırdım. Xındı Məmməddən danışırdı. Arada bu lent yazılarını mənim verdiyimə görə təşəkkür etdiyini eşitdim. Elə bil dünyanı mənə vermişdilər. Elə sevindim, gəl ki görəsən...

 

Faxralıya böyük itki baş vermişdi. Elin, eləcə də hamımızın sevimlisi Arif müəllim dünyasını dəyişmişdi. Bakıdan, Gürcüstanın hər yerindən dəfn mərasiminə axışırdılar. Məni də o vaxtlar Qardabani icra hakiminin birinci müavini işləyən oğlum Araz ora apardı. Çox qalabalıq idi. Onu tanıyanlar vida mərasimində iştirak etməyi özlərinə borc bilirdilər. Bakıdan xeyli adam gəlmişdi. Mən Elxan müəllimə və onun qardaşı Eldar müəllimə yaxın oturmuşdum. Süfrədən qalxanda nədənsə Elxan müəllim mənim işlərimdən danışdı. Təqdirəlayiq iş olaraq önə çəkdi. Mən də kitablarım məsələsində bir az sıxıntı keçirdiyimi bildirdim. O, qardaşı Eldarı göstərdi. İmkanlıdır, sənə yardım göstərər dedi. İşə bax, başqalarını demədi. Öz qardaşını dedi. Məhz elə Hüseynqulu kişinin oğlu Eldarı dedi. Eldar da sağ olsun, sonralar bir kitabıma deyil, bir neçə kitabıma yardım əlini uzatdı. Xatirələr çoxdur. Çözməklə bitməz...

 

...Nə isə. Mən Elxan müəllimin bir alim olaraq yazdığı kitablardan, tədqiq etdiyi işlərdən, Azərbaycan radiosunda müxtəlif adlarda apardığı verilişlərdən söhbət açmadım. Çünki bunu məndən çox bilənlər bilir. Mən sadəcə bəzi xatirələrimlə könlümü ovundurdum. Yada saldım. Allah rəhmət eləsin!

 

 

                                                                    Hörmətlə: Mirzə MƏMMƏDOĞLU