URBANİZASİYA

19. AMERSFORT ÇARŞISINDA

 

Sən yaz-yay aylarında Amersfortun küçələrində, köhnə məhəllərində dolaşsan, bir şey diqqətini mütləq cəlb edəcək: küçə fənərləri. Dünyanın bütün şəhərlərinin küçə fənərləri ilə işıqlandırıldığı bəllidir. Amma Amersfortda bu işıq dirəkləri yaz-yay aylarında bir tamaşaya döndərilir. Belə ki, işıq dirəkləri xüsusi dibçəklərlə süslənir, al-əlvan çiçəklər öz gözəlliyi ilə görənlərin könlünə rahatlıq bəxş edir. Üzü qışa doğru isə bu dibçəkləri toplayırlar. Küçə fənərləri mövsümə uyğun olaraq, Yeni il bayramının uzaqda olmadığını insanlara xatırladırmış kimi, rəngli işıqlarla bəzədilir, çiçəklər yaza qədər öz yerini bu işıqlara verir.

 

Cümə axşamları və bazar günləri Langestrat küçəsində – çarşıda dolaşan insanların qələbəliyi içərisinə düşmək, alış-veriş yerlərinə baş çəkmək, səkilərdə yaradılmış yarmarkalara nəzər yetirmək, müştərilərini səkilərə qoyulmuş masalara dəvət edən restoranların xidmətindən yararlanmaq, başgicəlləndirici gəzintinin yorğunluğunu atmaq üçün tarixin müasirliklə gözəgörünməz şəkildə bağlı olduğu məkanlardan birində əyləşərək bir fincan qəhvə içmək və ya bir bardaq holland pivəsi, məsələn, “Heineken” dadmaq fürsətini heç kim əldən vermək istəməz. Amsterdama yolu düşənlər “Heineken”nin dadına uzun növbədə durmaq bahasına da olsa, birbaşa yerində baxa bilərlər. Tarixən Amersfort da öz pivəsi ilə məşhur olub. Bu gün də həmin imicini qorumaqdadır. Qeyd etmək yerinə düşər ki, şəhərdə 300-ə yaxın restoran və kafe fəaliyyət göstərir. Şəhərin qonaqları könüllərindən keçən, məsələn, flamand, fransız, italyan, ispan, türk və ya yapon restoranlarında həm yeyib-içə, həm də istirahət edə bilərlər.

 

Çarşının qələbəliyində küçə müğənnilərini, küçə musiqiçilərini dinləmək gündəlik həyatın ağır yükündən bir qədər də olsa arınmağa yardımçı olur. Saatbaşı məkanını dəyişən qaraçı musiqiçinin akardeonda ifa etdiyi kədərli musiqini dinləmək üçün ayaq saxlayan və ona təşəkkür əlaməti olaraq pul verənlərlə yanaşı laqeyd, bəlkə də öz problemlərinə qapanan, ətrafda olub-keçənlərə diqqət ayıra bilməyən ötüb keçənləri müşahidə etmək mümkündür. Uzunsaç, arğaz gitaraçının ifasında dəhşətli kədər duyulmaqdadır. Onun üzündə qazanacağı pulları üst-üstə qoyaraq dünyanın harasınasa məqsədsiz-filansız səfərə çıxmaq və ya elə bu pulları axşama doğru bir meyxana küncündə ucuz şəraba vermək istəyən tənha bir insanın görüntüsü var. Gənc gitaraçının qaynaşan insan axını içərisində baxmaq üçün boşluq axtaran mavi gözləri, sanki onun bu dünyanın adamı olmadığını və ya olmaq istəmədiyini göstərirdi. Klassik geyimi ilə fərqlənən yaşlı musiqiçi isə həmişəki yerindədir. Onu hər zaman lövbər saldığı küncdə görərsən. Alətlərini düzüb, alçaq kətilində oturaraq şən, oynaq havalar çalıb ötüb-keçənlərin diqqətini cəlb etmək istəyir. Küçənin musiqi həyatı. Kimi kədərli duyğularını musiqiyə çevirir, kimi də şən. Bu adamların da çörəyi küçədən, küçə musiqiçiliyindən çıxır. Tiflisdə son dönəmlərdə belə musiqiçilərin sayının artdığını müşahidə etmişdim, hətta onlardan “Şəhərin küçə bülbülləri” adlı bir yazı da yazmışdım.

 

Söhbət musiqidən düşmüşkən, qeyd edim ki, Amersfortu “festivallar şəhəri” də adlandırırlar. Hər il burada bir çox beynəlxalq musiqi festivalları keçirilməsi ənənə halını alıb.

 

Festivallardan söhbət açdıqsa, gərək Amersfortun başqa bir özəlliyindən də bəhs edək. Niderlandda insanların seks azadlığına malik olduğunu, fahişəliyin, eynicinslilərin evliliyinin qanuniləşdirildiyini bilirik. Üstəgəl, bu ölkə insanların başqa şəkildə də özünü ifadə etməsinə ev sahibliyi edir. Amersfortun Sportfondsenbad hovuzunda hər ilin mayında nudistlər günü qeyd edilir. Lüt-üryan, qadınlı-kişili eyni çimərlikdə toplaşanlar təbiətlə harmoniya yaratdıqlarını, habelə çılpaqlıqları ilə başqalarına hörmət etdikərini, eyni münasibətin özlərinə qarşı yönəlməsinə çalışdıqlarını iddia edirlər. Nə bilim, vallah? Onları hansı kateqoriyaya aid edəcəyimi bilmədiyimdən çaş-baş qaldığımı da deməsəm olmaz.  

