Elə ki, rus qoşunları Təbrizə yaxınlaşır, müştəhid Allahyar xanın iştirakı ilə meydanda nitq söyləyir. O, camaata Qacarın amansızlıqlarını, qəddarlıqlarını xatırladır. Eyni zamanda Güney Qafqaz xanlıqlarında, o cümlədən İrəvan və Naxçıvanda rus üsul-idarəsini tərifləyir.
Müştəhidin çıxışı mömin şiələrə çox böyük təsir göstərir. Onun bu hərəkəti rus ordusunun bir müqavimət olmadan Təbriz şəhərinə soxulmasına kömək edir.
İranla müharibə zamanı A.Paskeviç A.Qriboyedovun köməkliyi ilə şiə məzhəbinin başçısı, Rusiyaya xoş məram göstərən müştəhidin – Mir Ağa Fəttahın simasında arzu olunan namizədi tapır.
Müştəhid niyə şaha qarşı çıxmışdır? Onun dediyinə görə, şah Qacar şiələrin gözündə qeyri-qanuni hökmdar idi. İmam nəslindən deyildi. Şiələrin teokratik nəzəriyyəsinə görə, Əlinin nəslindən olanlar şah taxtına mənsub olmaq üçün tam hüquqları var idi.
Təbiidir ki, Müştəhidin bu hərəkəti İranın hakim dairələrinin xoşuna gəlməzdi. Buna görə də onun həyatı təhlükədə idi.
Qeneral A.Paskeviç müştəhidin Rusiya torpağına köçməsinə icazə verilməsinə söz verir. Onun zərərini ödəmək məqsədi ilə 2000 çervonluq pensiya təyin edilməsinə razılaşır. Eləcə də imkan daxilində Güney Qafqaz əyalətlərinin birində ona mülkün ayrılmasına razılaşır.
1828-ci il martın 7-də müştəhid Təbrizi tərk edir.
A.Paskeviç müştəhidə böyük rəğbət bəsləyir. O, hökumətdən qızıl imperator gerbi ilə təltif olunmasını xahiş edir. Bu da ki, o vaxtlar çox nadir hal idi. Bundan başqa müştəhid hökumətdən Şirvan əyalətində 15 kənddən ibarət mülk, illik gəliri 5360 manat gümüş pul ilə birlikdə 2000 çervonluq pensiya alır.
Hökumət namusla rusa xidmət etdiyinə görə müştəhidə Şirvandakı mülkündən başqa Tiflisdə Kürün sol sahilində 50 desyatin (1 desyatin 1,092 hektardır, yəni hektardan bir azca artıq) yer verilir. O, burada bağ salır ki, həmin bağ da bu günədək mövcuddur.
1845-ci ildə İranda siyasi iqlim dəyişdikdən sonra, yəni Abbas Mirzə və Fətəli şahın ölümündən sonra müştəhid üçün İranda normal şərait yaradıldığından, o, öz oğlu ilə bərabər İrana köçür, 1892-ci il oktyabrın 24-də orada vəfat edir.
Köhnə bir kəndin və bu gün Tiflisin geniş məhəlləsinin adı Naftulluq adlanır. Şahzadə Vaxuşti bu yerlərdə neftin mövcud olduğunu yazırdı. Bu “lıq” şəkilçisi bizim dildə işlənən sözdüzəldici şəkilçidir, neftin olduğu yeri göstərir. Burada ta qədimdən quyular qazmaqla neft çıxarılırdı.
Məlumdur ki, II İrakli Tiflisin fortifikasiya sistemini və şəhərin girəcəklərini möhkəmləndirmək üçün geniş miqyaslı işlər görmüşdü. Naftulluqda qalanın tikilməsi bu tədbirlərdən biridir. Caamat arasında bu qala İraklinin qalası adlandırılmışdı. 1772-ci ildə Rusiya Elmlər Akademiyasının akademiki İohan-Anton Quldenşted Naftulluğu və İrakli qalasını xatırlayır. Həmin vaxtlar kənddə 50 ev varmış. Quldenştedin yazdığına görə, dördbucaq qalanın uzunluğu 80 addım idi və ona yumru bürc gözəllik verirdi. İraklinin çarlığı dövründə Naftulluq kəndi dağılmışdı. O, qalanın tikilməsi ilə yanaşı əhalinin yenidən burada məskunlaşması qayğısına qalmışdı.
