GEDİŞ-GƏLİŞ

25. TRAMVAYLARDA ŞƏHƏR GƏZİNTİSİ

 

 

Niderlandın ictimai nəqliyyat sektorunda tramvayların xüsusi çəkisi olduqca qabarıq görünür. Bu ölkənin tramvaylarından bəhs etmədən öncə, sizinlə mənim aşırı dərəcədə bu nəqliyyat növünə bağlılığımdan bir-iki epizod danışmaq niyyətindəyəm. Bunu mənə qüsur tutmayacağınıza da əminəm. Elə bu ümidlə də sizi sovet dönəminin tramvaylarında qısa bir tarixi ekskursa dəvət edirəm.

 

Tramvayın necə ucuz bir nəqliyyat vasitəsi olduğunu sovet adamlarının hamısı yaxşı xatırlayır. Tiflisin, Bakının küçələrində hərəkət edən qırmızı, bir az kirli-paslı, yağlı-mazutlu tramvayları necə xatırlamayasan. Tramvayların zəng səsləri, relslər üzərində taqqıltı ilə hərəkəti adamı bir qədər xatirələrə aparır, ya da düşüncəsini nostalji hisslərə kökləyir. Bu ucuz, ekoloji cəhətdən təmiz, vətəndaşların aşağı təbəqəsi üçün sərfəli nəqliyyatın Tiflisdən, Bakıdan yoxa çıxarılmasının doğru-dürüst bir cavabı da yoxdur. Kiminsə axmaq ağlının, iddiasının, bəlkə də tamahının qurbanına çevrilmiş tramvay heç bir səbəb olmadan ictimai nəqliyyat növü kimi nəqliyyat sektorundan çıxarıldı. İndi hərdən-hərdən onun bərpası ilə bağlı fikirlər də səsləndirilir. Bərpanınsa necə böyük bir məbləğ tələb etdiyini də təsəvvür edə bilərik.

 

Sovet tramvaylarında 3 qəpiklik biletlə gəzdiyim günləri yaxşı xatırlayıram. Bakıda, Tiflisdə, Ulyanovskda 3 sovet qəpiyinə gedib-gəldiyim yerləri, bəzən məqsədsiz-filansız minib şəhəri dolaşdığımı da gizlətməyim. Cəmi 3 sovet qəpiyinə. Allah üçün, sovetin hər yamanlığını söylədiyimiz kimi, yaxşılıqlarını da deməliyik. Bu yaxşılıqlardan biri hər şeyin, o cümlədən də nəqliyyatda gediş haqqının az qala su qiymətinə olması idi. Şəhərdaxili nəqliyyatda gediş qiyməti tramvaylar üçün 3, trolleybuslar üçün 4 qəpik, metro və avtobuslar üçün 5 qəpik olduğu dönəm çox da uzaqda qalmayıb. Hələ bu ucuzluqda güzəştlərdən istifadə edib, pulsuz gedib-gələnlər də var idi.

 

İstanbulda gördüyüm modern, şüşələrinin genişliyi ilə diqqəti cəlb edən tramvayları unutmadığımı da qeyd edim. Bu vaxta qədər gördüyüm tramvaylar arasında İstanbul tramvaylarının daha gözəl, daha baxımlı olduğunu da demədən keçməyim.

 

İndisə söhbətimizin əvvəlinə qayıdıram. Niderland şəhərlərinin bəzəyi sayıla biləcək tramvaylar barədə söhbətimizi davam etdirək. Niderlandın əksər şəhərlərində, – əlbəttə ki, mənim gördüyüm şəhərlərdən söhbət gedir, – tramvay ictimai nəqliyyat sektorunun vazkeçilməz əsas elementlərindən biridir. Amsterdamda, Rotterdamda, Haaqada, Delftdə gördüyüm tramvaylar rəngarəngliyi ilə, səliqəsi ilə yadımda qalıb. Bir neçə dəfə Amsterdamda mindiyim tramvaylarda gediş haqqı çox bahadır, əslində Amsterdama kənardan gələnlər üçün baha görünür. Avropa ölkələrində qiymətlərin başqa ölkələrə nisbətən baha olması normaldır. Nədən ki, həyat səviyyəsi yüksəkdir, maaşlar vətəndaşların ürəyincədir, dövlətin vətandaşlarına sosial qayğısı nəzərəçarpacaq dərəcədədir. O üzdən də 3 avro 20 sent pul ödəyib bilet almaq yerlilər üçün normal sayılır. Bunu gün ərzində tramvaylara minib-düşənlərin çoxluğu da sübut edir. 3 avro 20 sentə aldığın bilet şəhərin istənilən tramvay marşrutu üçün iki saat ərzində keçərlidir. Müəyyən məsafəni qət edib, yolunu digər marşrutda artıq yeni bilet almadan davam etdirə bilərsən. Gün ərzində daha çox tramvaydan istifadə edənlər 8 avroluq bilet alıb istənilən qədər ondan istifadə edə bilərlər.

 

Tramvayın orta qismində nəzarətçi-kassirin xüsusi köşəsi yerləşir. Onun bu köşəsi kiçik ofisi xatırladır. Kartla, nəğd pulla bilet almaq istəyənlər ona müraciət edirlər. Onun vəzifəsi bununla da bitmir. O, qapının yanında quraşdırılmış, xüsusi gediş kartlarından istifadə edən sərnişinlərin qeydiyyatdan keçib-keçmədiyinə də nəzarət edir. Bilet almağı unudanlara bunu xatırlatmaq da onun vəzifə səlahiyyətinə daxildir. Onun ən ümdə vəzifələrindən biri də tramvaya minən sərnişinləri salamlayıb ağırlamaq, düşənləri isə xoş sözlə uğurlamaqdır. Bəzi nabələd sərnişinlərin verdiyi suallara cavab vermək də nəzarətçi-kassirin üzərinə düşür. Uzun iş günü ərzində minlərlə sərnişinlə maraqlanmaq, eyni sözləri dəfələrlə təkrarlamaq, dəfələrlə təxminən eyni suallara cavab vermək kimi bir iş kənardan baxanlar üçün asan görünsə də, axşama doğru bu adamların üzündən-gözündən süzülən yorğunluq əlamətləri, bu işin nə qədər bezikdirici, usandırıcı olduğunu xatırladır. Bütün bu işləri üzərinə düşən vəzifə borcu kimi yerinə yetirən nəzarətçilər istənilən sərnişini salamlamaqla yanaşı, onlara təbəssüm bəxş etməli olduqlarını yorğun olsalar belə, yaddan çıxarmırlar. Bu cür davranış qarşılıqlıdır və sərnişinlər də nəzarətçilərə eyni səmimiyyətlə cavab verirlər.

 

Şəhərin mərkəzi, gəzməli-görməli yerlərinin yaxınlığından keçən tramvaylar turistlərin ən çox istifadə etdikəri nəqliyyat növüdür. Şəhərin köhnə məhəllələrində hörümçək toru kimi bir-birinə qarışan tramvay xətləri ona əlavə klassik bir kolorit qazandırır. Bəzi yerlərdə eyni yolu paylaşan avtomobilləri, velosipedləri və tramvayları bir arada görmək də maraqlı əyləncə axtaran turistlər üçün vazkeçilməz bir mənzərə yaradır. Dayanacaqlarda hər marşrutun gedəcəyi yerlər barədə məlumat verən xəritələr isə tramvaydan istifadə olunmasını daha da asanlaşdırır, şəhərin qonaqları üçün bu nəqliyyatı daha əlçatan edir.

 

Afiq MUXTAROĞLU

Niderland