Elizbar CAVELİDZE

(əvvəli burada)

On dördüncü boy.  Bu dastan da irəliki boyun davamıdır. Ərzincandan qayıdan Koroğlu dəliləri ilə birgə Çənlibelin bütün bəndərgahlarını gözdən keçirdi. Sonra aşıq paltarını geyindi, dəlilərin tövsiyə və yalvarışlarına məhəl qoymadan Qarsa tərəf yola düşdü. Yolda bığ yeri yenicə tərləmiş cavan oğlana rast gəldi. Koroğlu onu səslədi və onunla söhbət elədi. Məlum oldu ki, bu gənci Qars paşasının qızı Hürü xanın göndərib. Bu sonuncu ona nəql etdi ki, türkmanlı Ərəb Reyhan neçə müddətdir ki, gəlib Qarsda əyləşib, onun üzərinə hücuma hazırlaşır. Qarsın paşası da söz verib ki, əgər Çənlibeli ala bilsə qızı Hürü xanımı ona verəcək.

 

Koroğlu çox götür-qoy eylədi və həmin gəncin evində duruş gətirmək qərarına gəldi. Lakin gəncin evində qonaq olana kimi, Koroğlu şəhərdə küçə ilə gəzmək istədi. Koroğlu gəzə-gəzə bir imarətin qabağına çıxdı. Baxdı ki pəncərədə bir qız durub, necə deyərlər, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa eylə. Koroğlunun ürəyi coşdu, könlü havalandı, sazı sinəsinə basıb aşiqanə bir qoşma dedi. Lakin Hürü xanım ağzını açıb danışmaq, onu dəvət etmək istəyirdi ki, qəflətən onun atası və Ərəb Reyhan atla bu tərəfə gəlirlər.  Oğlan və Koroğlu gizləndi. Sonra oğlan şey-şüy almaq üçün bazara qaçdı. Lakin tələsirdi və növbədə durmadan almaq istəyirdi. Camaat qiyam qaldırdı, o qürurla bəyan elədi ki, qonağı Koroğludur. Camaat arasında söz düşdü ki, bəs Koroğlu Qarsa gəlib. Söz axırda gəlib çatdı Ərəb Reyhanla paşanın qulağına. Onlar əvvəlcə şəhərin ətrafını tutdular və yatan Koroğlunun üstünə töküldülər. Koroğlu bir təhər otaqdan çıxa bildi və özünü həyətə verdi, orada da çoxlu adamla rastlaşdı. Ağzı düşdü bir tərəfə, xeyli getdi, onu gördü ki, qabağına balaca bir qapı çıxdı. Açıb qapını girdi içəri. Sən demə, bura minarəyə çıxmaq üçün yol imiş. Hara qaça bilərdi?!

 

Bu ərəfədə oğlan özünü verdi Hürü xanımın yanına və hər şeyi ona danışdı. O tezcə Çənlibelə getməyi və hər şeyi onlara danışmağı ona məsləhət gördü.

 

Koroğlu isə bir növ çətin duruma düşdü. O uca minarənin başındadı, qoşun da dörd bir tərəfi tutub. Nə yarağı var, nə də atı. Aşağı düşsün, yoxsa burada qalsın, nə vaxtacan qalsın? Ürəyi qubar elədi, dəlilər yadına düşdü. Koroğlu oxuya-oxuya səhəri açdı. Koroğlu minarənin başından Çənlibelə tərəf baxdı. Amma nə qədər elədi Çənlibeli görə bilmədi. Dağlar elə bil ki, aranı kəsmişdi. Koroğlu həddindən artıq kədərə büründü. Onu şübhələr sıxdı, dəlilər məndən oldu dedi. Halbuki gün çıxıb dağlara yayıldı, uzaqdan dağların başının  üstündən Çənlibel dağlarının qarlı başları göründü. Bu, Koroğlunu daha da qubarlandırdı. Qəhrəmanı dərd daha da yandırdı və üçüncü dəfə oxudu: Nə dəlilər, nə Çənlibel görünür. Dəlilər yanımda yoxdur, mən yalqızam, düşmən çoxdur. Qaçmaq mənə ar görünür. Divanə könlüm şad olmaz, laçın könlüm ovsun almaz. Bu sinəm yaralı düşdü, dağların maralı düşdü. Tərlan uçmaz, sar görünür. Və sonunu belə bitirdi:

 

Koroğlunun məlul çağı,

Durulmaz kefi, damağı.

Bar gətirib gürcü bağı,

Dal budaqda nar görünür (Bax: “Koroğlu”, səh. 557).

 

Koroğlunun belə dərdli-dərdli oxumağı Ərəb Reyhanı sevindirdi. Minarənin ayağına gəldi: “Allah heç kəsin borcunu heç kəsdə qoymaz. Yaxşı düşübsən əlimə”. Koroğlu isə cavab verdi: “Sənin mənimlə xüsusi haqq-hesabın var. Day bu qoşunu-zadı niyə yığıbsan bura? Yol ver, düşüm, vuruşaq. Ya sənə verər Allah, ya mənə”.