Tiflisin cənub-şərq hissəsində Naftulluqda kiçik guşənin adı Neftcala olub. Onun şimal və şimal-şərq tərəfindən kiçik Orxev çayı axır. Cənub-şərqini isə Kür çayının məcrası hüdudlaşdırır. Calanın adı burada kəşf olunan neft yataqlarından əmələ gəlmişdi. Quyu, çökəklik, çuxur mənasında işlənmişdi. Neftcala toponimi Azərbaycanda da var. Rayon mərkəzinin adıdır.
İndiki 300 araqviyalı bağı Ortacala bağı adlanıb. Bu bağ II İraklinin göstərişi ilə salınmışdı. Çar XII Georgiyə məxsus idi. Onun vəfatından sonra bağ arxiyepiskop Dosipeyo Pitsxelaurinin əlinə keçmişdi. Tiflisin şərqində Xarpux, Naftulluq və Dirsicala arasında Kürün özünün və onun kiçik bir qolununun yaratdığı adada yerləşirdi. Yay aylarında tiflislilərin istirahət yeri idi. Burada A.S.Puşkin ilə təntənəli görüş keçirilmişdi. Bağ Kürün özü ilə onun sağ qolu arasında yerləşirdi. Dairəvi forması var idi. Onun şərqində Dirsicala bağları, qərbində isə Krtsanis bağları yerləşirdi.
Metex qalası yaxınlığında bir neçə qəhvəxana var idi. Çay, meyvə qurusu və şirin çörəklərdən başqa müxtəlif ləziz Şərq xörəkləri ilə qəlyanaltı etmək istəyənlər bura gələrdilər. Bura aşıqlar da çox gələrdi. Aşıqların toplaşdığı yerlərdən biri də bura idi. Həmişə burdan musiqi səsi ucalardı. Aşıqlar çalıb oxuyardılar. Saz-söz həvəskarları bura çox gəldiyindən qəhvəçilər aşıqların deyişmələrini təşkil edərdilər. Aşıq poeziyasının vurğunu şair-akademik İosif Qrişaşvili bu barədə yazır: “Aşığın biri bir vərəqə şeir şəklində bir müəmma yazardı. Bu vərəqi əl ilə toxunmuş bahalı Kirman şalının və ya ipək Bağdad kəlağayısının üstünə yapışdırar, qəhvəxananın bir yerindən asardılar. Bu qəhvəxanaya başqa-başqa yerlərdən aşıqlar toplaşar və hər gecə mərəkə olardı: deyişmə, çalıb-oxumaq və müəmmanın cavabını axtarmaq.
Bu deyişmələrdə kənar adamlar da iştirak edərdilər və şübhəsiz üzüağ da çıxırdılar.
Qəhvəxana camaatla həmişə dolu olardı və aşıqları coşdurmaq üçün onların bəxşişlərindən başqa çoxlu pul da səpələyərdilər, bu pulları orijinal şəkildə şalın üstünə yapışdırardılar. Belə ki, bir az keçəndən sonra (hərdən bu deyişmə bir həftə də davam edirdi) kağız pullar ilə dolardı və çox vaxtlar bu toplanan pul iyirmi və otuz tüməndən artıq da olardı.
Bu pul müəmmanı açanın olmalı idi. Pul ilə birlikdə şal da qalib gələn aşığa məxsus idi. Divardan şalı alıb qalibin qoltuğuna soxar, ya da hörmət əlaməti olaraq boynundan asardılar. Əgər bu müəmmanı heç kim aça bilməsəydi, onda bu şal da, bu toplanan pul da müəmmanın müəllifinə qalardı.
Bu müəmma heç də asan deyildi. Məsələn, aşıqlar bu müəmmanı sinədən şeir kimi söyləyər, o biri aşıqdan soruşardı:
De görüm, eşidibsənmi, ay aşıq,
O nədir ki, insanı həm yaşadır, həm də öldürür.
