Gün çıx, çıx, çıx!

Kәhәr atı min, çıx!

Oğlun qayadan uçdu,

Qızın tәndirә düşdü...

 

Ərindik. Harada ərindiksə oradaca ilişib qaldıq. Çoxumuz çox yerdə ərindik. Bir yerdə problemimiz varsa da deməli hardasa ərinmişik. Dünən etməyə ərindiyimiz hər şey bu gün qarşımıza problem kimi çıxır. Və ərindikcə böyüyür. Ərindiyimiz nöqtəyə qayıtmağa da ərindikcə qaldığımız yerdəcə qalırıq. İrəli gedə bilmirik, qarşımızda problem var, hansı ki, ərindiyimiz yerdən mayalanır və qaldıqca da böyüyür.

 

Hardamı ərindik, nəyəmi ərindik? – Çox yerdə, çox şeyə. İşimizdə peşəkar deyiliksə olmağa ərindik. Oğurluq etdiksə özümüz qazanmağa ərindik. Qumarbaz olduqsa 10 ilə qazanmağa ərindik və birdən qazanmaq eşqinə düşdük. Dil bilənə hər dəfə minnət etməkdən oysanmadıq, amma dil öyrənməyə ərindik. Gedib gözümüzlə görməyə ərindik, gəlib ağlına gələni danışanlara inanmaqdan üşənmədik. Həqiqəti araşdırmağa ərindik, amma aldanmaqdan iyrənmədik. Gördüyümüzü qoyub görəcəyə getmədik. İllərdi bir kəlmədən tutub durduq. Gördüyümüzə sarılıb görəcəyi yaxın buraxmadıq, təpdik. Elə gördüyümüz də, görəcəyimiz də elə yenə “gördüyümüz”oldu.

 

Oğlu “qaya çapmağa” göndərdik, qızı “çörək bişirməyə”. Qoymadıq gündəklərinə gün dəyməyə. Oğul “qayadan uçdu”, qız da ki, “təndirə düşdü”. Sonra da başladıq “Günəşi çağırmağa”. Beləcə istisnalar müstəsna, müstəsnalar istisna olur.

 

Kölgədə oturan adam üçün “günəş” də “ay” da – ikisi də birdir.Günəşi təpib özünə yaş odundan ocaq qalayanın isə əyni həmişə tüstülü olur.

 

Bizim qoçaqlığımız bizi geriləməyə qoymaya bilər, amma irəliləməyə yetmir. Oturub günəşi şüa keçirməyən kölgəmizə çağırmaq əvəzinə bəlkə “kəhər atı” minib günəşə sarı gedək? Atın yanına getməyə isə ərinməyək. Əriniriksə, atısa çağıraq. At gələr, at murazdı.

 

Sәni qayadan asarlar!

Buduna damğa basarlar!

Gün getdi dağ başına,

Könlü şamama istәyәn

Dolansın tağ başına.

 

Həmid SADIX