 

Ərəb Reyhan Koroğlunun nə bu şərtinə, nə də başqa şərtlərinə razılaşdı... Koroğlu isə aclıq ilə ölüm hökmü çıxarır. Lakin onun qorxusu da var ki, Koroğlunun sözü olmasın, dəlilər də özlərini yetirərlər və Qarsın üstünü alarlar. Görün onda nə eləyəcəksiniz dedi. Bundan qorxan Ərəb Reyhan külüngçüləri, qazmaçıları gətirdi və minarənin dibini qazmağı əmr etdi.

 

Bu ərəfədə həmin oğlan Çənlibelə çatdı və bütün əhvalatı danışdı.

 

Nigar xanımın əmri ilə Dəli Həsən və Dəmirçioğlu min-min dəli ilə orada qalmalı idilər. Qalan dəliləri Eyvaz götürüb Koroğlunun dalınca getməli idi.

 

Eyvaz hökm elədi, dəlilərdən yeddi yüz nəfəri ayrıldı, hər yüzü verdi bir dəstəbaşına. Lakin əvvəlcə Hürü xanımın imarətinə doğru getdilər. Bu sonuncu Eyvazı görən kimi düşündü ki, Eyvaz bir oğlandı, bir oğlandı, Yusif-zad nədi bunun yanında. Bir könüldən min könülə Eyvaza aşiq oldu. Qoşma ilə onu tərif etdi. Eyvaz da qoşma ilə ona cavab verdi.

 

Çıxılmaz duruma düşən Koroğlu aşağı düşdü. Bu zaman Eyvazın səsi eşidildi. Dərhal minarənin başına çıxdı və bir dəli nərə çəkdi. Şükür olsun Allaha, bu gələn Eyvazın səsidir, bir alıcı tərlan kimi qırar sağını, solunu dedi Koroğlu. Ərəb Reyhan belə baxanda gördü ki, bir dəstə dəli gəlir. Qoşun böyüyü də pis xəbər gətirdi, dəlilər bütün şəhəri tutublar. Eyvaz Ərəb Reyhanın üstünü aldırdı və nərə çəkdi: “Bu saat Koroğlunu ver, yoxsa şəhərin torpağını torba ilə daşıtdıracağam”. Ərəb Reyhan minarənin dibinə işarə elədi ki, bircə dəfə işarə eləsə minarə gedəcək, Koroğlu da onunla bərabər. Yaxşısı budu ki, nə sənin qoşunun qırılsın, nə də mənim. Buna görə də gəl meydanda ikimiz vuruşaq. Kim qalib gələrsə, onun ədaləti bayram etsin. Koroğlu gördü ki, vuruşun qarşısını ala bilməyəcək, yuxarıdan tövsiyə etməyə başladı. Qısası, Ərəb Reyhan və  Eyvaz bir-birilə vuruşdular. Yaraq qalmadı istifadə edələr. Təcrübəli Ərəb Reyhan girələyib Eyvazın çiyin damarlarını saldı cənginə. Elə bil dünya, aləm durdu onun başına hərlənməyə. Koroğlu gördü ki, Eyvaz gedir. Elə bir nərə çəkdi ki, dağ-daş titrədi. Elə bil ki, Koroğlunun sözlərindən Eyvaza qüvvət gəldi. Meydana hərlənib dedi:

 

“Koroğlu buyurub buyruğu,

Gərək mən sənin, mən sənin.

Çəkib qopardam boynunu

Gərək mən sənin, mən sənin.

 

Bir ac qurdam, gəldim bura,

Əyri qılınc boynum vura.

Gözaltını alam sora

Gərək mən sənin, mən sənin.

 

Eyvazam, gərək yetirəm,

Hürüyə qulluq bitirəm,

Adın dünyadan itirəm,

Gərək mən sənin, mən sənin (Bax. “Koroğlu”, səh. 565).

 

Sözünü qurtarıb qızmış nər kimi özünü atdı Ərəb Reyhanın üstünə. Elə birinci həmlədə onu vurub yerə sərdi. Artıq aman verməyib düşdü üstünə. Bu dəfə də Eyvaz Ərəb Reyhanın çiyin damarını keçirdi barmağına. Ərəb Reyhanın ağzı başladı köpüklənməyə. Eyvaz birdən Ərəb Reyhanın çiyinlərini buraxıb yapışdı bel kəmərindən. Qaldırıb göyə, vurdu yerə, çökdü sinəsinə. Eyvaz xəncəri çəkib dayadı Ərəb Reyhanın boğazına. Dönüb Koroğluya tərəf baxdı ki, görsün onun fikri nədir. O belə dedi: “Mən bir dəfə onu mərdliklə basıb, mərdliklə də buraxmışdım. Amma bunun əvəzində o mənə namərdlik etdi. Namərd də gərək bu dünyada yaşamasın”. Eyvaz işi axırına çatdırdı. Xəncəri çəkib onun başını bədənindən ayırdı.

 

Koroğlunu bayıra çıxartdılar. Paşa yoxa çəkildi. Çox axtardılar, lakin onu tapa bilmədilər. Koroğlu buyurdu: “Bu cür adamların igidliyi ondu, doqquzu qaçmaqdı, biri heç gözə görünməməkdi. Day axtarmayın!” (Bax: “Koroğlu”, səh. 567).