Bu sözlər uyğun rədif üzərində qurulurdu və qalib gələn onu eyni rədiflə şeirlə açmalı idi.
Müəmmanın sirrini etibarlı bir şəxs və ya qəhvəçi bilməlidir. Elə ki, aşıq şeirlə müəmmanı açır, qəhvəçi həmin vaxt həmişə əlində tutduğu tənəkə parçasına dəmir maşa ilə vuraraq deyərdi: “Dayanın, tapıldı!”
Bu zaman qalib müəmmanın sahibindən də, camaatın iştirakı ilə qafiyələr, hecalar ilə onu təsdiq etməyi tələb edir. Qalibi qəhvəçi şalla və istərsə də pul ilə mükafatlandırır”.
Aşıqların bu cür deyişməsi əvvəllər Borçalıda, Qarayazıda və Qaraçöpdə də olurdu. Hazırda da aşıqlar arasında bu cür deyişmələr Türkiyədə mövcuddur. Ünlü türk aşıqlarının xatirəsinə həsr olunmuş kültür və sənət şöləni hər il keçirilir. Bu tədbirdə münsiflər heyəti tərəfindən aşıq poeziyasının müxtəlif növləri üzrə, o cümlədən gəraylı, qoşma, müxəmməs, divani, təcnis və sair üzrə bir rədif elan olunur, siyahı üzrə ən azı üç aşığın adı çəkilir. Onlar sıra ilə həmin rədif üzrə bir bənd söyləyərək növbəni o birisinə verirlər. Belə ki, aşığın biri söyləyənə kimi o biriləri rədif üzrə fövqəladə şəkildə düşünür, üç bəndlik şeirin axırıncı bəndində aşıq öz adı ilə tapşırmasını söyləyir. Beləliklə, hər bir aşıq sinədən üç bəndlik şeir söyləməlidir.
Bir qayda olaraq deyişmənin iştirakçıları rəqibinin istifadə etdiyi rədifi istifadə etməməlidir. Rədif tapa bilməyən məğlub, uğurlu rədiflə şeirini söyləyən aşıq isə qalib hesab olunur. Nəhayət, axırda bir müəmma söylənilir. Tədbirdə iştirak edən aşıqlar o müəmmanı açmağa çalışırlar. Müəmmanı düzgün açan qalib hesab olunur.
Tiflisə yaxın bir sahə Saburtalo adlanıb. Əvvəllər bu yerlər geniş düzənlik olub. Bəzi gürcü tədqiqatçılarının qeyd etdiyinə görə, bura düzənlik olduğu üçün müxtəlif idman yarışları, top oyunu da (“Burtaoba”) keçirilirmiş. “Burti” gürcü dilində top deməkdir.
Şahzadə Vaxuştinin yazdığına görə, Saburtaloda qədimlər bağlar var imiş. Bunlar da ki, Vera çayından çəkilən arxla suvarılırmış. Bu yerlər düzənlik olduğundan “tala” da adlana bilərmiş. Tala türk dilində, eləcə də bizim dilimizdə işlədilən sözdür, düzənlik, açıqlıq mənasını verir. Bu toponimin tala ilə bağlı olması, bizcə, daha inandırıcıdır.
Şəhərin Saburtalo rayonunda geniş ərazi olan Delisinin qərbindəki yerin adı Gorxana olub. İndi bu yerdə yeni mikrorayon salınıb. Şair-akademik İosif Qrişaşvilinin yazdığına görə, indiki Nəbatat bağındakı müsəlman qəbiristanlığı əvvəllər də, indi də Gorxana adlandırılıb. İndiki Aleksandr bağının yuxarı hissəsində, təxminən bu günkü Corciaşvili küçəsinin üst tərəfində Şahzadə Vaxuşti “Tatar qəbiristanlığı”nın da olduğunu göstərir.
Beləliklə, qədim Tiflisin qədimliyinə, qədəmliyinə vardıqca yeni-yeni adlara, ünvanlara, yönlərə rast gəlmək olar. Bunun müəyyən hissəsini mən yazdım. Yeni nəsil bu işi davam etdirsə yaxşı olar.
Mirzə Məmmədoğlu