Elizbar CAVELİDZE

(əvvəli burada)

Koroğlu möhkəm qorumaq üçün igidin mənəviyyatını və qaydaları yaxşı dərk edir. Bizim qəhrəman da öz həyat yolunu əvvəlcə bizə nəql edir. O, binadan dağlar qoyununda bəsləndi – tülək tərlanlar səslədiyi dağlar qoynunda. İgid yaşına dolanda, yağı çıxdı savaşına, dəlilər gəldi başına. Hər yana səfər eylədi, şahları gətirdi cana. Qıratı gəldi cövlana. Yollar kəsdi, karvan vurdu. Çox bəzirgan soydu. Düşmənlərə qan uddurdu. Əsir çəkdi Çənlibelə (Bax: “Koroğlu”, səh. 196-197; “ქოროღლი”, səh. 226).

 

Bu gəraylı Koroğlunun həyat və mübarizə yolunu qısaca bizə nəql edir. Burada Koroğlu igidliyin nə olduğunu, onu necə hesab etdiyini bizə danışır. Onun anladığına görə, qoç quzudan quzu törər, qoç olar. Qoç igiddən qoçaq olar, mərd igidlər dava günü şad olar. Müxənnətlər naçaq olar. Canı qurban mərd igidin özünə. Mərdi ölsə, əlin vurmaz dizinə. Fürsət düşsə düşməninin gözünə burma-burma bıçaq olar. Mərd igidlər bir-birinə daldadı, çuğullar ölməyib, sağı-soldadı, mərd meydandan qaçmaz, qaçsa aldadı, qovğa günü haçaq olar (Bax: “Koroğlu”, səh. 196; “ქოროღლი”, səh. 223). Başqa yerdə Koroğlu yenə bizə moizə edir: “Qul deyərlər, qulun boynun burarlar, qullar qabağında gedən tirəm mən. Hesablıya dağ da olsam əyilləm. Bədhesaba yaman kinligirəm mən. Qırram qoşunu xaki-pay kimi, bir qılınc vuraram Əmiray kimi, mən coşmuşam boz-bulanıq çay kimi, inanma ki, neçə ilə sönəm mən. Koroğlu da yatıb-yatıb oyanmış, Misri qılınc qızıl qana boyanmış, mən poladam dəmirçidə dayanmış, Şüşə deyləm əl dəyəndə sınam mən” (Bax: “Koroğlu”, səh. 130-131; “ქოროღლი”, səh. 167).

 

Müəyyən olunduğu kimi, Koroğlu igidliyin inancını anladığı kimi bütün layiqli insanların önündə baş əyir və haqsızlıqlar göstərən bütün nakişilərin üzərinə ildırım kimi şığıyır. Müvafiq olaraq Koroğlunun müraciəti və özünü təqdim etməyi dəyişir. İstəklisinə özünü bəyəndirəndə başqa cürdür, adlı-sanlı düşməni döyüşə çağıranda başqa cürdür, paşaları və xanları hədələyəndə başqa cürdür. O, Nigar xanıma qarşı xüsusi mehribanlıq göstərir və özünü gözləyir. Belə ki, üzünü Nigar xanıma tutub deyir:

 

Açılıbdı sinən gülü,

Dönübdü xəndana, Nigar!

Şirnən tülkünün nə işi,

Girəydi meydana, Nigar!

 

Lənət namərdin börkünə,

Düşər özü öz ərkinə,

Çəkərəm Qırat tərkinə,

Aparram bir yana, Nigar!

 

Müxənnətdən dad elədim,

Dost-aşnanı yad elədim,

Neçə qul azad elədim,

Qəst etmədim cana, Nigar!

 

Gəlmişəm bu yerdə qalam,

Düşmənlərə qılınc çalam,

Səni Çənlibelə salam,

Bil, mərdi-mərdana, Nigar!

 

Koroğluyam, bel bükəndə,

Misri qılıncı çəkəndə,

Başları yerə tökəndə

Susayaram qana, Nigar! (Bax: “Koroğlu”, səh. 59; “ქოროღლი”, səh. 84). (Burada müəllif tərcüməçinin son bəndi ritmə görə dəyişdiyini qeyd edir – M.M.).