 

Koroğlu və dəlilər atlara mindilər, getməyə hazırlaşdılar. Koroğlu Eyvazdan niyə hazırlaşmadığını üç dəfə soruşdu. Eyvaz cavab verdi ki, onun dəli könlünə bir alagöz yar görünür. Koroğlu dönüb Eyvazın baxdığı yerə baxdı. Hürü xanımı gördü. Hürü xanım elə baxır ki, sanki yaralı ceyrandır. Koroğlu məsələni başa düşdü. Ata bir qırmanc vurdu, Hürü xanımın yanına çatanda əlini uzadıb dik götürərək tərkinə qoydu və Çənlibelə doğru yola düzəldi. Eyvaz da düşdü onun arxasınca.

 

Yol ilə gedənlərə bir oğlan tərkində də qoca qarı rast gəlir. Bu, Koroğlunu evində qonaq edən gəncdir, tərkində də onun anası. Onlar sığınacaq tapmaq üçün Çənlibelə can atırdılar.

 

Çənlibeldə böyük bir toy quruldu. Koroğlunun gözünə Eyvaz dəymədi və odur ki, onu soruşdu. Ona cavab verdilər ki, sən onun atasısan, sən rüsxət verməsən, o gəlməz. Koroğlu sazı sinəsinə basdı. Eyvazı dəvət etdi. Sonra xanımlar da bəzənib-düzənmiş Hürü xanımı məclisə gətirdilər. Koroğlu bir daha yenə sazı sinəsinə basdı və Hürü xanımı tərif etdi.

 

Eyvazın toyu düz qırx gün, qırx gecə davam etdi. Hasan paşa Ərəb Reyhanın qırxını verən gün  Eyvaz və Hürü murad verib, murad aldılar (Bax: “Koroğlu”, səh. 570).

 

Bu dastana uyğun olaraq da Koroğlunun özü Qarsa vəziyyəti öyrənmək üçün elə gedir ki, öz silahdaşlarına  heç nə demir.

 

Onun bu hərəkətini bir neçə səbəblə izah etməliyik: Birincisi, özünün özünə inamı ilə; ikincisi, silahdaşlarını təhlükəyə atmaqdan çəkinir; üçüncüsü, öz canını fəda edir və ölümü bir şeyə saymır, həqiqi bir igid olaraq.

 

Lakin bu dəfə tələyə düşməsi onun günahı deyildir və təcrübəsiz gəncin qeyri-ixtiyari buraxdığı səhvin nəticəsidir.

 

Lakin diqqət edilməlidir ki, bu dastanda Koroğlu misilsiz döyüşçüyə nisbətən daha çox dolğun aşıq rolunda çıxış edir. Birincisi, o Hürü xanımın gözəlliyinə valeh olur, gözəl mahnılarla onu mədh edir. İkincisi, minarəyə qapanmış Koroğlu misilsiz döyüşçünün həvəsinə nisbətən daha çox insani duyğular və kədər hissi keçirir. O, öz narahatlığını, arzuya uyğun olaraq, üç dövr olaraq ifadə edir. Sübh zamanı Koroğlu öz qara bəxtliliyini dərk edir və dəlilərini – Eyvazı, Dəmirçioğlunu, Dəli Həsəni və başqalarını yada salır. Koroğlu mahnı oxuduqca tədricən səhər açılır, sis, duman çəkilib gedir, lakin Koroğlu Çənlibeli görə bilmir, qəlbini qəm-qüssə bürüyür, onu şübhələr sıxır. Nəhayət, günəş çıxıb dağlara yayılandan sonra Çənlibelin qarlı zirvələri də görünür. Lakin Koroğlunu onların uzaqlığı və dəlilərin görünməməsi həddindən artıq qüssələndirir. O, öz ruhunun səmimi fəryadını ifadə edir. Qısası, bu özünün mənəvi əhval-ruhiyyəsinin  fəryadıdır ki, müasir oxucuda da emosiyalı duyğular oyadır və bu narahatlığın həmfikiri olur.

 

Bu insani hissin cazibəsini yaratmaqdan bir fakt da diqqətə layiqdir – Koroğlu gürcü bağını və orada yetişən narı xatırlayır ki, bu da, hisslərdən, hər şeydən öncə reallıqdan xəbər verir və ikincisi də, gürcü bağının belə yada salınması təsadüfi deyildir, Koroğlunun fəaliyyətini gürcü gerçəkliyi ilə də əlaqələndirir, bizi bir daha həqiqətdə əmin edir ki, bu dastanlar Azərbaycanda düzülüb-qoşulub.

 

Bu boyda fiziki zahiri görünüşü ilə və ağlın dolğunluğu ilə fərqlənən daha bir xanımın obrazı yaradılır.

 

Və daha bir cizgi də özünü büruzə verir – Azərbaycan ənənəsinə uyğun olaraq, atanın razılığı olmadan  kürəkən toyda görünə bilməz.

(davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU