İnsan oğlu yaradıldığı gündən bu yana öz həyatını daha da yaxşılaşdırmağa və yaşadığı dövrü inkişafa doğru aparmağa çalışmışdır. Tarixin hər mərhələsində insan öz ehtiyaclarını ödəmək üçün müxtəlif yollar axtarmış, bu proses bəşəriyyətin mədəni və texnoloji inkişafına səbəb olmuşdur. Bu gün isə texnologiyanın sürətli inkişafı və sosial şəbəkələrin geniş yayılması nəticəsində həyatımızın böyük bir hissəsi virtual məkanda keçir. Virtual dünya reallığın bir qolu kimi həyatımıza daxil olmuş, lakin zamanla bu iki dünya arasında sərhədlər itmişdir.
Virtual aləm insanlara reallıqda əldə edə bilmədikləri sərhədsiz imkanlar təqdim edir. İnsanlar burada istənilən şəklə düşür, öz uğurlarını nümayiş etdirir, başqalarının həyatlarını izləyir və sosial təsdiq axtarırlar. “Bəyənmə”lər, şərhlər və paylaşmalar bir çoxları üçün daxili məmnuniyyətin əsas göstəricisinə çevrilib. Bu cazibənin səbəbi virtual dünyanın reallıqdan fərqli olaraq “ideal dünya” illüziyası yaratmasındadır. İnsanlar sosial şəbəkələrdə özlərini daha uğurlu, daha xoşbəxt və daha mükəmməl təqdim etməyə çalışırlar. Lakin bu görüntülərin çoxu gerçəklikdən uzaqdır və sadəcə olaraq xəyalların məhsuludur.
Virtual aləmin bu cür cazibədar görünməsi insanların öz real həyatları ilə razılaşmamasına səbəb ola bilər. Başqalarının həyatını izləyən insan onların yalnız ən yaxşı tərəflərini gördüyünü unudur. Sosial şəbəkələrdə parlaq şəkillər, uğurlar və xoşbəxt anlar paylaşılır, lakin bu məkanlarda çətinliklərə, məğlubiyyətlərə və problemlərə yer verilmir. Bu da başqalarının ideal həyatını görən insanların öz reallıqlarını daha az dəyərli hiss etmələrinə səbəb olur. Onlar öz həyatlarını bu “ideal” görüntülərlə müqayisə edərək özlərini uğursuz və ya natamam hiss edə bilərlər. Halbuki həmin “ideal” həyat çox vaxt süni olaraq təqdim olunur, çünki heç kəs öz problemlərini və çətinliklərini geniş auditoriya ilə paylaşmaq istəmir.
Reallıq isə virtual aləmdən daha mürəkkəb, lakin bir o qədər də dəyərlidir. Real həyatda insanlar yalnız uğur deyil, həm də məğlubiyyətlər, çətinliklər və mübarizələrlə üzləşirlər. Bu proseslər insanın inkişafına, xarakterinin formalaşmasına və daxili gücünün artmasına səbəb olur. Virtual aləmin parıltılı və xülyalı görünüşü isə bu reallığı kölgədə qoya bilir.
Virtual dünya yalnız fərdlərin deyil, bütöv cəmiyyətin dəyərlərini də dəyişdirir. Ənənəvi insan əlaqələri zəifləyir, həqiqi ünsiyyətin yerini “bəyənmə”lər və rəylər alır. İnsanın daxili dəyərləri və mənəvi zənginliyi yerini zahiri göstərişlərə və sosial təsdiq arzusuna verir. İnsanlar başqalarının onları necə gördüyünə, əslində kim olduqlarından daha çox önəm verməyə başlayırlar.
Bu zərərli tendensiyanın qarşısını almaq üçün reallıq və virtual aləm arasında sağlam bir tarazlıq qurmaq vacibdir. Virtual məkanda sərf etdiyimiz vaxtı idarə etmək, həyatımızın ən önəmli anlarını yalnız paylaşmaq üçün deyil, yaşamaq üçün qiymətləndirmək lazımdır. Gerçək əlaqələr qurmaq, ailəmizə, dostlarımıza və özümüzə vaxt ayırmaq bu balansı qorumağın ən mühüm yollarındandır.
Unutmayaq ki, virtual dünyanın xülyalı görünüşü nə qədər cazibədar olsa da, həqiqi xoşbəxtlik yalnız reallıqda tapıla bilər. Axı həyat yalnız başqalarına göstərmək üçün deyil, hiss etmək, öyrənmək və yaşamaq üçündür. Reallıq – xülyalardan kənar, öz təbiəti ilə dəyərlidir və bu dəyəri dərk etmək hər birimizin öz seçimidir.
Hacı BƏKİROĞLU