 

Çarşının girişində “Malenkaya Rossiya” adlı mağazadan səni keçmişinə, ən əsası da Vətəninə bağlayan, nostoljik hisslər yaşadan nəsə – bir suvenir, bir şirniyyat və ya “Baltika” pivəsi ala bilərsən, könlündəki Vətən həsrətini azacıq da olsa rahatladarsan. Mağazanın küçəyə baxan pəncərəsinə düzülmüş suvenirlər arasında sərt baxşıları ilə, sanki, ötüb-keçənlərə Rusiyanın keçmiş əzəmətini və indiki durumunu xatırlatmaq istəyən İ.V.Stalinin, V.Putinin kiçik büstləri həmin an diqqəti cəlb edir. Burada Gürcüstanda istehsal olunmuş “Nataxtari” limonadlarına və “Nabeqlavi” sularına da rast gəlmək mümkündür. Qürbətin güc gəldiyi anlarda bu mağazadan xırda-para nələrsə aldığımı da sizdən gizləmirəm. Böyük Rusiyanın belə bir kiçik məkana necə sığması da düşündürücüdür. Üstəgəl, özünün hələ də böyük olduğunu düşünən Rusiyanın yüzlərlə vətəndaşı leqal, qeyri-leqal yolla Niderlandda yaşamaqdadır. Yaşamaq icazəsi və ya vətəndaşlıq almaq üçün istənilən adamla evliliyə razı olan ruslar istənilən qədərdir. Al, bu da sənə Rusiyanın dırnaqarası böyüklüyü. İbrətamiz mənzərədir, elə deyilmi?

 

180 minə yaxın əhalisi olan şəhərin yeni məhəllələri, məsələn, Nieuvland, şəhərsalmanın son uğurları ilə yanaşı Niderland memarlığının tarixi ənənələrini də yaşatmaqdadır. Belə məhəllələrdə gördüyün mənzərə qarşısında heyrətlənməyə bilmirsən. Bir, iki, üç qatlı evlərin arası ilə gedərkən, özünü orta əsr şəhərlərindəki kimi hiss edə bilərsən. Amma evlərin müasir inşaat materiallarından tikilməsi, küçələrdə hərəkət edən insanların geyimi, maşınların uğultusu, küçələrin elektrik fənərləri, ara-sıra gözə dəyən reklam lövhələri sənin reallığa qayıtmana nədən olur, XXI yüzillikdə yaşadığına inandırır. Nieuvlandda nəyinsə artıq tikildiyinə, layihədən çıxıldığına və ya nəyinsə əskikliyinə rast gəlməzsən. Hər şey yüz ölçülüb, bir biçilib.

 

Amersfortun 1995-2001-ci illərdə inşa olunmuş, 4500 mənzili əhatə edən Nieuvland bölgəsində Hüseyn bəy gildə qonaq olduğum sırada yeməkdən sonra gəzintiyə çıxdıq. Gəzintimizin yönü kiçik Hoogland kəndinə idi. Hüseyn bəyin və xanımı Özləmin təklif etdiyi bu gəzintidə onların Çin cinsi iki köpəyi də bizimlə idi. Fındıq və Fıstıq adı verdikləri bu kiçik köpəklərin göz işlədikcə uzanan yaşıllıqda çıxardıqları min bir hoqqa on saatlıq işin bədənimdə yaratdığı bütün yorğunluğu çıxarmaq üçün yetərli oldu. Niderlandda yaşayış məskənləri salınarkən insanların istirahəti, dincəlməsi üçün geniş yaşıllıq ərazilərin saxlanması mütləq nəzərə alınır. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hansı şəhərə ayaq bassan yaşıllıqların, parkların çoxluğuna heyrət edəcəksən. Kiçik Vurden şəhərində mən gözəlliyi ilə göz oxşayan bir neçə parka rast gəldiyimi, onlardan ikisində xeyli dolaşdığımı indi də yaxşı xatırlayıram.

 

Amersfort ağaclarının yaşıllığı sularının mavisinə qarışmış əsrarəngiz şəhərdir. Əldə etdiyim bir məlumata görə, şəhərdə 411 hektar meşə sahəsi var. Şəhərin parklarının ümumi sahəsi 92 hektar, ağaclıq sahələr isə 61,7 hektardan çoxdur.

 

Verəcəyim digər məlumatın da sizdə maraq oyadacağına əminəm. Bu məlumatlar demoqrafiya ilə bağlıdır. 14 yaşına qədər uşaqların sayına görə Amersfort 20 %-lik göstərici ilə ölkə birincisidir. Adambaşına düşən gəlirin çoxluğuna görə isə Amersfort əhalisinin sayı 100 mindən artıq olan 25 şəhər arasında üçüncüdür. Bu səbəbdən də Amersfortda dövlətdən sosial yardım alanların sayı azdır. 

 

Axşam qaranlığının getdikcə qatılaşması fonunda köpəklərini gəzintiyə çıxarmış təkəmseyrək adamlar görünürdü. Qarşılaşdığımız adamların əksəriyyəti bizi salamlayırdı. Tanımadığın adamların səni salamlaması ilə təkcə Hooglandda yox, Niderlandın çox yerində rastlaşa bilərsən. Bu üzdən də belə vəziyyətə hazır olman gərəkir. Digər tərəfdən də, salam Allah salamıdır demirikmi? Əməl etməyə çalışaq. İstanbuldan Niderlanda qonaq gəlmiş Özkan Tavukçuoğlunun bizi salamlayan şəhər sakinlərinə necə təəccüblə baxdığını indi də xatırlayıram.

 

Afiq MUXTAROĞLU

Niderland