 

Koroğlunun özünü qərib aşıq kimi aparanda dilinin rəngkarlığı bir növ diqqətə layiqdir. Onun şeirinin obrazlılığı, nitqi tamamilə aşıq poetik rəngkarlığına uyğun gəlir: Salam verdim, salam almaz, görüm kəssin salam səni. Axcasız, pulsuz aşığam, pulum yoxdur alam səni. Güllü bağlarda gəzərsən, cahillər bağrın əzərsən, yuxa kağıza bənzərsən, tutmaz qələm, yazam səni. Xəzinəm yox, ağzın açam, dövlətim yox, tökəm saçam, əlac budu alam, qaçam, Çənlibelə salam səni.  Hansı dağların qarısan? Hansı bağların barısan? Nigar, Koroğlu yarısan, bilsin külli-aləm səni (Bax: “Koroğlu”, səh. 53; “ქოროღლი”, səh. 77). Və yenə: Uca-uca dağlar başı çənli də olur, çənsiz də olur. Cəhd elə bir işdə tapıl, sənli də olur, sənsiz də olur. Ağ üzdə busə tək gərək, ərənlər İsatək gərək, gözəllər Nisatək gərək, telli də olur, telsiz də olur. Koroğlunun atı gərək, dəmir, polad qatı gərək, bir igidin zatı gərək, pullu da olur, pulsuz da olur (Bax: “Koroğlu”, səh. 54; “ქოროღლი”, səh. 78). Koroğlunun şeirinin sonunda Koroğlu sayağı mətinlik və təbil səslənir. Və Nigara belə müraciət edir: Tülək tərlan qorxmaz sardan, könül ayrılmaz Nigardan, səni zor ilə xotkardan, alaram, elə aparram. Saymaram xotkarı, xanı, qoşuna verməm amanı, meydan içində al qanı döndərrəm selə, aparram. Koroğlu gəlsə damağa, zərbə dözməz sultan, ağa, Qıratı qaldırram dağa, çardaqlı belə aparram (Bax: “Koroğlu”, səh. 55; “ქოროღლი”, səh. 79). Koroğlunun bu qoşqularında onun xarakterinin və təbiətinin tədricən yenidən qırılması baş verir və o qərib aşıqdan xotkarları və xanları dağıdan (cəsur) döyüşçüyə çevrilir. Və bu dəyişiklik şeirin leksik materialı və poetik obrazlılığı ilə yaxşıca hiss olunur ki, bu da yaradıcının böyük məharətini və istedadını təstiqləyir.

 

Elə burada vurğulamalıyam ki, süjet məhvərinin bizə təklif etdiyi, bütün epizodlarda aydınca özünü büruzə verən bu qəhrəmanlıq eposunun harmonik mənzərəsinin yaradıcısı Koroğlu ilə Nigar xanım arasındakı yüksək, insani sevgi və mənəvi dostluqdur. Bu epizodlar arasından yalnız onların insani, təbii qarşılıqlı əlaqələrini və qarşılıqlı hörmətini yaxşı əks etdirən birini qeyd edirəm. Nigar xanım görür ki, Koroğlu yenə qızışır. Tez söhbəti zarafata çevirdi, dəlilərə göz basıb dedi: “Koroğlu, biz sənin Koroğlu olmağını bilirik. Əgər bilməsəydik sənin başına yığılmazdıq. Düzdür, igidsən, qoçaqsan, iş üzü bilirsən. Amma belə sir-sifətdən çox qarasan ey!” Dəlilər hamısı gülüşdü. Koroğlunun özü də güldü. Sonra sazı döşünə basıb dedi:

 

Mənə qara deyən gözəl,

Qaşların qara deyilmi?

Tökülübdü dal gərdənə,

Saçların qara deyilmi?

 

Çənlibeldə qurduq binə,

Bənzəyirsən aya, günə,

Ağ üzündə dənə-dənə

Xalların qara deyilmi?

