(əvvəli burada)

 

Dünyəvi Qalaktion çarəsiz bir insan idi. O, “Mtatsminda gecəsi”ni yaza bilərdi, amma adi bir lampanı dəyişə bilmirdi. Bir dəfə mənzildə işıq söndü. Qalaktion lampanı dəyişdirmək əvəzinə, bu mövzuya səkkiz səhifəlik bir traktat həsr etdi. Hətta pərdələri asmaq üçün də əvvəlcədən hazırlaşırdı və bir plan da qururdu. Onun gündəliyində pərdələrlə bağlı bir qeyd də var: “Pərdələri asmaq üçün addım atılıb”. Məişət məsələlərini həll etməkdə tamamilə aciz olan şair tez-tez kömək üçün hökumətə müraciət edirdi. Qalaktion Tabidze də oxşar bir müraciəti Gürcüstan Mərkəzi Komitəsinin sədri Filippe Maxaradzeyə yazdı. O vaxtlar Krılov küçəsinin 10 nömrəli evində yaşayan Qalaktion qonşusu Şoniya adlı bir şəxsdən ortaq tualet barədə şikayət edirdi. Görünür, qonşuluq mübahisəsini müstəqil şəkildə həll etmək onun imkanlarından kənar idi.

 

Qalaktionun məktubundan:

“Yatdığım və işlədiyim yalnız bir otağım var. Başqa əlavə yer tapa bilmirəm. Tualet otağın təbii bir uzantısıdır və memarlıq baxımından onun hüdudlarına daxildir. Bu hal mənə tualet üzərində daha çox hüquq verir. Şoniya bunu bilir, amma hücum taktikasına əl ataraq “Səni qorxudub tualetdən tamamilə ayağını kəsəcəyəm...” deyib”.

 

Qalaktionun vəziyyəti 1920-ci illərin sonlarında daha da pisləşdi. Sovet İttifaqında köhnə bolşevik kadrlarının təqibi başladı. Olqa Okucavanın qardaşı Mixail Okucava həbs edildi. Onunla birlikdə Qalaktionun həyat yoldaşı da NKVD (Daxili İşlər Xalq Komissarlığı) tərəfindən həbs edildi. Olqa Okucava 1929-cu ildə Orta Asiyaya sürgün edildi. Şair Olqanı bir şeirlə yola saldı:

 

Həyatın faytonu çəkiləsi dərddir

Qatar harasa gedəcək,

Mənim ümidim yola düşür,

Tale ulduzunun çəkiləsi dərdi.

 

Qalaktion Tbilisidə tək qaldı. O, yenidən spirtli içki ilə özünü xarici dünyadan uzaqlaşdırmağa çalışdı. Bir qayda olaraq, içki dövrü şairin həyatındakı çətin mərhələlərlə üst-üstə düşdü. Olqanın həbsi, qardaşının ölümü, ЧК (Fövqəladə Komissiya) tərəfindən dindirilmə, ədəbi dairələrdəki münaqişələr, çətin bir mühit, buna görə də Qalaktionun həssas psixikası daim təzyiq altında idi. Şair ildə bir neçə dəfə dalbadal çox içirdi. O, bunu xəstəlik adlandırırdı. Bu halda aptek isə yeməkxana idi. Pulu olmayanda Qalaktionun qiymətli əşyaları araq müqabilində bufetçiyə girov qoyulurdu. Sərxoş Qalaktion bəzən gecəni açıq səma altında da keçirirdi. Bir dəfə Veranın enişində tut ağacının altında yuxuya gedir və oyananda əynində nə kostyum, nə də ayaqqabı var idi. Şair oyaq ikən belə də qarət edildi. 1934-cü ilin qışında Qalaktion binanın girişində döyülmüş, paltosu və ayaqqabıları soyundurulmuş halda tapıldı. İsti paltarsız qalan şair iki ay evdə oturdu.

 

1933-cü il Qalaktioni üçün xoşbəxt bir il oldu. Repressiyaya məruz qalan qohumlarına və şübhəli şeirlərinə baxmayaraq, Sovet hakimiyyəti ona Xalq şairi adı verdi və fərdi təqaüd təyin etdi. Qalaktionun ədəbi fəaliyyətinin 25-ci ildönümü münasibətilə Opera Teatrında onun gecəsi keçirildi. Olqa həmin il sürgündən azad edildi. Cütlük yeni mənzillərini birlikdə qeyd etdilər. 1935-ci ildə Xalq şairi Marcanişvili küçəsinin 4 nömrəli binasının ikinci mərtəbəsində üç otaqlı mənzil aldı. 1936-cı ildə o, Lenin ordeni laureatı oldu. Kommunistlər Qalaktionu himayə etdilər. O, Gürcüstanda ürəyində qızıl “Leninin” parladığı yeganə şair idi. Xalq şairi adı Qalaktiona inanclarını güzəştə getmək bahasına başa gəldi. Simvolizm ittihamına cavab olaraq Qalaktion “Mavi atlar”, “Mtatsminda Ayı” və digər şah əsərlərindən imtina edir. Şair bu şeirləri unudulmuş və rədd edilmiş adlandırır. Şairin əsl təbiəti daim gizlədilirdi. O, münaqişələrdən qaçırdı, hamı ilə razılaşırdı və mübahisələrdən uzaq dururdu.

