AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ

 

Saqqalını dörd yerdən rezinlə boğmuş adam şəhərin alaqaranlığında kabusa bənzəyir. Əstəğfürullah, şəpədən xeyir, bu hardan çıxdı? Onun saqqalı mənə ev süpürgəsinin qulpunu xatırladır. Mən əlacsız vaxtlarımda süpürgə bağlamağı da öyrənmişdim. Mən də elə yazdım ki, guya indi əlacım dünyadan çıxıb, gəl-götürüm yerə-göyə sığmır. Suda isladılmış süpürgənin tutacaq hissəsini bir neçə yerindən boğub iplə bağlamaq gərəkir ki, evi-həyəti süpürən xanımın əlini döyənək etməsin. Saqqallı adam başına vurulmuş kimi, velosipedilə ətrafa bir neçə dəfə dövrə vurur. Sanki burulğana düşüb, çıxa bilmir. Süpürgəsaqqal yolların kəsişməsindən yaranmış kiçik meydançada təkrar iki-üç dövrə də vurub sürullaha çəkilir.

 

Şəhərin axşam mənzərəsində qəfildən görünən zənci qız mənim süpürgəsaqqal barədə fikirlərimi sonlandırır. Günü ağ olmuş o qədər qaradır ki, heç olmayan tək. Ayağındakı bəmbəyaz idman ayaqqabısı ilə qulağındakı ağ qulaqcıq onun qaralığı ilə dəhşətli dərəcədə ziddiyyət təşkil edir. Şəbəkədə olduğu bəlli. Bunu arada dükanların işıqlarını əks etdirən süd ağı dişlərinin bir an parıldamasından da bilmək olur. Malidə ən tünd rəngli, yəni şəvə qarası qızların ən gözəl hesab olunduğunu haradansa oxumuşdum. Zənci qızı görcək bunu xatırlayıram. Belələrinin ölkədə müştərisi hazır yəni. Qara kişmiş, tök cibinə, at ağzına. Burada məndən soruşan gərək, el-aləmin qaralığından-ağlığından sənə nə.

 

Ağız-burunlarını maska ilə qapamış adamlar göründükləri kimi də, qaranlıqda it-bata dönürlər. Yaşlıların evlərinin yolunu tutduqları üzlərindən oxunur. Gənclər tələsdiklərini hər hərəkətləri ilə büruzə verirlər. Görünür onları haradasa gözləyənlər var. Görüş yerinə vaxtında çatmaq gərəkdir.

 

Bəzənib-bərtənməyi incəliyinə qədər gözə çarpan qız gül dükanının yaxınlığında durmuş gəncə sarı əlini yellədir. Əlinin ağlığı axşamın toranlığında bəyaz kəpənəyi xatırladır. Əlini yelləməklə deyərsən ki, oğlanla görüşə yox, başqşa bir yerə tələsir. Əslində ikisinin də bu görüş üçün darıxmaqları orta idi. Gəncin var-gəllərı, qızın ütələk yerişi, özləri hiss etməsələr də, baxanlara hər şeyi anladırdı, onları ələ vermək üçün yetərli idi.

 

Küçə fənərinin tam altında qoyulmuş metal zibil qutusuna yaxınlaşan sərsərini çoxdan tanıyıram. Tanıyıram demək də birtəhər çıxır. Üzündən təbəssüm əskik olmayan bu adamla küçədə bir neçə dəfə qarşılaşmışam. Onu iki-üç dəfə zibil qutularının üstündə yerləşən külqabılarından siqaret kötükləri toplayarkən görmüşdüm. Tanışlığımız bundan artıq deyil yəni. Siqaret çəkənlərin yarımçıq söndürdükləri kötüklər onun üçün yoğurmayıb, yapmayıb tapdığı kökə idi. Yox bir küçə sərsərisi gündə 5-10 avro siqaretə pul verəsidir? Koronavirusa yoluxmaq kimi əndişəsi də yerli-dibli yox. Nədən ki, bu barədə düşünməyə macalı da yoxdur. Bəlkə belə bir virusun varlığını eşitməyib də. İçki və siqaretdən başqa bir düşüncəsinin olması belə mümkünsüz görünür. İçkiyə pulu güclə yetişdirir. Dünyanın bütün sərsəriləri eyni taleyi yaşamırlarmı? Niderlandda səhərin gözü açılmamış supermarketin qabağını kəsdirən çəlimsiz zənci əyyaşın pul almaq ümidiylə alış-verişə gələnlərin qabağına yüyürməsi yadıma düşür. Bu zənci əyyaş nədən özünü yazımın gözünə qatdı, görən ola? Niyə kiçik bir yazıda iki dəfə zəncilərdən bəhs etdim ki? Bugünü də belə yola verək. Məndən soruşan gərək niyə uzağa gedirsən, elə öz kəndinizdə yüz qramdan ötrü dəridən-qabıqdan çıxanlardan niyə yazmırsan axı? Hamısı bir bezin qırağı. Dəmirdi, misdi, hamısı bir cinsdir.

 

Hər şeyə maraqla baxan qoca cütlük yaşıdları ilə söhbət üçün yeni mövzu axtarışına çıxmış kimi. Sabah tay-tuşları ilə bəs nədən danışsınlar? Bütün günü xatirələrdə ilişib qalası deyillər ki? Əslində 80-90 yaşı çoxdan haqlamış bu cütlük hər mövzunu çözmüş kimi görünür. Cınqırlarını çıxarmadan əl-ələ verib addımlayan bu ixtiyar cütlük elə bil yeyib-içib dünyadan köçüb. Bəlkə hara gedəcəklərini belə unudublar. Sanki addımlarını məqsədsiz-filansız atırlar. Hara gəldi. Bu yaşa məqsədin qalması da mümkünsüz görünür. Nədən ki, ləng yerişlərindən, ətrafa elə-belə, boşluğa baxırmış kimi nəzər salmalarından yalnız bunu çıxarmaq olar. Üstəlik tələsən yerləri, tökülüb qalan işləri də olmamalıdır. Oğulları evli, qızları göylü yəqin ki? Hər işləri sahmanlı kimi. Dünyanı yorub yolla saldıqları ortada. Ömrün qürubunu  yola vermək üçün hər imkanları var kimi görünür. Eh, mən nə yapışmışam bu qocalardan axı?

 

...Qürbət axşamının alatoranlığında qocalığın buz nəfəsi hardansa məni vurur, sanki onun ayaq səslərini eşidirmiş kimi az qala oturduğum yerdə eymənirəm...   

                                             

   Afiq MUXTAROĞLU

Almaniya, Essen