 

Koroğlu mayıldı sizə,

Qulaq verin saza, sözə,

Siyah sürmə ala gözə

Çəkibsən, qara deyilmi? (Bax: “Koroğlu”, səh. 313; “ქოროღლი”, səh. 356).

 

Gətirilən gəraylıda yüksək və mehriban məhəbbət hissi sadə insani qarşılıqlı əlaqələrlə və yumorla doludur ki, bu da xalq yaradıcılığının estetik sisteminin əsasını təşkil edir və “sadənin” gözəlliyinin çətin dərk olunan məftunluğundan başqa bir şey deyildir.

 

Elə ilk sözə qayıdaq: Koroğlu Ərəb Reyhanı döyüşə çağıranda ona belə müraciət edir: Mərdsən gəl meydana, Reyhan, savaşaq indi sənnən mən. Gör gücümü, çək dad, aman, savaşaq indi sənnən mən! Alaq əlimizə nizə, mərdlər əhsən desin bizə, duraq meydanda üz-üzə, savaşaq indi sənnən mən! Demə mənə bu hədyanın, yəqin bil ki, allam canın, qılıncla tökərəm qanın, savaşaq indi sənnən mən! Gərək dost-düşməni seçəm, çətin olar qorxam, qaçam, istərəm ki, meydan açam, savaşaq indi sənnən mən! Koroğluyam, durmuşam mərd, yaman ürəyə düşsün dərd, igidsənsə, ol meydangərd, savaşaq indi sənnən mən! (Bax: “Koroğlu”, səh. 194-195; “ქოროღლი”, səh. 224). Həmzəyə get, amma mənim sifarişimi Hasan paşaya çatdır deyir: “...Qoşunun qıraram, varın talaram, ilxısında bir day qala qoymaram! İçmişəm badəni, indi meyxoşam, Qıratın dərdindən dəli, sərxoşam, sözlərimi eşit, yaxşı bil paşam, dağıdıb ölkəndə qala qoymaram. Qoç Koroğlu ha xışımnan yerisə, duman, çiskin dağlarını bürüsə, nə ki, pərdə altda qızın var isə, gətirərərm, birini qala qoymaram” (Bax: “Koroğlu”, səh. 289-290; “ქოროღლი”, səh. 330).

 

Qısası, Koroğlu öz məhəbbət idealını, savaş obyektini və haqsızlığı ilə sırtıqlaşan paşanı fərqli şəkildə dərk edir. Bu fərqli spektr isə normal insan üçün tamamilə aydındır, yenə də ona işarədir ki, Koroğlu sxematik qəhrəman deyil, yer üzərində gəzən insandır. Koroğlunun insani xüsusiyyətləri ondan da xəbər verir ki, Koroğlunu çaya basan, onun öhdəsindən gələn Giziroğlunu tərif edir, göylərə qaldırır (Bax: “Koroğlu”, səh. 249, “ქოროღლი”, səh. 274-275). Koroğlunun daxili aləminin dərin mənəvi zənginliklərindən həmçinin onun Çənlibelə qarşı xüsusi münasibəti xəbər verir. Birincisi, o, bu dağların alınmazlığını, yağının gələ bilmədiyini yaxşıca anlayır (Bax: “Koroğlu”, səh. 61-62; “ქოროღლი”, səh. 86-87). Lakin böyüyüb boya-başa çatdığı və ayrılığına dözə bilmədiyi dağlar ilə necə bir mənəvi əlaqəni yaratması daha çox diqqətə layiqdir. O, gözləri dolmuş halda belə müraciət edir:

 

“Bir zamanlar səfa sürüb gəzərdim,

Onda səndin mənim qardaşım, dağlar!

Nə zaman ki, yağı düşmən gələndə,

Səndə çox olurdu savaşım, dağlar!

...

Koroğluyam, gəzdiyimi tapardım,

Qayalar başında qala yapardım,

Ağ sürüdən əmlik quzu qapardım,

Yeyib qurtaranda ulaşım, dağlar!” (Bax: “Koroğlu”, səh. 522-523; “ქოროღლი”, səh. 547).

 (davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə Məmmədoğlu