Uşaqlar valideynlərin gözü qabağında onlayn oyunlardan fərqində olmadan zəhərlənirlər. Uşaq valideynindən inadcıl olaraq telefon tələb edir, PUBG oynamaq üçün.

 

Ətrafımdakı uşaqların hamısı bu oyunu oynayır. Bu oyun oyunçunun zehni sağlamlığına təsir edə, düşüncə, duyğu və davranışları dəyişdirə bilmə gücünə malikdir. Oyun onlayn oynandığı üçün hər yaş qrupundan insanlar iştirak edə bilirlər. Oyunçuların əksəriyyəti isə məktəblilərdir. Çox uşaq, məktəb də daxil olmaqla, gününü PUBG oynamaqla keçirir. Bu da ictimai olaraq passiv fərdlərin yetişməsinə imkan yaradır. Yalnız bir yerdə oturmaq və saatlarca PUBG oynamaq fiziki sağlamlıq üçün də yaxşı deyil. Bu oyunlar uşaqlarda tənbəlliyə, göz və baş ağrılarının da meydana gəlməsinə səbəb olur.

 

Uşağı sakitləşdirmək üçün öz rahatlığını düşünən valideynlər uşaqlara telefon verərək onların oyun aludəçisinə çevrilmələrinə imkan yaradırlar. Bu problemlər nəticəsində qayğıdan uzaq qalan uşaqlar milli-mənəvi dəyərlərindən yoxsul qalaraq cəmiyyətə aqressiv hərəkətlər və insanlara qarşı hörmətsiz davranışlar sərgiləyirlər.

 

Bizim sağlam və milli-mənəvi dəyərlərimiz oyun şirkətlərinin heç vecinə də deyil. Onlar pul qazanır, eyni zamanda bizim gələcək nəsillərimizin beynini öz düşüncələrinin meydanına çevirirlər. Son illərdə oyun dünyasına daxil olan PUBG uşaqları valideynlərdən alıb özünə bağlayaraq daha geniş kütləyə çatmaqdadır.

 

“PlayerUnknown’s Battlegrounds” (PUBG) bir video oyunudur. Bu gün endirilmə sayı 100 milyonu keçən PUBG 2017-ci ildə yaradılıb. Oyunda 100-ə yaxın (ən çox 100) oyunçu istiqaməti təyin olunmuş bir təyyarənin içində oyuna başlayır. İstədikləri zaman təyyarədən paraşütləri ilə adanın hər hansı bir nöqtəsinə tullanırlar. Oyunçuların məqsədi müxtəlif yerlərdən tapdıqları müxtəlif silahlarla bir-birlərini öldürərək həyatda qalmaqdır, yəni sağ qalan oyunçu qalib olur.

 

Xüsusilə bu oyuna məktəbli uşaqların marağı daha böyük olur. Mobil versiyasından sonra oyun uşaqlar üçün daha əlçatan oldu.

 

Oyunçular oyun zamanı kredit kartıyla satın alma əməliyyatı edə bilirlər ki, bununla da oyun sistemi kredit kartınızı avtomatik olaraq yaza bilir. Yəni uşağınız oyun zamanı bir şey satın aldığında, digər satın alma əməliyyatlarını çox asan bir şəkildə reallaşdıra bilir.

 

PUBG-də hər kəs bir-biriylə səsli və yazılı olaraq ünsiyyət qura bilir. Bu zaman etik qaydalara uyğun olmayan sözlər və yazılar istifadə olunur. Həmçinin açıq-saçıq geyim tərzi ilə təchiz olunan avatarlar da istifadə olunur. Oyundakı səsli ünsiyyət zamanı ailə içərisində olan söhbətlər də digər oyunçular tərəfindən eşidilir.

 

Uşaqlar oyunu yüklədiyi zaman “oyunun tələb etdiyi şərtlərlə razısınızmı” deyə soruşulur. Şərtləri oxumadan “hə” deyən uşaq şərtləri qəbul etmiş olur. Oyun şirkəti istənilən zaman icazə verdiyimiz proqramlara daxil ola bilmə qabiliyyətinə malik olur.

 

Oyunda olan şifahi şiddət və pis davranışların uşaq üzərində təsir qoyacağı üçün onlara müəyyən dərəcədə məhdudiyyətlər qoymalıyıq. Uşaqlar nə tərz oyunlar oynayırlarsa beyinlərinin o qismini istifadə edirlər, beyinlərinin o qismi çox inkişaf etmiş olur və davamlı o şeyin praktikasını edirlər. Gəlin birlikdə 10 yaşında iki uşaq düşünək, biri futbol, digəri PUBG oynayır. Hər iki uşaq davamlı olaraq nəyin məşqini etmiş olurlar? Siz uşağınızın beyninin hansı tərəfinin inkişaf etməsini istəyirsiniz? Adam öldürmək və yaxud qırıb-dağıtmaq, ailə və camiyyət üzvlərinə qarşı kobud hərəkətmi?

 

Oyun zamanı uşağınız tanımadığı insanlarla səsli və yazılı olaraq ünsiyyət qurur, qarşı tərəfin neqativ enerjisindən, ifadələrindən zəhərlənir və ya pis niyyətli kəslərin istismarına məruz qalır.

 

Valideynlər bu məqamda birgə çalışmalı, məktəb və uşaq bağçası xaricindəki zamanlarda əldən gəldiyi qədər uşaqların cəm şəklində toplanıb piknik və yaxud müəyyən ayrılmış vaxtlarda və yerlərdə qrup şəklində oyunlar, yarışmalar və s. kimi orta yaşlı nəslin uşaqlıqda oynadıqları ənənəvi oyunları onlara çatdırmalı və anlatmalıdırlar. Bizim uşaqlıq dövrümüzdə – texnologiyanın olmadığı bir vaxtda olduğu kimi uşaqlara kitab oxumalı, nənə-babalarımızın danışdıqlarını, öz uşaqlıq dövrümüzün xoş hekayələrini və müxtəlif uşaqlıq xatirələrini danışaraq yeni nəslə bir qədər də olsa bu zərərli oyunlardan uzaq tutmağa çalışmalıyıq.

 

Unutmamalıyıq, bu günün uşaqları gələcəyin cəmiyyət üzvləridir!

Elsevər ƏHMƏDOV