Gəncədə baş verən terror aktı zamanı zərər çəkmiş bu balaca körpənin şəklinə saatlarla baxıram, adamın ürəyini dağlayır. Gecə saat 2-də körpə uşaq evində yatdığı bir vaxtda yaşadığı bina gözlənilmədən raket hücumuna məruz qalır. Atası elə həmin gün vəfat edir, anası da bu gün (13.10.2020) dünyasını dəyişir. 90-cı illərdə də eyni şey baş vermədimi? Dinc əhali doğma yurdlarından, evlərindən-eşiklərindən didərgin salındılar. Xocalıda dinc əhaliyə olmazın divan tutuldu, hamilə qadınların qarınlarını süngü ilə deşdilər, dinc insanların başlarını kəsdilər, diri-diri yandırdılar, azyaşlı qızları zorladılar, işgəncə ilə qətlə yetirdilər... Dinc əhalinin nə günahı var, körpələrin nə günahı var?
“Humanistlər”, səslərini indiyənə qədər çıxarmayanlar, üzünü görmədiyiniz Parisdə kilsə yananda sanki doğma eviniz yanır qədər dəstək olurduz. İndi nə üçün ağzınıza su alıb durursuz, elə davranırsız ki, sanki heç nə baş vermir, heç nədən xəbəriniz yoxdur… Bir anlıq təsəvvür edin, bu körpə balanın yerində sizin və ya əzizlərinizin də övladı ola bilərdi. “Bura Gürcüstandır, qonşu ölkədə (Azərbacan) baş verənlərdən bizə nə” deyib yan keçməyin. Axı Azərbaycanda yaşayanlar da sizinlə eyni mədəniyyəti, eyni dili, eyni dini bölüşən qanı-qanınızdan olan bacı-qardaşlarınızdır. Heç olmasa “humanist”liyinizi sona kimi qoruyub saxlayın, münaqişə zonasında yerləşməyən Gəncədə dinc əhalinin başına gətirilənlərə münasibət bildirin, mənəvi dəstəyinizi nümayiş etdirin. Ədalətin tərəfində olun, hörmətli vətəndaş cəmiyyətinin susqun fəalları… qonşu ölkə olsun və ya Avropa ölkəsi, ədalətin yanında olmaq hələ heç kəsin başını aşağı etməyib…
Bəli, bura Gürcüstandır, azərbaycanlı və ermənilərin birlikdə yaşadığı məkandır. Gürcüstanda elə kəndlər var ki, hər iki millətin nümayəndələri yanaşı yaşayırlar. Orta məktəbdə, universitetdə birlikdə təhsil alırlar, birlikdə eyni şirkətdə, təşkilatda işləyirlər, eyni layihədə çalışırlar. Ancaq bu o demək deyil ki, ABŞ-da terror aktı törədildikdə səsimizi çıxarmalı, doğma Azərbaycanda baş verdikdə isə lal-kar olmalıyıq. Terror qurbanlarına milli mənsubiyyətinə, yaşadıqları ölkələrə, cəmiyyətdə tutduqları statuslara görə bölüb münasibət bildirmək ikili standartları dəstəkləməkdir. “Nə şiş yansın, nə kabab” devizindən uzaqlaşıb ətrafınızda olan ermənilərə Azərbaycanın haqq səsini çatdırın. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən, Ermənistanın atdığı addımların beynəlxalq hüquqa zidd olmasından danışın, bütün dünya ölkələrinin, o cümlədən Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanımasından danışın. Qorxmadan, çəkinmədən, ürəklə tarixi həqiqətlərdən danışın. 1992-ci il fevralın 25-dən 26-a keçən o müdhiş gecədən danışın. Axı erməni separatçılarına mülki insanları, körpələri, hamilə qadınları, ahılları qanına-qəltan etmək haqqını kim vermişdir?
Yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.”
Aygül İSAYEVA
İqtisadiyyat üzrə fəlsəfə doktoru