“Son zəng” dedikdə kimimiz üçün 11, kimimiz üçün isə 12 sezonluq film ağıla gəlir – məktəbə atdığımız ilk addımda necə ağladığımız, keçirdiyimiz yaxşı və pis günlərimiz...

 

“Son zəng” günü gözümüzün önündən bir film kimi keçdi. Bizə doğma olan məktəbdən, valideynlərimizdən çox gördüyümüz, bizə məsləhətlər verən, dərslər keçən, qələm tutmağı öyrədən müəllimlərimizdən, yaxın olduğumuz dostlarımızdan ayrılmaq istəmirdik...

 

Dərsdə hər zaman zəngin çalınmağını gözləyən uşaqlar “Son zəng” günü o zəngin çalınmağını istəmirdi. Müəllim tapşırıq verdikdə bir-birindən köçürən, sakit, dəcəl, özünü məktəbin sahibi hiss edən, müəllimlərlə mübahisə edən, gizlin yemək yeyən, dərsdən qaçan uşaqlar idik. Artıq bunların heç birini edə bilməyəcəyik. Üzümüzdə məzun olmaq sevinciylə yanaşı kədər də var idi. Məktəbin bizim həyatımızda olan böyük rolunu məhz məzun olduqda anladıq. Hələ də aşağı siniflərdə oxuyarkən hər “Son zəng” ərəfəsində “biz nə vaxt məzun olacağıq, vaxt nə gec geçir” dediyimi xatırlayıram. Bu cümləni xatırladıqca geriyə qayıdıb yenə o illəri qaytarmaq istəyirəm. Gec keçən o vaxtlar bir “Son zəng” ilə bitdi. Artıq bəzilərimizin məcbur etdikləri –səhər tezdən oyanmaq, gecə-gündüz dərs yazmaq və sair məcburiyyətlər yoxdur. Məktəb həyatından çıxıb müstəqil həyata addım atdıq. Məktəbdə keçirdiyimiz illər də geriyə qaytara bilmədiklərimizdən oldu...

 

“Son zəng”ə aylar qaldıqda sevinərək planlaşdırdıq, tamaşalar, şeirlər, rəqslər hazırlamağa başladıq. Rəqslərimiz üçün ayrı-ayrı geyimlər götürdük. Bir sözlə, əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bizim üçün başqa bir gün olacaqdı. Çünki keçən illərdən fərqli olaraq bu il biz onlara deyil, onlar bizlərə tamaşa etmək üçün gələcəkdilər. Hər kəsin diqqəti bizdə olacaqdı. Hər nə hazırlamışdıqsa heç bir səhv etməmək üçün bütün günü təkrar edirdik. İstirahət günlərində belə məktəbə gedirdik. Hazırladığımız tamaşa, şeirlər və rəqslər istədiyimiz kimi olsa da, zalda baş verənlər heç də istədiyimiz kimi olmadı. Biz həyəcanla gözləyirdik ki, gələn qonaqların hər biri əyləşib bizə tamaşa edəcək. Ancaq valideynlərimizdən və müəllimlərimizdən başqa bizə diqqət yetirən olmadı. Kim necə istəyirdi elə də hərəkət edirdi. Məktəbimizə məktəbin şagirdlərindən çox digər məktəblərdən gələn və yoldan ötənlər dolmuşdu. Bəli, dolmuşdular, bu söz nə qədər kobud olsa da belə idi. Zal 300 nəfərlik olmasına baxmayaraq oturanlardan çox ayaq üstə duran var idi. Gələnlərin yarıdan çoxu baxmağa deyil, qeybət etmək, məzunların formasına, saç düzümünə lağ eləməyə gəlmişdi. Hansı ki, biz onların məktəblərinə getsəydik bizə heç qapıdan baxmağa da icazə verilməzdi. Çünki onlarda nizam-intizam güclüdür. Ancaq bizim oxuduğumuz məktəbdə yoldan ötən hər kəs məktəbin zalına girə bilmişdi. Səs-küy olsa da biz hazırladığımız çıxışları belə bir mühitdə başa çatdırmağa çalışdıq. Bəzi səhnələrimizi bitirməmiş çox adam bütün şəhərin söhbətini eliyib qurtardıqdan sonra artıq danışmağa sözləri qalmamışdı deyə çıxıb getdilər. O an məzunların yaşadığı hissi yaşamadan anlamaq çətindir...

 

Və bitdi... “Son zəng” çalındı. Şagirdlərin hər biri tətil olacaq deyə sevinərkən biz məzunlar sevinclə kədəri eyni anda yaşadıq...

 

Müəllif: Validə Fətullayeva