Türkiyədə baş vermiş hadisələr bütün dünyanı kədərlə boğdu. Axşam isti yatağında yuxuya gedənlər dəhşətli zəlzələylə oyandılar, oyanmayanlar da çox oldu; çoxunun aydınlıq sabahları binalarla çökdü. Dağıntılar altından gələn hər səs, istər az yaşlı uşaq olsun, istər orta yaşlı, istərsə də yaşlı, çıxarılan bir insan ümidə döndü. Dünyanın hər ölkəsi Türkiyənin halına yandı. Hamı əlindən gələn köməyi etməyə çalışdı, kimi maddi cəhətdən, kimi qida məhsulları ilə, kimi də geyimlə. Bir sözlə, sol tərəfində ürək adlı orqan daşıyan hər bir kəs qarışqanın yanğını söndürmək üçün su apardığı kimi köməklik göstərməyə çalışdı. Hər biri sağ olsun! Türkiyəyə Allah kömək olsun!
Mənim bunları deməyimə ehtiyac yoxdur, onsuz da hamınız baş verən hadisələri, son vəziyyəti məndən yaxşı bilirsiniz. Sözümün canı odur ki, baş verən bu fəlakətdən sonra gördüm ki, sən demə Qardabanidə nə qədər “siyasətçi”, “seysmoloq”, “din xadimi”, “dahi mühəndislər” var imiş. Heyif, bu günün həkimləri, tibb bacıları, müəllimləri, aşpazları, süpürgəçiləri, şagirdləri, tələbələri və ali təhsili olmayan başqaları bu sahələrdən birini seçməyiblər, yaxud seçməyəcəklər. Halbuki onlarda bu sahələrlə bağlı əla fantaziyalar var. Onlar zəlzələnin baş verdiyi gün Türkiyənin halına yandılar. Növbəti gündən başladılar hadisələri öz bildikləri kimi şərh etməyə. “Siyasətçilər” başladılar ki, “bunlar hamısı Amerikanın oyunudur, Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlıdır, ona kömək edən ölkələrin hamısı öz mənafelərini güdürlər, yoxsa onlar hamısı Türkiyəyə düşmənçilik bəsləyirlər”; “din xadimləri” başladılar ki, “bu zəlzələ Allahın qəzəbidir, hələ bu nədir, gör onların başına daha nələr gələcək”; “mühəndislər” başladılar ki, “binanın təməli yaxşı olmayıb, onlar inşaatdan nə bilirlər...”; “seysmoloqlar” başladılar ki, “hələ də zəlzələnin harada əmələ gəldiyini dəqiqləşdirə bilmirlər, bu təbii deyil, süni zəlzələdir” və ilaxır.
Heç bəlkə onlar bilmirlər zəlzələ nədir, sünisi necə olur, təbiisi necə olur. Bunlara bir də sovetpərəstləri əlavə etmək olar. Sovetpərəstlər də başlayırlar ki, “heyif deyildimi Sovet dövrü, onda tikilən binalar beləmi olurdu, onların mühəndisləri elə, tikinti materialı belə”, az qalır deyələr ki, Sovetin vaxtında zəlzələ belə olmurdu.
İndi bu “qiymətləndirmələrin” nə qədər doğruluq payı var-yox, özləri daha yaxşı bilirlər. Onsuz da COVID-19 kimi bu da Amerikanın “oyunudur”. Səbəbi nədir? – Əhalinin sayını azaltmaq, Türkiyəni zəiflətmək. Axı Amerikada rəngli düymələrdən ibarət bir otaq var: birinə basanda virus yayır, o birinə basanda atom bombası atır, başqa birinə basanda zəlzələ olur. Sonra da kömək edir ki, qoy bizdən görməsinlər. Bu da olur siyasət. Yaxşı ki, NATO və ya BMT kimi təşkilatlarda qardabanili “siyasətçi” yoxdur. Bir də onu deyim ki, bu söhbətləri edənlərin əksəriyyəti kişilərdir. Onlar “qiymətləndirmə” etdikləri zaman həyat yoldaşları onlar üçün dua edir, köməklik göstərməyə çalışır. Köməklik demişkən, indi də deyirlər guya yığılan yardımları aparıb çatdırmırlar, satırlar. Buna inananlar da başlayırlar heyifsilənməyə...
Bəziləri də bu fəlakəti öz faydalarına çevirib, dolablarında artıq yer tutan, geyinməyə əl verməyən geyimləri göndərirlər. Hələ bir özlərinə bəraət qazandırırlar ki, indi onlar heç bunu da tapmırlar. Bəli, onların bir parça isti geyimə ehtiyacları var, amma bu o demək deyil ki, sən vicdansızlıqla kömək edəsən. Axı sən insansan, o da bir insandır. Belə insanlıq olmur! Əgər hadisələri düzgün dəyərləndirə bilmirsinizsə, qoyun bu işin əhli dəyərləndirsin, kömək etməyi də vicdan duyğusuna həqiqətən sahib olanlar etsinlər.
Çiyalə Osmanova