Kvemo-Kartli bölgəsinin ən böyük kəndidir Faxralı (Talaveri) kəndi. Dağlarla əhatə olunmuş kənd füsunkar bir bölgədə yerləşir. Kənd əsrlərdən gələn zəngin keçmişi, tarixi və mədəniyyəti olan böyük türk elidir. Faxralı həm əhatə etdiyi coğrafiyasına, həm də milli yaddaşımızda tutduğu yerinə görə fərqlənən bir bölgəsidir Vətənimizin. Ulu keçmişi, tarixi, mədəniyyəti olan kənd Bolnisi bələdiyyəsinin kəndlərindən özünəməxsusluğu ilə həmişə fərqlənmişdir. Faxralı şairlər, aşıqlar, alimlər, əməksevər insanlar, qəhrəmanlar, milli ənənələrə sadiq, zəngin keçmişini unutmayan, milli yaddaşımıza adını qızıl hərflərlə yazmış insanların vətənidir. Kənd mövcud olduğu son yüzillik tarixində yetişdirdiyi ziyalıların sayı ilə qürur duyacaq qədər yüksəklikdədir.
Mən bu yazımda gənc bir müəllimdən bəhs etmək istəyirəm. Bu gənc müəllim Əhmədalı Babaşovdur. Babaşovlar kimi böyük bir soyun nümayəndəsidir. O, 31 mart 1988-ci ildə Faxralı kəndində anadan olub. İlk təhsilini doğma kəndində yerləşən orta məktəbdə alan Əhmədalı müəllim, ali təhsilini Azərbaycan Respublikasında davam etdirmişdir. O, 2006-cı ildə Azərbaycan dövlətinin nüfuzlu universitetlərindən olan Xəzər Universitetində maliyyə-kredit ixtisası üzrə təhsil alıb. Təhsilini ingilis dilində alan Əhmədalı müəllim 2010-cı ildə universiteti müvəffəqiyyətlə başa vurmuşdur. Vətəni Gürcüstana, doğma kəndinə qayıdan gənc müəllimimiz müxtəlif sahələrdə çalışıb. 2018-ci ildə Gürcüstan Texniki Universitetində riyaziyyat üzrə magistr təhsili alıb. 2019-cu ildən Faxralı kəndində yerləşən 2 nömrəli məktəbdə riyaziyyat fənnini tədris edir. 2019-cu ildə müəllimlər üçün nəzərdə tutulmuş sertifikasiya imtahanından ən yüksək nəticə əldə edərək onu sevən insanlara və şagirdlərinə qürur və sevinc hissi yaşadıb. Həmişə öz inkişafı istiqamətində çalışan Əhmədalı müəllim 2020-2021-ci illərdə Gürcüstanın Avropa Universitetində 60 kreditlik pedaqoji proqram üzrə təhsil alıb.
Əhmədalı Babaşov bir peşəkar, savadlı və məsuliyyətli müəllim kimi qonşu İmirhəsən (Savaneti) kəndində yerləşən tam orta məktəbdə də riyaziyyat müəllimi kimi çalışır. O, yaxın dönəmdə doğma Faxralı kəndində təhsil mərkəzinin əsasını qoyub. Qeyd etmək istəyirəm ki, hər il olduğu kimi, bu il də Əhmədalı müəllimin şagirdləri yüksək nəticələrlə Gürcüstanın nüfuzlu universitetlərinə qəbul oldular. Gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyası, onların təhsil və intellektual inkişafı pedaqoji fəaliyyətinin əsas prioriteti olan Əhmədalı müəllimin əsasını qoyduğu təhsil mərkəzi işini məhz bu istiqamətdə qurub.
Müxtəlif fənlərin tədris olunduğu mərkəz gənclərin təhsil və inkişafına xidmət etmək məqsədilə yaradılıb. Təhsil mərkəzində riyaziyyat, məntiq, kimya, gürcü dili fənləri üzrə hazırlıq kursları fəaliyyət göstərir. Qeyd etmək istəyirəm ki, kimya fənninin tədrisi Bolnisi bələdiyyəsinin digər mərkəzlərində tətbiq olunmur. Düşünürəm ki, kimya fənninin tədrisi çox böyük uzaqgörənliklə atılmış addımdır. Mərkəz alternativ təhsil ocağı kimi fəaliyyət göstərir. Əsas prioriteti təhsil, maarifçilik, gənclərin cəmiyyətə düzgün və məqsədyönlü inteqrasiyası olan təhsil ocağı yerli əhali və gənclər tərəfindən dəstəklənir. Təhsil mərkəzində olan hazırlıq kursları tam ödənişsizdir ki, bu da aztəminatlı ailələr, eyni zamanda kənddən kənarda yerləşən başqa təhsil mərkəzlərindən faydalana bilməyən gənclər üçün çox əlverişlidir. Təhsil mərkəzində gürcü dili fənni tədris olunur. Gənclərin gürcü dilini mükəmməl səviyyədə öyrənmələri, dil baryeri ilə qarşılaşmamaları üçün təşkil olunmuş dil kursları uğurla fəaliyyət göstərir.
Əhmədalı müəllim gənclərin inkişafı istiqamətində öz biliyini, qayğısını əsirgəmir. Onun bir müəllim və vətəndaş kimi gördüyü işlər, həyata keçirdiyi layihələr gənclərimizin inkişafı və təhsilinə yönəlib. Şagirdlərinə örnək olan müəllimimiz həmişə yorulmadan, böyük sevgi və qayğı ilə onlara dəstək olur, gələcəklərini qurmaq üçün onları düzgün və məqsədyönlü şəkildə yönləndirir.
Müəllim kimi çox çətin və şərəfli peşənin daşıyıcısı olan Əhmədalı bir müəllim və şəxsiyyət kimi doğma Faxralı kəndində və onun hüdudlarından kənarda böyük hörmət və sevgi qazanmış ziyalılarımızdandır. Əhmədalı Babaşova çətin və şərəfli işində uğurlar arzulayıram və ümidvaram ki, onun təhsil və inkişaf istiqamətində gördüyü işlər və layihələr həmişə onu sevənlərin qürur və sevinc mənbəyi olacaq.
Leyla YUSİFOVA