 

Qalaktion Tədqiqat Mərkəzinin direktoru Temur Doiaşvili hesab edir ki, dövrün tələblərinə uyğun yazmaq şairin fiziki yaşaması üçün məcburi bir addım idi:

 

“Qalaktion istəsə də, istəməsə də, əsas prinsiplərindən imtina etməyə məcbur edildi. Yəni: Ali ideallar əvəzinə sosializm ideallarını təbliğ etməyə məcbur edildi. Azadlıq əvəzinə tiranı tərənnüm edən şeirlər yazdı, saf poeziyanın əsasları əvəzinə sosial realizmdən danışdı. Əlbəttə ki, bu, əsasən məcburi bir hərəkət idi, lakin Qalaktion kimi mənəvi düşüncəli bir insan üçün bu, böyük bir daxili böhran demək idi və bu böhran onun yenə də qeydlərində təsdiqlənir”.

 

Zahiri rifah 1937-ci ildə sarsıldı. Hətta Tabidzenin ailəsi belə Sovet İttifaqında başlayan total repressiyalardan xilas ola bilmədi. 1937-ci ilin yanvarında Olqa Okucava həbs edildi. Həyat yoldaşının həbsindən sonra Qalaktion artıq öz mənzilində qala bilmirdi. Üç həftə ərzində o, ümumiyyətlə, evdə gecələmədi. Qalaktion uzun müddət həyat yoldaşının taleyi barədə heç nə bilmirdi. Şair son məktubunu ondan 30 avqust 1941-ci ildə aldı. Xalq şairinin həyat yoldaşı xalq düşməni elan edilmiş və Oryol həbsxanasında güllələnmişdi. Qalaktion 1937-ci il repressiyaları haqqında aşağıdakı şeiri yazdı:

 

Heç kim səni sadəcə çarmıxa çəkməz –

Marksı tanımadığın, Kamonu tanımadığın üçün.

Dağ çayı və  mavi səma gecəsini kim sevməz ki,

Yalnız axmaq bir şey ağzından qaçmasın.

 

***

1943-cü ildə Qalaktion yenidən evləndi. Onun seçdiyi Nino Kvirikadze idi. Şair ikinci arvadı ilə ortaq bir taleyi bölüşürdü. 1937-ci ildə Qalaktion arvadını itirdi və Kvirikadzenin isə əri güllələndi. Qalaktion ömrünün son 17 ilini məhz elə Nino ilə keçirdi.

 

Qalaktion öz dahiliyini yaxşı bilirdi, amma yenə də hər gün digər şairlərdən üstün olduğunu hər halda sübut etməyə çalışırdı. Gürcüstanda ikinci şairin kim olduğu soruşulduqda, Qalaktion cavab verirdi: “Dördüncüdən başlasaq daha yaxşı olmazdımı?”

 

Şair şah əsərlərindən birini, Nikortsmindaya tərif himnini məbədi görmədən yazıb. 1947-ci ildə Şovidə olarkən kilsəni ətraflı təsvir edən Nikortsmindadan olan bir dülgərlə yaxın oldu. Qalaktionun dahiliyi nəql olunan hekayəni şeirə çevirdi.

 

Burda ki, tağlardır, sütunlar səfi,

Elə tikilib ki, nağıl kimi düşünərsən,

Görəsən onu kim tikib, hansı istedad qurub,

Hansı lütf Nikortsminda sütununu tikib!

 

O, populyarlığına uşaq kimi sevinir, eyni zamanda diqqət mərkəzində olanda çaşqınlıq içində olur, qızarır və həyəcandan saqqalını ovuşdururdu. Öz adını əbədiləşdirməyə elə sağlığındaca çalışırdı. 50 illik yubileyində Qalaktion hökumətə 7 maddəlik məktub göndərdi. Xalq şairi Samtredia şəhərinin Saqalaktioni adlandırılmasını, elə sağlığında ikən bir abidənin qoyulmasını və Tbilisinin görkəmli küçələrindən birinə və Kür çayının sol sahilinə Qalaktionun adının verilməsini xahiş edirdi.

 (davamı var)

 

Topladı və gürcü dilindən tərcümə etdi:

Mirzə Məmmədoğlu